Məhkəmə qərarları › İş №2(110)-959/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-959/2023

27.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-959/2023 27.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərə görə 26073 manat, mənəvi zərərə görə 8000 manat, ümumilikdə 34073 manat pulu və sənədlərini alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mənim Şərur rayon Tumaslı kəndində üç otaq və mətbəxtdən ibarət ümumi sahəsi 165 m2 olan yaşayış mənzilim vardır. Mən həmin evdə 2022-ci ilin payız aylarına kimi ailəmlə birlikdə yaşamışam. Səhhətimlə əlaqədar 2022-ci ilin sonlarında Bakı şəhərinə getməli oldum. Mənim mərhum həyat yoldaşım və üç azyaşlı övladım həmin evdə yaşayırdılar. Mərhum həyat yoldaşım 2023-cü ilin yanvar ayında dünyasını dəyişmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənim səhhətimlə əlaqədar Bakı şəhərində olmağımdan istifadə edərək mənim ailəmlə yaşadığım evin giriş qapısının qıfılını qıraraq evdən və tövlədən mənə məxsus pulumu, sənədləri və əmlakımı məndən xəbərsiz aparmışdır. Bunlar aşağıdakılardan ibarətdir:

1. Evin şiferinin vurulması üçün topladığım sandıqda olan 15000 (on beş min) manat pul

2. 4 baş iribuynuzlu ( 2 inək , 2 dana) - 7000 manat

3. 15 ədəd xalı (Türkiyə istehsalı) bir ədədi 150 manat olmaqla – 2250 manat

4. Stol və 6 ədəd stul dəsti– 200 manat

5. Sandıq- 200 manat

6. 20 ədəd toyuq – 300 manat

7. 60 ədəd dərin boşqab- 120 manat

8. 60 ədəd kiçik stəkan- 30 manat

9. 60 ədəd böyük stəkan- 48 manat

10. 3 dəst servis – 75 manat

11. 10 ədəd bıçaq dəsti-50 manat

12. 10 ədəd yorğan-döşək dəsti-800 manat

13. Sürücülük vəsiqəsi, attestat, kənd təsərrüfatı təyinatlı torpağın sənədi, uşaqların şəxsiyyət vəsiqəsi, nikah barədə şəhadətnamə Cəmi: 26.073 manat Cavabdehlər mənim müalicədə olduğum müddət ərzində bütün bu hərəkətləri ilə bilərəkdən və qəsdən mənə maddi və mənəvi zərər yetirmişdirlər. Maddi zərərin dəyəri 26.073 manatdır. Vurulmuş mənəvi zərərin dəyəri pulla ölçüləsi vəziyyətdə deyil, lakin buna baxmayaraq cavabdehlər mənə vurulmuş mənəvi zərərə görə də ən azı 8000 manat ödəməlidir. Cavabdehlər tərəfindən mənə maddi və mənəvi zərərin vurulması, onların hərəkətləri (qəsdən edilən hərəkətlər) əmlakıma, şəxsi əşyalarıma zərər vurulduğundan, fəal ictimai həyat tərzindən məhrum olunmağımla, şəxsiyyətimin alçaldılması və digər hərəkətləri ilə tam təsdiq olunur. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddiaçının iddia ərizəsində qeyd etdikləri xüsusatlarla ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qəbul etmədiyini, iddianın yalan və əsasız olduğunu, nə onun, nə də ki, oğlu Şahininn iddiaçının tələb etdiyi əmlaklardan xəbərinin olmadığını, haliyədə aralarında mübahisə olduğu üçün onlara şər ataraq əlavə qazanc əldə etmək istədiyini, iddia əriəzəsində qeyd olunan əşyalar olubsada evdə olduğunu, evində iddiaçının nümayəndəsinin nəzarətində olduğunu, evdən heç bir əşya götürmədiklərini, evin qıfılının sındırmadıqlarını bildirərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında məhkəmə tərəfindən çağırılmış şahid X3 ifadəsində Tumaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində işlədiyini, Cavabdeh1 nümayəndəliyə gələrək, mərhum qızının evinə kiminsə ziyan vurmağa çalışdığını, Orucdan şübhələndiyini bildirdiyini, bu zaman Nümayəndə telefon nömrəsini tapıb ona zəng vuraraq onu nümayəndəliyə dəvət etdiyini, Oruc nümayəndəliyə gec gəldiyi üçün Lətifin getdiyini, Orucla birlikdə həmin mübahisəli evin qarşısına getdiklərini, orada heç kimi görmədiyini, qıfılın qırılmasından, evdə hansı əşyaların olub-olmamasından, olubsada həmin əşyaların necə olmasından onun haradan xəbəri olacağını başa düşmədiyini, Orucun onu niyə məhkəməyə çağırdığını başa düşmədiyini, onun dediklərindən məlumatsız olduğunu bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin izahatlarını, şahidin ifadəsini qiymətləndirərək bu qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun səhhətilə əlaqədar Bakı şəhərində olmağından istifadə edərək onun ailəsilə yaşadığı evin giriş qapısının qıfılını qıraraq evdən və tövlədən ona məxsus pulu, sənədləri və əmlakı ondan xəbərsiz apadıqlarını, buna görədə ona 26073 manat maddi, o cümlədən ən azı 8000 manat mənəvi zərər vurduqlarını, cavabdehlər tərəfindən ona maddi və mənəvi zərərin vurulması, onların hərəkətləri (qəsdən edilən hərəkətlər) ilə onun əmlakına, şəxsi əşyalarına zərər vurulması, onun fəal ictimai həyat tərzindən məhrum olmağı, şəxsiyyətinin alçaldılması isə onların digər hərəkətləri ilə tam təsdiq olunduğunu bildirsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və iddiaçı və ya onun nümayəndəsi iddia tələbinin əsası kimi istinad edilən hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, həmçinin məhkəmə araşdırması zamanı cavabdehlərin həmin əmlaları əsassız olaraq əldə etmələri, bunun nəticəsində iddiaçının həmin əmlaklardan məhrum olması hallarını müəyyən etmək mümkün olmamışdır Məhkəmə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara qiymət verərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən halları, yəni cavabdehlərin təqsirli, hüquqa zidd hərəkətləri ilə iddiaçıya ziyаn vurulmаsını, cavabdehlərin hərəkətləri ilə ziyаnvurmа аrаsındа səbəbli əlаqənin оlmаsını sübuta yetirmək iddiaçının vəzifəsi olduğundan və iş materiallarında yuxarıda qeyd olunanları təsdiq edən hər hansı bir sübut müəyyən olunmadığından, iddia tələbi iddiaçının cavabdehlərdən maddi ziyan tələbinə dair hissədə əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda məhkəmə iddia tələbi üzrə mənəvi ziyanla bağlı aşağıdakıları qeyd edir. İddiaçı iddia ərizəsində cavabdehlərdən mənəvi zərərin əvəzi olaraq 8000 (səkkiz min) manat məbləğində pul tələb etsədə mənəvi ziyanın nədən ibarət olması, onun hansı fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxslərin təqsiri müəyyən edilməmiş, eyni zamanda iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi və ya bu əməlin onun şüurunda hansı mənfi psixi reaksiyaya səbəb olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi mənəvi ziyana dair hissədə də əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasında Plenum izah edir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin bəndin 3-cü abzasında Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Eyni zamanda həmin bəndin 2-ci abzasında Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Həmçinin iddia tələbi iddiaçının cavabdehlərdən sənədlərini alınıb ona verilməsinə dair hissədə də əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldənçıxmış fayda) başa düşülür; - 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; -1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırki iş üzrə iddia tələbinin əsası kimi istinad etdiyi halların təsdiq edilməsi üçün başqa digər sübutetmə vasitələrini məhkəməyə təqdim edə bilməmişdir. Nəticə etibarilə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların hər hansı bir formada müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X5 Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunana prosessual normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdehlər isə iddia tələbinə qarşı etirazlarını əsaslandıran halları sübut etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, işə baxılması ilə əlaqədariddiaçı tərəfindən ödənilmiş 193 (bir yüz doxsan üç) manat məbləğində dövlət rüsumu ona aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiası rədd edilsin. İşə baxılması ilə əlaqədar ödənilmiş 193 (bir yüz doxsan üç) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar