Məhkəmə qərarları › İş №2(110)-952/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-952/2024

14.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-952/2024 14.11.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək gordüyü işə görə Cavabdeh 300 manat zəhməthaqqı, 111 manat əlavə çəkdiyi xərcləri, 30 manat dövlət rüsumu olmaqla, ümumulikdə 441 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Yuxarı Yaycı kənidində doğulduğunu, evlərin təmiri ilə məşğul olduğunu, bununla da ailəsinin dolandırdığını, 2024-cü ilin iyul ayında Cavabdeh özünə məxsus üç otaqlı fərdi yaşayış evinin fasadında suvaq işlərinin, hörgü işləri və söküntü işlərinin aparılmasını istədiyini, cavabdehlə bütün işlərin aparılmasına görə 300 manat ödəməli olacağına razılaşdıqlarını, həmin işləri 15 gün müddətində tamamilə yekunlaşdırdığnı, lakin gördüyü işlərin haqqını və çəkdiyi xərcləri bu günə kimi cavabdehin ödəməkdən boyun qaçırdığını, belə ki, onun evində işləyən zaman 30 manatlıq hacatının qırıldığını, onun kartından cavabdeh tərəfindən 36 manatın çəkildiyini, kartının yenilənməsinə görə 15 manat, əlindən yaralandığını, onun müalicə xərclərinə görə 30 manat, ümumlikdə 111 manat əlavə xərc çəkdiyini, ondan işlədiyi işin və əlavə çəkdiyi xərclərin ödənilməsini istədikdə cavabdehin həmin pulları ödəməyəcəyini bildirdiyini, ona görə də məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclaslarında iştirak İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiq etdiyini, əvvəlcə də cavabdehin evində işlədiyini, ona 100 manat borcunun qaldığını, sonra yenidən evində işləməyi təklif edəndə ilk başda onun təklifini qəbul etmədiyini, sonra onun 100 manatını verdiyindən işləməyə başladığını, onun evində 15 gün işlədiyini, işlədiyinin haqqı 300 manat olduğunu, lakin cavabdehin heç bir ödəniş etmədiyini, bildirərək məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, iddiaçının onun evində 10-15 gün işlədiyini, sadəcə darvaza qapısını söküb yenidən təmir etdiyini, əlavə olaraq heç bir iş görmədiyini, ona heç bir borcunun olmadığını, iddiaçı ilə ona 260 manat verəcəyi barədə razılaşdıqlarını, evində ona 260 manat pulu verdiyini, həmin vaxtı yanlarında heç kimin olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, şahid ifadələrini, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının cavabdehə məxsusu evdə təmir işləri görməyi, cavabdehin isə ona 260 manat muzd ödəməyi barədə razılığa gəlmişlər. Baxmayaraq ki, iddiaçı muzdun 300 manat olmasını bildirir, lakin bununla bağlı sübut təqdim etməmişdir. Cavabdeh isə 260 manat muzda dair razılaşmanın olduğunun təsdiq etmişdir. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək görülməli işi bitirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçıya olan 260 manat qaytardığını bildirsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə 260 manat muzd müqabilində iddiaçının cavabdehə iş görməsi müəyyən olunmuşdur. Tərəflər digər hallarla bağlı sübutlar təqdim etməmişlər. Məhkəmə iddianın qismən təmin olunması ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmçinin Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 260 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Yuxarı Yaycı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 260 manat pul vəsaiti və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 19 manat dövlət rüsumu olmaqla, ümumilikdə 279 (iki yüz yetmiş doqquz) manat alınaraq Şərur rayon Gümüşlü kəndində yaşayan İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar