Məhkəmə qərarları › İş №2(110)-960/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-960/2024

29.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-960/2024 29.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin 2(110)-409/2022 saylı qətnaməsində nəzərdə tutulan alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında 2013-cü ildə Şərur Rayon Qeydiyyat Şöbəsində nikahlarının qeydə alındığını, birgə nikahdan xx.xx.2014-cü il tarixdə doğulmuş X3 doğulduğunu, ilk vaxtlar cavabdehlə yaxşı yola getsələr də, sonradan ailə münasibətlərinin korlandığını və 2016-cı ildə Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə nikahlarının pozulduğunu, uşağın onun yanında qalması və cavabdehdən uşağın saxlanması üçün 80 manat sabit pul məbləğində alimentin tutulmasının qət edildiyini, Şərur Rayon Məhkəməsinin 2(110)-409/2022 saylı qətnaməsi alimentin miqdarının artırılaraq 140 manat müəyyən edildiyini, sonuncu qətnamənin qəbulundan artıq 2 il keçdiyini, cavabdehin ödədiyi alimentin də bəzən ardıcıl xarakter daşımadığını, uşağın məktəbli olduğunu, onun məktəbdən kənar əlavə məşğələlərə cəlb edildiyini, bunun üçün ona hər ay əlavə 100 manatdan artıq pul sərf etdiyini, onun artan tələbatını ödəyə bilmədiyini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq uşağı ilə bərabər valideynlərinin yanında yaşadığını, özünün heç bir yerdə işləmədiyini, həmçinin valideynlərinin xəstə olduğunu, cavabdehin alimenti iki-üç aydan bir verdiyini, başqa heç bir köməklik etmədiyini, uşağın xəstə olduğunu, imkanı çatmadığına görə müalicə etdirə bilmədiyini, cavabdehlə heç bir əlaqəsi olmadığını bildirib iddianın təmin olunması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə tərəflər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmişdir. Cavabdehə məhkəmə iclası barədə məlumatının olub-olmaması ilə əlaqədar telefonoqram göndərilən zaman cavabdeh Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qəbul etmədiyini, belə ki, yenidən nikaha daxil olduğunu, həmin nikahdan da iki uşağının olduğunu bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək xx.xx.2023-cü il tarixdə ikinci dəfə ailə həyatı qurduğunu, ikinci evliliyindən xx.xx.2022-ci il tarixdə Maxsudlu Məzahir və xx.xx.2023-cü il tarixdə Maxsudlu Nailə adlı 2 uşağının dünyaya gəldiyini bildirib iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Aşağı Aralıq kənd İƏDN tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-lll № 749400 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixdə doğulmuş X3 valideynləridir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017ci il tarixli AZ-İ № 176245 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı xx.xx.2016-cı il tarixdə pozulmuşdur. İş materiallarında olan Şərur Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat miqdarında aliment tutularaq anası İddiaçı ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-ll № 532083 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X2 ilə nikaha daxil olmuşdur. İş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-lV № 738870 seriyalı və xx.xx.2023-cü il tarixli AZ-lV № 898601 seriyalı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahından xx.xx.2022-ci il tarixdə X6 və xx.xx.2023-cü il tarixdə X7 adlı uşaqları doğulub. Elektron Məhkəmə İnformasiya Sistemi üzrə çıxarışdan görünür ki, Cavabdeh adına **********08 reyestr nömrəli torpaq sahəsi var, sex rəisi işləyir və 440 manat əmək haqqı alır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 1 uşaq doğulmuşdur. Tərəflərin nikahı xx.xx.2016-cı il tarixdə pozulmuşdur. Şərur Rayon Məhkəməsinin 2(110)-409/2022 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılaraq uşağın saxlanması üçün hər ay cavabdehin 140 manat aliment ödənilməsi qət edilmişdir. İddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh ikinci dəfə nikaha daxil olmuşdur və onun bu nikahdan 2 uşağı doğulmuşdur. Cavabdeh adına **********08 reyestr nömrəli torpaq sahəsi olduğu, sex rəisi işlədiyi və 440 manat əmək haqqı aldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşağın anasının yanında yaşamasını, gündəlik qayğıların ananın üzərinə düşməsini, cavabdehin gəlirlərini, eyni zamandan cavabdehin ikinci nikahından 2 uşağının olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı dəyişdirilərək hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən belə nəticəyə gəlir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə Mülki-Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 19,83 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-409/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh Şərur rayon Aşağı Aralıq kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat miqdarında aliment tutularaq anası Şərur rayon Yuxarı Aralıq kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 19,83 manat (on doqquz manat səksən üç qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar