Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-955/2024 29.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-250/2018 saylı qətnaməsində nəzərdə tutulan Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X2 və xx.xx.2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər uşağa 90 manat olmaqla, ümumilikdə 180 manat sabit pul məbləğində alimentin dəyişdirilərək hər uşağa 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində 2006-cı ildə cavabdehlə evləndiklərini, birgə nikahdan iki övladlarının doğulduğunu, cavabdehlə xasiyyətlərinin uyğun gəlmədiyini, ailəyə baxmadığını, buna görə də Şərur Rayon Məhkəməsinin 2016-cı il qətnaməsi ilə aralarında olan nikahın pozulduğunu, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 onun yanında qalmaları müəyyən olunaraq uşaqların saxlanılması üçün cavabdehin aylıq gəlirinin 33 faizinin tutularaq onun xeyrinə ödənilməsinin qət olunduğunu, 2018-ci ildə Şərur Rayon Məhkəməsinin 2(110)-250/2018 nömrəli 29 mart 2018-ci il tarixli məhkəmə qətnaməsinə əsasən Cavabdeh hər ay 90 manat, ümumilikdə isə 180 manat sabit pul məbləğində uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutularaq ona ödənilməsinin təmin olunduğunu, haliyədə övladlarının böyüdüyünü, orta məktəbdə təhsil aldıqlarını, onların saxlanılması üçün xərclərin artdığını, bu səbəbdən də ödənilən alimentin məbləğinin uşaqların tələbatını ödəmədiyini, uşaqların normal qidalanmasına, onların müalicəsinə, istirahətinə, təhsilini təmin etməyə kifayət etmədiyini, uşaqların atası Cavabdeh uşaqların sağlamlığı, təhsili, digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını, ilkin mediasiya sessiyasında alimentin artırılması barədə razılığa gələ bilmədiklərini bildirmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədəs rəsmi qaydada məlumat verilmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazidə yaşamadığından məhkəmə bildirişi qeydiyyatda olduğu yerin icra nümayəndəliyinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı izahatında uşaqların saxlanması üçün cavabdehin 180 manat aliment ödədiyini, cavabdehin halhazırda aliment borcu olmadığını, cavabdehin Türkiyə Respublikasında özünə məxsus tikiş fabriki olduğunu, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Çərçiboğan kənd İƏDN və Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İİ № 164695 nömrəli və xx.xx.2016-cı il tarixli AZ-İİ № 534209 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2008-ci il tarixdə doğulmuş X2 qızı və xx.xx.2011-ci il tarixdə doğulmuş X1 valideynləridir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)- 250/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X2 və xx.xx.2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 90 manat olmaqla, ümumilikdə 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 2 uşaq doğulmuşdur. Tərəflər arasında nikah pozulmuşdur. Şərur Rayon Məhkəməsinin 2(110)-250/2018 saylı qətnaməsi ilə hər uşağa 90 manat olmaqla, ümumilikdə 180 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. İddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı cavabdehin gəlirləri ilə bağlı sübut təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd olunur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, cavabdehin gəlirləri barədə sübutun olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 180 manat olmaqla, ümumlikdə 360 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən belə nəticəyə gəlir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 34 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-250/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq Şərur rayon Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X2 və xx.xx.2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 180 manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 34 (otuz dörd) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-955/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-955/2024
29.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver