Məhkəmə qərarları › İş №2(111)-103/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-103/2021

04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-103/2021 04.06.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment məbləğinin artırılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək artırılıb 21 fevral 2007-ci il tarixdə doğulmuş X3 və 27 aprel 2008-ci il tarixdə doğulmuş X1 üçün hər ay bir uşaq üçün hər ay cavabdehdən 175 manat olmaqla, cəmi 350 manat aliment ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə olan nikahları Kəngərli Rayon Məhkəməsinin 25 yanvar 2011-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmçinin Kəngərli Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh bir uşaq üçün 75 manat olmaqla cəmi 150 manat aliment alınıb ona ödənilməsi qət olunmuşdur. 2016-cı ilə nisbətən 2021-ci ildə yaşayış minimumu artmış, həyat şərtləri dəyişmiş, uşaqlar da böyüyərək tələbatları artmışdır. Cavabdeh isə 75 manatdan başqa uşaqların başqa tələbatları ilə maraqlanmır, onların qayğısına qalmamaqla səhhəti, təhsili və digər problemləri ilə də bir dəfə də olsun maraqlanmayıb. Həmçinin hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün ödənilən aliment məbləği yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından məqsədəmüvafiq deyil. Ona görə də cavabdehdən tutulması müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək artırılmasını istəyir. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək cavabdehdən tutulan aliment məbləğinin dəyişdirilərək artırılmasını tələb etdiyini, özünün haliyədə işləmədiyini, cavabdehin alimentdən başqa uşaqların heç bir tələbatı ilə maraqlanmadığını, özünün isə uşaqların təlabatını ödəyə bilmədiyini, Ələddinin başqa nikahdan da 3 övladının olduğunu, onları da nəzərə alaraq cavabdehdən hər bir uşaq üçün heç olmasa 90 manatdan az olmayan məbləğdə aliment tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh izahatında İddiaçı ilə aralarında olan nikahdan doğulmuş uşaqlarının saxlanmasında borclu olduğunu bildiyini, lakin qolu sağlam olmadığından heç bir yerdə işləmədiyini, hər bir uşaq üçün ayda 75 manat alimenti borc-xərc ilə ödədiyini, ümumilikdə 150 manat alimenti çox çətinliklə ödədiyini, əgər aliment məbləği artırılarsa ödəməkdə çətinlik çəkəcəyini, ödəyə bilməyəcəyini bildirdi. İş materiallarına əlavə olunmuş AZ-İ 797701 nömrəli və AZ-İİ 168719 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən iş üzrə tərəflərin 21 fevral 2007-ci il tarixdə doğulmuş X7 və 27 aprel 2008-ci il tarixdə doğulmuş X8 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ 152068 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 28 fevral 2011-ci il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 2(111)-223/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh hər ay bir uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat aliment tutularaq 21 fevral 2007-ci il tarixdə doğulmuş X3 və 27 aprel 2008-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli rayonu İcra Hakimiyyəti Qıvraq Qarabağlar kənd İƏDÜN-nin 17.05.2021-ci il tarixli 881/21 nömrəli arayışından görünür ki, Cavabdeh X9, X5, X6 və X10 tərkibdə ailə üzvləri vardır. İş materiallarına əlavə olunmuş Kəngərli rayonu İcra Hakimiyyəti Qıvraq Qarabağlar kənd İƏDÜN-nin 17.05.2021-ci il tarixli 882/21 nömrəli arayışından görünür ki, Cavabdeh həqiqətən Qarabağlar kəndində yaşayır, qeydiyyatdadır və heç bir yerdə işləmir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Kəngərli Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 2(111)- 223/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək artırılmalı, hazırki mülki iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat aliment tutularaq 21 fevral 2007-ci il tarixdə doğulmuş X3 və 27 aprel 2008-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd olunmalıdır. Çünki iddiaçı aliment məbləğinin artırılmasını xahiş edir. Məhkəmə onu da nəzərə alır ki, aliment müəyyən olunmuş 2016-cı ilə nisbətən 2021-ci ildə yaşayış minimumu artmışdır. İddianı qismən təmin edərkən məhkəmə onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdir. Yəni, həm ata, həm ana uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2016-cı il üçün yaşayış minimumu uşaqlar üçün 117 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qəraının 1-ci və 2-ci bəndlərinə əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericilik, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının artırılması və azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha çox alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, tərəflər ailə və ya maddi vəziyyətinin əhəmiyyətli pisləşdiyini və tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə yuxarıda göstərilən müddəaların tələbini və yetkinlik yaşına çatmayan uşaqların iş üzrə iddiaçının yanında qalmaqla bütün qayğılarının onun tərəfindən çəkilməsini, aliment müəyyən olunmuş 2016-cı ilə nisbətən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən olunmasını, valideynlərin hər ikisinin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq cavabdehdən hər uşaq üçün hər ay sabit məbləğdə 90 manat aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumundan iddianın ((90-75)x12x2=360) təmin edilmiş hissəsinə münasib olan 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qət etdi: İddia qismən təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 2(111)-223/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay bir uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq 21 fevral 2007-ci il tarixdə doğulmuş X3 və 27 aprel 2008-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi vaxtdan 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar