Məhkəmə qərarları › İş №2(111)-104/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-104/2024

10.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-104/2024 10.06.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh vurulmuş maddi və mənəvi ziyanın dəyəri olan 13900 (on üç min doqquz yüz) manat pulun, mülkiyyətində olan torpaq sahəsindən istifadəyə törədilən maneələr aradan qaldırılmaqla, mövcud olmuş yolun bərpa edilməsi, hüquqi yardım üçün 290 manat, dövlət rüsumu üçün 132 manat olmaqla ümumilikdə ödədiyim 422 (dörd yüz iyirmi iki) manat pulun Cavabdeh alınaraq onun xeyrimə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı C. Qəhrəmanov iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddətdir ki, həmkəndli kimi tanıyır. Aralarında vaxtı ilə yaxın münasibətləri də olmuşdur. Eyni zamanda Qafurla uzaqdan-uzağa qohumçuluq münasibətləri də vardır. Bundan başqa Qafurla qonşuluq münasibətləri də olmuşdur. Belə ki, kənddə vaxtı ilə "Xirmanlıq" deyilən ərazi sonradan Bələdiyyə mülkiyyətinə verilmiş və həmin ərazinin 1007A nömrəli 0.06 ha sahəsi kəndin yerquruluşu planına əsasən 2009-cu ildə tərəfindən satın alınmışdır. Həmin sahənin qonşuluğunda olan 1005A nömrəli 0.06 ha sahəsi isə bildiyinə görə Qafurun Türkiyə Respublikası vətəndaşı ilə ailəli olan mərhum xalası tərəfindən alınmışdır və həmin sahənin istifadəsi isə cavabdehə həvalə edilmişdir. 1005A və 1007 A nömrəli torpaq sahələri arasındakı ümumi sahəsi 0.06 ha olan 1006 A nömrəli torpaq sahəsi isə istifadəsiz olmuş və həmin sahə onlara məxsus sahələrə gediş-gəliş yolunun üzərində olduğundan kimsə qeyd edilən torpaq sahəsinə sahiblənmək niyyətində olmamışdır. Bu səbəbdən də demək olar ki, bələdiyyə mülkiyyətində olan həmin ərazini də o, istifadə etmişdir. 2011-ci ildə isə Cavabdeh bələdiyyə mülkiyyətində olan həmin ərazini birlikdə özəlləşdirməyi və sonra həmin sahəni bölməyi təklif etmiş, cavabdeh onun təklifini qəbul etmiş və həmin sahənin şərikli olaraq alınması ilə bağlı razılaşmışlar. Torpaq sahəsinin alınması və rəsmiləşdirilməsi prosesində Qafurun qeyd etdiyi xalasının Türkiyə Respublikası vətəndaşı olan əri Məhərrəm də iştirak etmişdir. Torpaq sahəsini zənnicə elə onlar da alırdılar, amma Qafurun adına. Rəsmiləşmə zamanı alınan torpaq sahəsini o, ilk öncə oğlunun adına qeydiyyata alınmasını istəsə də, Məhərrəm buna etiraz etmiş və torpağın Qafurun adına qeydə alınmasını, sonradan isə formal olaraq Qafur tərəfindən ona hədiyyə ediləcəyini bildirmişdir. O da onların bu təklifinə etirazını bildirməmişdir. Çünki, həmkəndlisi və bir tərəfdən qohumu olan Qafurun ona qarşı saxtakarlıq edəcəyini düşünməmişdir. Torpaq sahəsinin alqısı və rəsmiləşdirilməsi ilə bağlı hər biri 750 manat məbləğində xərc çəkməli olmuşlar. Rəsmiləşdirmə işləri demək olar ki Qafur tərəfindən aparıldığından qeyd etdiyi məbləği cavabdehə verib öz işlərini görməkdə olmuşdur. Qafur da bununla bağlı bütün işləri yerinə yetirdiyini və tezliklə sənədləri ona təqdim edəcəyini bildirdiyindən artıq torpaq sahəsini özününkü bilib ondan istifadə etmişdir. Bu minvalla 2011-ci ildən 2021-ci ilədək Çalxanqala kəndinin yerquruluşu planına əsasən 1006A nömrəli torpaq sahəsinin yarı hissəsi yəni, üç sotunu sim məftillə ayırıb öz torpaq sahəsinə qatmış və ondan istifadə etmişdir. Bundan başqa həmin sahədə tərəfindən bir neçə növ meyvə ağacları əkilmiş, kiçik meyvə bağı da salınmışdır. Qeyd edilən torpaq sahəsinin özünün tərəfindən istifadə edilərək əkilib becərdilməsi məhkəməyə dəvət edəcəyi şahidlər tərəfindən də təsdiq edilə bilər. 2021-ci ildə isə növbəti dəfə torpağı gücləndirmək məqsədilə gübrə (mal peyini) gətirdiyi zaman cavabdeh buna etiraz etmiş, torpaq sahəsinin ona məxsus olduğunu bildirərək polis orqanlarına müraciət etmişdir. Bu səbəbdən aralarında mübahisə baş vermiş və narazılıq yaranmışdır. Hansı ki, torpaq sahəsi alındıqdan sonra həmin torpaq sahəsinin özünə məxsus olduğu yaşadıqları kənddə hər kəsə məlumdur. Həmin tarixdən bu günədək aralarındakı mübahisə davam etməkdədir. Bununla bağlı müxtəlif dövlət orqanlarına müraciət etmiş və nəticədə məsul şəxslərin iştirakı ilə xx.xx.2022-ci il tarixdə akt tərtib edilməklə cavabdeh şərikli olaraq aldıqları torpaq sahəsinin yarısının ona məxsus olduğunu etiraf etmişdir. Lakin bütün olanlara baxmayaraq cavabeh vədinə əməl etməmiş və qeyd edilən torpaq sahəsindən istifadə etməsinə maneə olmağa başlamışdır. Cavabdehin qanunazidd davranışı ilə bağlı hüquq mühafizə orqanlarına etdiyi müraciətin nəticəsi olmamış və ona aidiyyəti üzrə məhkəməyə müraciət etməli olmağı bildirilmişdir. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət edir. Hesab edir ki, məhkəmə ərizədə göstərilən xüsusatlara diqqətlə yanaşaraq, cavabdeh tərəfindən ona vurulmuş ziyanın ödənilməsi təmin ediləcəkdir. Belə ki, cavabdeh münasibətlərinə vicdansızca yanaşaraq onu aldatmış, maddi və mənəvi ziyan vurmuşdur. Nəzərə çatdırır ki, mübahisəli torpaq sahəsinin olduğu ərazidə torpağın 1 sotunun hazırki bazar qiyməti 600 manat olarsa, üç sot üçün 1800, torpaqdan əldə edəcəyi illik gəlir 700 manat olmaqla on üç il müddətinə əldən çıxmış fayda olan 9100, 3000 manat ona vurulmuş mənəvi ziyan olmaqla ümumilikdə 13900 (on üç min doqquz yüz) manat məbləğində pulun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi, eyni zamanda cavabdeh tərəfindən mülkiyyətində olan torpaqdan istifadəyə qoyulan maneələr aradan qaldırılmaqla ona məxsus 1007 A nömrəli torpaq sahəsinə gedən və vaxtı ilə mövcud olmuş, eyni zamanda cavabdeh tərəfindən əsassız olaraq ləğv edilmiş yolun bərpa edilməsi ilə bağlı ədalətli qərar qəbul ediləcəkdir. Mülki işin məhkəmə icraatı zamanı hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşməşdirilməsi barədə ərizə təqdim edərək vəkili və nümayəndəsi olduğu İddiaçı tərəfindən Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldırıldığını, hazırda iddia tələbinin dəqiqləşməşdirilməsi zərurəti yaradığını, bu səbəbdən də iddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı hissədə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul olunaraq və işə sonuncu dəqiqləşdirilmiş iddia tələbi üzrə baxılmışdır. Mülki işin məhkəmə baxışınadək cavabdeh və onun vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək İddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın dəyəri olan 13 900 manat pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi, mülkiyyətində olan torpaq sahəsindən istifadəyə törədilən maneələr aradan qaldırılmaqla mövcud olan yolun bərpa edilməsi və hüquqi yardım üçün 290 manat, dövlət rüsumu üçün 132 manat ümumilikdə ödədiyi 442 manat pulun ondan alınıb iddiaçının xeyrinə ödənilməsi ilə bağlı qətnaməsini xahiş etmişdir. Qeyd edir ki, o, iddianı bütünlüklə qəbul etmir, iddia ərizəsində qeyd olunan məlumatların hamısı yalandır. Qeyd etmək istəyir ki, iddiaçı tərəfindən iddia olunan 1006A/0.06 kv.m torpaq sahəsi 02 avqust 2011-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Kəngərli rayon Çalxanqala kəndi, Çalxanqala Bələdiyyəsindən alınmaqla tam mülkiyyət hüququ üzrə özünə məxsusdur. Qeyd olunan torpaq sahəsini alanda iddiaçı ilə aralarında razılaşma olmuşdur. Həmin torpaq sahəsini 550 manat olmaqla hər ikisi pul qoymaqla əldə etmiş, sonradan İddiaçı həmin torpaqdan imtina etmiş, verdiyi pulun alınması ilə Kəngərli Rayon Məhkəməsində iddia qaldırmışdır. Onunla Cavanşir arasında məhkəmə prosesində razılıq yaranmış, məhkəmə zalında 550 manat pulu İddiaçı təqdim etmiş və İddiaçı 550 manat pulu qəbul etmiş və sonra məhkəmə gedişi dayandırılmışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, ona məxsus torpaq sahəsinin bir qismini hal hazırda İddiaçı istifadə edir. İddia ərizəsinə nəzər salsaq maddi və mənəvi zərər İddiaçı yox, əslində ona ödənilməlidir. Çünki İddiaçı onun mülkiyyətində olan torpaq sahəsindən istifadə edərək qazanc əldə edir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsində qeyd olunan hər hansı maddi və mənəvi zərərdən söhbət gedə bilməz. Əlavə olaraq iddiaçı iddia ərizəsinin xahiş etdim hissəsində cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsindən istifadəyə törədilən maneələr aradan qaldırılmaqla, mövcud olmuş yolun bərpa edilməsini xahiş etmişdir. Qeyd etmək istəyir ki, mülkiyyətində olan torpaq sahəsi ilə bağlı mövcud olan sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Mülkiyyətdə olan torpaq, bağ evləri və sair daşınmaz əmlaklar dövlət qeydiyyatından keçdikdən sonra mülkiyyət hüququ yaranmaqla mülkiyyətçi olur. İddia ərizəsində tələb olunan maddi və mənəvi zərər tam əsassızdır. Qeyd olunanları nəzərə almağı məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. 10 iyun 2024-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbdən olub-olmaması barədə məhkəməyə heç bir məlumat verməmiş, nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılması barədə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin və onun vəkili Vəkil2 fikirlərini nəzərə alıb işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş üzrə 14 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, əvvəllər Qafurla razılaşıb həmin torpağı aldıqlarını, sonra Qafurun sözünün üstündə durmadığını, aralarında mübahisə olduğunu, torpaqdan neçə ildir ki, istifadə etdiyini, indi ya onun torpağını, ya da pulunu qaytarıb verməsini istədiyini, qeyd etdiyi həmin razılaşmaya dair sübutunun olmadığını, o vaxt Qafur torpağın sənədini ona verdiyini, amma öz adına keçirmədiyini, torpaq sənədinin Qafura qaytarıldığını, 6 sotun hamısını istəmədiyini, 3 sotun verilməsini istədiyini, hazırda Qafurun adına rəsmiləşən torpaq sahəsinin zəbt etmədiyini, istifadəsində olan torpaq sahəsinin yol və birlikdə aldıqları torpaq olduğunu, torpaq sahəsinə şərik olmalarına bağlı heç bir sübutun olmadığını, əvvələr torpağın sənədləşdirilməsi üçün Qafura 700 manat pul verdiyini, 2022-ci ildə həmin pulun alınması ilə əlaqədar məhkəməyə müraciət etdiyini, Qafur tərəfindən ona 550 manat pul verildiyini, 6 sot torpağın hamısının Qafurda qaldığını, bununla bağlı dövlət orqanlarına müraciət etdiyini və komissiya yaradıldığını, komissiya tərəfindən ölçü və dəqiqləşmə aparıldığnı, cavabdeh tərəfindən 2011-ci ildən indiyədək ona ziyan vurulduğunu, əziyyətlər verdiyini göstərərək iddianın təmin olunması xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahatında iddia ərizəsinin kifayət qədər aydın olduğunu, tərəflər arasında razılaşma olduğunu, onlar torpağı birgə alıb aralarında böldüklərini, həmin vaxt cavabdehin xalasının ərinin də razılığı ilə Qafurun adına keçirildiyini, rəsmiləşdirdikdən sonra cavabdehin sözünə əməl etməyərək verdiyi vədə vicdansız yanaşaraq iddiaçını aldadıb torpağı mənimsədiyini, iddiaçının 2011-ci ildən torpaqdan istifadə etmədiyini nəzərə alaraq torpağın bazar qiyməti ilə hesablanmaqla 2011-ci ildən hazırkı müddətədək dəymiş ziyanın və əldən çıxmış faydanın iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini, həmin torpaq sahəsi mülkiyyətində olduğunu, həm mülkiyyətində olan torpaq sahəsindən hazırda iddiaçının istifadə etdiyini və həm də maddi-mənəvi ziyan ödənilməsini istədiyini, tərəfindən Cavanşirə ziyan vurulmadığını, əvvəllər həmin torpaq sahəsinin bələdiyyəyə məxsus olduğunu, yarısını özünün, yarısını isə iddiaçının istifadə etdiyini, 2011-ci ildə rəsmiləşdirdikdən sonra özünün mülkiyyətinə keçdiyini, torpağın 3 sotunun indiyə qədər və hazırda da iddiaçı tərəfindən istifadə edildiyini, əvvəllər aralarında razılıq olduğunu, iddiaçının ona 500 manat verdiyini, sonradan həmin pulun qaytarılması ilə əlaqədar 2022ci ildə məhkəməyə müraciət etdikdən sonra iddiaçıya 550 manat ödədiyini, lakin həmin vaxtdan sonra da bugünədək həmin torpaq sahəsinin bir hissəsinin iddiaçının istifadəsində olduğunu bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 izahatında cavabdehin vəkili olaraq iddiaçının tələbini qəbul etmədiyini, mübahisə edilən torpaq sahəsi iddiaçının mülkiyyətində olmadığından heç bir maddi və mənəvi ziyanın vurulmadığını, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyini bildirərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə iddiaçı nümayəndəsi və vəkili Vəkil1 vəsatəti əsasında 14 may 2024cü il tarixdə keçirilmiş məhkəmə iclasına mütəxəssis qismində cəlb olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Xidmətinin Kəngərli Rayon Şöbəsinin müdiri vəzifəsində işləyən X4 iddia tələbi ilə bağlı məhkəməyə verdiyi şifahi izahatında iddiaçının şikayəti əsasında mübahisənin həlli üçün dəfələrlə qeyd edilən torpaq sahəsində olduqlarını, orada 3 torpaq sahəsinin yan-yana olduğunu və yolun olmadığını, Cavanşirin Qafura məxsus torpaq sahəsinin müəyyən hissəsindən istifadə etməsinin müəyyən olunduğunu və eləcə də Cavanşirə məxsus çardağın Qafurun torpaq sahəsinə düşdüyünü, ölçülər aparıldığını və hər ikisi arasında bölündüyünü, onlara yerlərini göstərdiklərini və akta imza etdiklərini, sonradan Cavanşirin bununla razılaşmadığını, narazı qaldıqlarına görə Naxçıvan Daşınmaz Əmlak və Torpaq Xidmətindən də mütəxəssis dəvət etdiklərini, onlar tərəfindən də torpaq sahələrinin yenidən ölçüldüyünü, istinad nöqtələri qoyulduğunu, qeyd edilən 1006A/0.06 kv.m torpaq sahəsinin Qafurun adına olduğunu və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “torpaq sahəsinin planı və ölçüsü” barədə sənədlərin dövlət qeydiyyatına alınması üçün ilkin sənədlər olduğunu qeyd etmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən A004633 inventar nömrəli sənəddən görünür ki, Kəngəli Rayon Çalxanqala kənd Bələdiyyəsi tərəfindən İddiaçı 10 oktyabr 2009-cu il tarixdə 12 nömrəli qərarla Çalxanqala kəndində xüsusi mülkiyyətə ayrılan fərdi yaşayış üçün 602 kvadrat metr torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” (1007A/0.06) tərtib edilmiş və X5 kitabında 30 dekabr 2009-cu il tarixdə 1305 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən A005941 inventar nömrəli sənəddən görünür ki, Kəngəli Rayon Çalxanqala kənd Bələdiyyəsi tərəfindən Cavabdeh 05 aprel 2011-cu il tarixdə 04 nömrəli qərarla Çalxanqala kəndində xüsusi mülkiyyətə ayrılan fərdi yaşayış üçün 602 kvadrat metr torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” (1006A/0.06) tərtib edilmiş və X5 kitabında 02 avqust 2011-ci il tarixdə 1312 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan 13 may 2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Çalxanqala kəndində Kəngərli rayon daşınmaz Əmlakın müdiri A.Axundovun, Çalxanqala kənd İƏDÜN-nin müavini Ş.Vəliyevin, Çalxanqala kənd Bələdiyyəsinin sədri A.Ağammədovun, Kəngərli rayon İcra Hakimiyyətinin Tikinti Şöbəsinin aparıcı məsləhətçisi Z.Əliyevin, Çalxanqala kənd sakinləri İddiaçı və Cavabdeh iştirakları akt tərtib edilmişdir ki, Çalxanqala kənd sakinləri C. Qəhrəmanov və Cavabdeh aralarında olan köhnə çaxır zavodunun qarşısındakı torpaq mübahisəsinə yerində baxış keçirilmiş, baxış zamanı onlara məxsus torpaq sahələri yenidən ölçülmüş, mərz nişanları qoyulmuş, vətəndaşlar göstərilən mərz nişanları ilə razılaşaraq aralarında olan mübahisəni qurtardıqlarını komissiya üzvlərinə bildirmiş, orada olan artıq torpaq sahələrinin bələdiyyədən onların öz adlarına sənədləşməsini onlardan xahiş edərək bildirmişlər ki, aralarında olan mübahisə bitmiş, gələcəkdə bu barədə heç bir ərizə şikayətləri olmayacaqdır. İddiaçı əvvəlcədən yaranmış mübahisə ilə bağlı Kəngərli Rayon Məhkəməsində qaldırdığı iddianı (Cavabdeh qarşı) geri götürəcəyinə söz vermiş, və yaxın qonşuluq münasibətlərini davam etdirəcəklərini bildirmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 12311 və 9149 nömrəli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən Naxçıvan MR Vəkillər Kollegiyasına 20 manat və Şərur Rayon Vəkil Bürosuna 270 manat olmaqla cəmi 290 manat hüquqi yardım göstərilməsi üçün müqavilə haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 132 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə başqa sübutlar təqdim edilməmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin mülki iş üzrə xx.xx.2024-cü il tarixdə Kəngərli rayon Çalxanqala kəndinin yerquruluşu planına əsasən həmin kənd sakini Cavabdeh məxsus 1006A/0.06 nömrəli torpaq sahəsinin bir hissəsinin İddiaçı istifadəsində olub-olmaması, əgər istifadəsindədirsə hansı ölçüdə istifadə etməsi barədə məlumat verilməsinə dair Çalxanqala kənd Bələdiyyəsinə sorğu verilmiş, Çalxanqala kənd Bələdiyyəsi xx.xx.2024-cü il tarixli 08 nömrəli sorğu məktubuna cavabda Çalxanqala kəndində Cavabdeh məxsus 1006A/0.06 saylı torpaq sahəsindən hal-hazırda İddiaçı istifadə etdiyini bildirilmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(111)-113/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı 700 manat “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə toplanmış sübutlara, o cümlədən tərəflərin izahatlarına, mülki iş üzrə tədqiq olunmuş digər sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Belə ki, mülki işin məhkəmədə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər 2011-ci ildə öz aralarında şifahi razılaşaraq Kəngərli rayon Çalxanqala kəndində kənd bələdiyyəsinə məxsus torpaq sahəsini pul qoyaraq şərikli almaq qərarına gəlmiş, həmin torpaq sahəsi 2011-ci ildə Cavabdeh adına sənədləşdirdirilməsinə baxmayaraq torpaqdan həm iddiaçı, həm də cavabdeh istifadə etmiş, hal-hazırda da İddiaçı Çalxanqala kənd Bələdiyyəsi tərəfindən Cavabdeh ayrılmış torpaq sahəsindən istifadə edir. 2022-ci ildə tərəflər arasında mübahisə yarandığından iddiaçı cavabdehdən həmin torpaq sahəsi üçün verdiyi 700 manat pulun tələb edilməsi ilə bağlı Kəngərli Rayon Məhkəməsinə müraciət etmiş, mülki iş məhkəmənin icraatında olarkən tərəflər 550 manata razılaşmış və cavabdeh iddiaçıya həmin pul məbləğini verdikdən sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək işə baxılmasını istəmədiyini bildirərək ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Kəngərli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(111)-113/2022 nömrəli qərardadı ilə İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bir müddət keçdikdən sonra tərəflər arasında mübahisə yaranmış, iddiaçı cavabdehdən 13900 manat məbləğində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı cavabdehdən ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb etsə də, bununla bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Qeyd edilən hallar mülki işin məhkəmədə araşdırılması zamanı tərəflərin izahatı və işdə olan sənədlərlə öz təsdiqini tapmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və məhkəmə araşdırması zamanı torpağın sənədləşdirilməsi ilə əlaqədar iddiaçının cavabdehə verdiyi pulun cavabdeh tərəfindən qaytarılmasını, eləcə də cavabdehə məxsus torpaq sahəsindən hazırda da iddiaçının istifadə etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin hərəkətlərində mülki hüquqi məsuliyyəti yaranmır. Odur ki, cavabdehin hərəkəti nəticəsində iddiaçıya maddi zərər vurulması halı müəyyən olunmadığından cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, bütün bunlarla yanaşı məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən əsassız varlanma faktı müəyyən edilməmişdir. Məhkəmə İddiaçı mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından və bununla da maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə (bundan sonra MPM) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən hazırkı halda iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş vəsait iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 216-220, 222, 358.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddiaçı Cavabdeh 13900 (on üç min doqquz yüz) manat məbləğində “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 132 (yüz otuz iki) manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 290 (iki yüz doxsan) manat özünə aid edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar