Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-95/2025 11.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7000 manat və ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun pulun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh uzun müddətdir tanıdığını və onun xarici valyuta alınıb satması ilə məşğul olduğunu bildiyini, özünün təsərrüfatla məşğul olduğunu və tez-tez Türkiyə Respublikasına getdiyindən lazım olduqca cavabdehin "köməyindən” yararlandığını, onda pul dəyişdirdiyini, bu səbəbdən də aralarında münasibət yarandığını, 2023-cü ilin iyul ayında isə Şərur şəhərində yerləşən ticarət mərkəzində Fuada manata çevirməsi üçün 3.900 avro pul verdiyini, Fuad isə ona 167 manat pul verərək 1-2 saat sonra gəlməyini söylədiyini, pulu götürmək üçün təkrar getdiyində Fuadın yerində olmadığını, ertəsi gün yenidən pulunu götürməyə getdiyində qalıq pulunu qaytarması üçün ondan bir həftə vaxt istədiyini, bir həftə sonra isə ona 600 manat verərək, pulun tam qaytarması üçün yenidən ona bir həftə vaxt verməyi xahiş etdiyini, bir həftə keçdikdən sonra Fuad törətdiyi əməllərdən yayınaraq Bakı şəhərinə getdiyini, bir müddət keçdikdən sonra cavabdehin oradan qayıtdığını eşidib evinə getdiyini, cavabdeh isə başının əngəldə olduğunu buna görə ona pulun yarısını sentyabr ayının 20nə qədər, yarısını da ondan sonra verəcəyinə söz verdiyini, məcbur qalıb onunla razılaşdığını, lakin Fuadın vəd etdiyi vaxtda ona olan borcunu qaytarmadığını, çünki həmin ərəfədə onun barəsində dələduzluq əməli törətdiyinə görə cinayat işi başlanaraq həbs olunduğunu, hazırda Fuadın ona 7000 manat məbləğində borcu olduğunu, sonradan dəfələrlə bu borcunu istəsə də cavabdehin bu gün-sabah deyərək qaytarmaqdan yayındığını, cavabdehin tək ona deyil bir çox şəxsə borcu olduğunu sonradan öyrəndiyini, nəticədə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi başalndığını, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin 1(109)-18/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, həmin hökmlə ona və digər zərəçəkmiş şəxslərə mülki iddia qaldırmaq hüquqları izah olunduğunu, bu səbəbdən də məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddianı müdafiə etdiyini, cavabdehə 3900 avronu manata çevirməyi üçün verdiyini, ona 167 manat pul verdiyini və 1-2 saatdan sonra geri qalanının hamısını götürməyini bildirdiyini, lakin ora getdiyində cavabdehi tapa bilmədiyini, 1 həftədən sonra isə 600 manat pul verdiyini, sonra isə cavabdehə cinayət işi açıldığından onun pulunu ödəmədiyini, pul verən vaxtı 2023-cü ilin iyul ayında 1 avronun məzənnəsinin 1.85 manat olduğunu (məhkəmə iclasında iddiaçının iştirakı ilə mərkəzi bankın rəsmi internet saytında -https://www.cbar.az/currency/rates?date=xx/xx/2023 linkindən 01 iyul 2023-cü il tarixində 1 avronun həmin tarixdə 1.85 manat ekvivalenti olduğu müəyyən olunmuşdur), Fuadın isə bir az ucuz 1.83-1.84 arası aldığına görə hesablayıb 7167 manat olduğunu ona dediyini, həmin puldan 167 manat bir, 600 manat da bir olmaqla 767 manat verdiyini, qalan 6400 manatı ödəməkdən boyun qaçırdığını bildirmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, cavabdeh cəzaçəkmə müəssisəsində olduğundan sənədlərin cavabdehə təqdim olunması üçün həmin ünvana göndərilmiş, cəzaçəkmə müəssisəsi tərəfindən cavabdehə təqdim olunmuşdur, lakin cavabdeh iddiaya heç bir yazılı münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(109)-18/2024 saylı hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin hökmdə Cavabdeh ifadəsindən görünür ki, o İddiaçı ümumilikdə 7800 avro pul aldığını və yarısını qaytardığını (beləliklə 3900 avro borcu qaldığını) etiraf etmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh 2023-cü ilin iyul ayında mübadilə etməsi üçün 3900 avro məbləğində pul vermişdir. Cavabdeh həmin puldan 167 və 600 manat iddiaçıya versə də, sonradan qalan pulu bəhanələr gətirərək verməkdən yayınmışdır. Cavabdehin iddiaçıya vurduğu zərər Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan hüquq normalarını işin faktiki hallarına tətbiq edən məhkəmə hesab edir ki, iş üzrə məhkəmə hökmü ilə cavabdeh tərəfindən iddiaçıya zərər vurulması öz təsdiqini tapdığından, iddiaçı isə ona vurulmuş 7167 manat zərərdən 767 manat ödənildiyini bildirdiyindən iddia qismən təmin olunmalı, cavabdehdən vurduğu maddi ziyana görə 6400 manat pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddianın təmin ounan hissəsinə nisbətdə 82,30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 6400 manat pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 82,30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6482,30 manat (altı min dörd yüz səksən iki manat otuz qəpik) alınaraq Şərur rayon Xələc kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-95/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-95/2025
11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver