Məhkəmə qərarları › İş №2(110)-994/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-994/2023

28.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-994/2023 28.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)-312/2019 saylı qətnaməsində nəzərdə tutulan alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X1, xx.xx.2012-ci il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində 2017-ci ildə cavabdeh ilə rəsmi nikaha daxil olduqlarını, birgə nikahdan üç uşaqlarının-xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 doğulduğunu, cavabdehlə yola gedə bilmədiklərindən Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikahın 2019-cu ildə pozulduğunu, uşaqların onunla yaşadığını, Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)-312/2019 saylı qətnaməsi ilə hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinin müəyyən edildiyini, uşaqların böyüdüyünü, orta məktəbdə təhsil aldıqlarını, onların saxlanması üçün xərclərin artdığını, cavabdehin ödədiyi alimentin uşaqların tələbatını ödəməyə yetmədiyini, ilkin mediasiya sessiyasında alimentin artırılması ilə bağlı razılığa gələ bilmədiklərini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqlədiyini, ailəsini cavabdehin anasının dağıtdığını, qardaşı qızı ilə oğlunu evləndirmək üçün onu boşatdırdığını, indi isə cavabdehin uşaqları ilə maraqlanmadığını və onlarla görüşmədiyini, cavabdehin özünəməxsus traktoru olduğunu, onunla yaxşı qazanc əldə etdiyini, uşaqların üçünün də məktəbli olduğunu, onların təhsilinə və geyiminə pul ehtiyac olduğunu, yeni işə girdiyini, kredit götürüb özünə torpaq sahəsi alıb üzərində 1 otaqlı ev tikdirdiyini, evin şəraitinin yaxşı olmadığını, evin şəkillərini çəkib aidiyyəti yerlərə göndərdikdən sonra işlə təmin etdiklərini, özünün 325 manat əmək haqqı aldığını, 200 manat kredit ödədiyini, cavabdeh təyin olunan alimenti ödədiyini, 300 manat onların saxlanmasına yetərli olmadığını bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, hal-hazırda evli olduğunu, əvvəlki alimenti anasının pensiyası ilə ödədiyini, o qədər alimenti ödəməyə imkanının olmadığını, ailəsinin ehtiyaclarını ancaq qarşıladığını bildirərək iddianın rədd olunması xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli AZ-İV № 631067, AZ- İV № 631068 və AZ- İV № 631069 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2010-cu il tarixdə doğulmuş X1, xx.xx.2012-ci il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)- 312/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixdən hesablanmaqla Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X1, xx.xx.2012-ci il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 100 (bir yüz) manat olmaqla, üç uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 3 uşaqları doğulmuşdur. Tərəflər arasında nikah pozulmuşdur. Şərur Rayon Məhkəməsinin 2(110)-312/2019 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün hər ay cavabdehdən hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. İddiaçı uşaqları saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin əlavə qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh isə iddianı qəbul etmədiyini, 300 manatdan artıq aliment ödəməyə imkanının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd olunur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib cavabdehin qazancını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı artırılaraq hər uşağa 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən belə nəticəyə gəlir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 28 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)-312/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq Şərur rayon Xələc kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X1, xx.xx.2012-ci il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Xələc kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 28 (iyirmi səkkiz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar