Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-979/2025 25.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, Şükürov Rauf Ramin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur rayon Qeydiyyat Şöbəsinə qarşı "doğum və ölüm faktının müəyyən edilməsi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X1 xx.xx.1997-ci il tarixdə doğum və xx.xx.1997-ci ildə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində X1 cəmi üç gün yaşadığını və xəstəlikdən xx.xx.1997-ci ildə vəfat etdiyini, Alışar kənd qəbirstalığında dəfn olunduğunu, Şərur rayon Qeydiyyat şöbəsində doğumun və ölümün qeydiyyatının aparılmadığını, birgə mülkiyyətində olan torpaq sahəsinin satmaq istədiyini, doğum və ölüm barədə məlumat verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etdiyini, verilən arayışdan doğum və ölüm barədə heç bir məlumat qeydə alınmadığını, X1 xx.xx.1997-ci il tarixdə doğum və xx.xx.1997-ci ildə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili Vəkil izahatında ərizədə qeyd olunanlara eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasnı məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesi zamanı Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq rəsmi qaydada məlumatlandırılan iş üzrə maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında göstərilmişdir ki, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən belə işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur. Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Belə ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddələri əsasında xüsusi icraat qaydasında baxılır. Hüquqi əhəmiyyəti olan faktlar o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi faktın əks olunduğu sənədin şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə bilər. Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); - həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); - hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə). Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərdən biridə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir.; 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; müəyyən edilməsi haqqında işlərə baxır. 308.-ci maddəyə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 1.6.-cı bəndinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. İş üzrə xüsusi icraat qaydasında məhkəməyə verilən ərizədə iş üzrə zəruri sübutlar lazımi qaydada toplanmamış, ərizəyə formal xarakterli sübutlar, yəni üzərində indentifikasiya etməyə imkan verən hər hansı əlamətləri olmayan, kimə məxsus olması və harada yerləşməsi bilinməyən qəbir daşı fotosu əlavə edilmiş, məhkəmə iclasında dindirilmiş şahidlər formal məzmunlu əvvəlcədən əzbərlənmiş mətnlər üzrə izahatlar vermiş, şahidlərdən birinin həmin dövrdə hərbi xidmətdə olma dövrünə təsadüf etməsi ehtimalı mövcuddur, bundan başqa həmin dövrdə ölümün hansı səbəbdən, hansı vaxtda, baş vermə şəraiti barədə hər hansı məlumat və sübutlar iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Şərur rayon Aqrar İslahat komissiyasının 13 aprel 1997-ci il tarixli 03 nömrəli qərarında X1 adı sözügedən qərarda əksini tapmışdır.Ərizədə isə onun 17 aprel 1997-ci il tarixində anadan olması və 20 aprel tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə hesab edir ki, hazırkı halda sübutlar yetərincə toplanmamış və qətnamə qəbul edilməsi xahiş edilən tələb yuxarıda qeyd edilən hallara görə mübahisə doğurur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə işi baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 263.1. İş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 263.2. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.10, 260, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Ərizəçi maraqlı şəxs Şərur rayon Qeydiyyat Şöbəsinə qarşı "doğum və ölüm faktının müəyyən edilməsi barədə” ərizəsi baxılmamış saxlanılsın. Ərizə verilərkən Ərizəçi tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçi izah olunur ki, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elekron Məhkəmə Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №2(110)-979/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-979/2025
25.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver