Məhkəmə qərarları › İş №2(111)-105/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-105/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-105/2022 20.04.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh borcun tutulması tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək müəyyən etdim: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Kəngərli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 21 aprel 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə 11905.63 manat əsas borc, 1260.54 manat faiz borcu və 172.86 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 13339.03 manat borcun və 130.02 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə ilə məhkəməyə müraciət etməli və onu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin normanın tələbindən görünür ki, sözügedən prosessual sənəddə iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ərizədə göstərilməlidir. İddiaçı isə qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. İddiaçı iddia ərizəsinə xəbərdarlıq məktubunu və poçt bildirişini əlavə etsə də, poçt bildirişindən məlum olur ki, xəbərdarlıq məktubu Cavabdeh çatdırılmamış və cavabdeh tərəfindən xəbərdarlığın çatdırılması üçün əlavə heç bir tədbir görülməmişdir. Yuxarıda qeyd edilənlər isə özlüyündə iddiaçının iddia ərizəsinin forma və məzmununa əməl etməməsini təsdiq edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd edilənləri nəzərə almaqla belə hesab edirəm ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh borcun tutulması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X1 vasitəsi ilə 28.12.2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 127.53 manat və 05.04.2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 2.49 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan iddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X1 vasitəsi ilə 28.12.2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 127.53 manat və 05.04.2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 2.49 manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar