Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-106/2021 27.08.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, Məmmədov Tural Nizami oğlunun katibliyi, iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı (bundan sonra LPO QSC "xxxx" KB) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 7942.34 (yeddi min doqquz yüz qırx iki manat otuz dörd qəpik) manat - bundan 3690.64 (üç min altı yüz doxsan manat altmış dörd qəpik) manat əsas, 2039.25 (iki min otuz doqquz manat iyirmi beş qəpik) manat faiz, 1703.47 (min yeddi yüz üç manat qırx yeddi qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 508.98 (beş yüz səkkiz manat doxsan səkkiz qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan QSC "xxxx" KB-yə ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Ləğv prosesində olan iddiaçı təşkilat Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə QSC "xxxx" KB arasında bağlanmış 09.06.2015-ci il tarixli 100/01/110809/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinı 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 03.03.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 7942,34 (yeddi min doqquz yüz qırx iki manat otuz dörd qəpik) manat təşkil edir. Bundan 3690.64 (üç min altı yüz doxsan manat altmış dörd qəpik) manat əsas, 2039.25 (iki min otuz doqquz manat iyirmi beş qəpik) manat faiz, 1703.47 (min yeddi yüz üç manat qırx yeddi qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 508.98 (beş yüz səkkiz manat doxsan səkkiz qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinə əsaən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır.Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər və **********253 saylı 01.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəniBankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Həmçinin iddiaçı ərizəsində iddia tələbi üzrə Bankın səlahiyyətli nümayəndəsi iştirak etmədikdə işə baxılmasını təmin etməyi xahiş etmişdir. İş üzrə iddiaçı LPO QSC "xxxx" KB-nin nümayəndəsi X1 “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə məhkəməyə göndərdiyi məlumatda işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, lakin Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsini üzürlü sayaraq mülki işə cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə işdə toplanmış sənədlərə əsasən mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş üzrə 25.06.2021-ci tarixdə məhkəmə iclasında iştirak edən və cavabdeh qismində dindirilən cavabdehin nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qismən qəbul etdiyini, Cavabdeh anası olduğunu, həqiqətən oğlu Əlinin həmin bankdan kredit götürdüyünü, lakin bank bağlandığından hara və necə ödəmə aparacağını bilmədiyini, bank tərəfindən borcluya bu barədə heç bir məlumat verilmədiyini, bu səbəbdən də kredit məbləğinin yığılıb qaldığını, bank tərəfindən hesablanmış cərimə və əlavə faizlərin hesablanmasını qeyri-qanuni hesab etdiyini bildirərək məhkəmədən iddia tələbi üzrə hesablanmış cərimə və əlavə faizlərin tululmasının rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə, iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 100/01/110809/15 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 24% hesablanmaqla, 36 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 100/01/110809/15 saylı kreditin verilməsi haqqında müqaviləyə əlavə olunan 1 saylı ödəniş cədvəlinə əsasən Cavabdeh 36 ay müddətinə hər ay 235.40 manat məbləğində aylıq ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Bank tərəfindən 03 mart 2021-ci il tarixə verilmiş maliyyə arayışına əsasən QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 100/01/110809/15 saylı müqavilə üzrə Cavabdeh banka 3690.64 (üç min altı yüz doxsan manat altmış dörd qəpik) manat əsas, 2039.25 (iki min otuz doqquz manat iyirmi beş qəpik) manat faiz,1703.47 (min yeddi yüz üç manat qırx yeddi qəpik) manat cərimə, 508.98 (beş yüz səkkiz manat doxsan səkkiz qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla ümumilikdə 7942.34 manat məbləğində borcu vardır. İş materiallarında olan 21.04.2021-ci il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən QSC "xxxx" KB tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması ilə əlaqədar Cavabdeh QSC "xxxx" KByə kredit müqaviləsinin bitmə tarixinə ayrı-ayrılıqda hansı məbləğdə əsas, faiz və cərimə borcunun olması və kredit müqaviləsi müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 avqust 2021-ci il tarixli, 181 nömrəli rəyinə əsasən birinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından göründüyü kimi, Cavabdeh tərəfindən "xxxx" KB QSC-nə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları və 09 iyun 2015-ci il tarixli, 100/01/110809/15 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh LPO QSC "xxxx" KB-yə 09 iyun 2018-ci il tarixə (müqavilənin bitdiyi tarixə) kredit müqaviləsi üzrə olan əsas borcu 3672,01 (üç min altı yüz yetmiş iki manat, bir qəpik) manat, faiz borcu 1292,92 (min iki yüz doxsan iki manat doxsan iki qəpik) manat təşkil edir. 09 iyun 2015-ci il tarixli, 100/01/110809/15 saylı kredit müqaviləsi üzrə 01.01.2013-cü ildən 03.03.2021-ci illəri əhatə edən hesabdan çıxarış məlumatlarında 10,59 manat məbləğində cərimə hesablanmışdır. Lakin maliyyə arayışında göstərilən cərimə məbləği hesabdan çıxarış məlumatlarında öz əksini tapmamışdır. İkinci sual üzrə: iş materiallarında Cavabdeh ilə LPO QSC "xxxx" KB arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 100/01/110809/15 nömrəli kredit müqaviləsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenumunun qərarına əsasən kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 501,84 (beş yüz bir manat səksən dörd qəpik) manat təşkil edir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehə borcun ödənilməsi barədə **********253 saylı 01.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsini göstərsə də, bununla bağlı iş materiallarına heç bir sənəd əlavə etməmişdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, Kreditor isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir; 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər; 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh 09 iyun 2015-ci il tarixli, 100/01/110809/15 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və QSC "xxxx" KB-na ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq da iş üzrə iddiaçı LPO QSC "xxxx" KB-nın iş üzrə cavabdehdən əsas borcun, kreditdən istifadəyə görə faizlərin, cərimənin və gecikdirilmiş vaxt üçün illik beş faiz olan məbləğin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Eyni zamanda işin araşdırılan halları ilə müəyyən olunur ki, kreditor iddia ərizəsində və maliyyə arayışında 09 iyun 2015-ci il tarixli, 100/01/110809/15 nömrəli kredit müqaviləsi ilə üzrə əsas borca hesablanmış 1703.47 manat məbləğində cərimə borcu olduğunu göstərsə də, tələb etdiyi 1703.47 manat cərimə borcunun yaranma tarixi və cərimənin hesablanması qaydasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 1703.47 manat məbləğində cərimə tələbi iş materiallarında öz təsdiqini tapmadığından və eləcə də iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası rəyində yalnız 10.59 manat məbləğində cərimə hesablanması müəyyən edildiyindən iddia tələbi həmin hissədə qismən təmin edilərək cavabdehdən 10.59 manat məbləğində cərimə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, əsas borca hesablanmış faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik beş faiz olan borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 avqust 2021-ci il tarixli, 181 nömrəli rəyini əsas götürüb hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 09 iyun 2015-ci il tarixli, 100/01/110809/15 nömrəli kredit müqaviləsi üzrə 3672.01 (üç min altı yüz yetmiş iki manat, bir qəpik) manat əsas, 1292.92 (min iki yüz doxsan iki manat doxsan iki qəpik) manat faiz borcu, 10.59 manat məbləğində cərimə və 501.84 (beş yüz bir manat səksən dörd qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 5477.36 (beş min dörd yüz yetmiş yeddi manat otuz altı qəpik) manat məbləğində borc LPO QSC "xxxx" KBnın xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin olunduğundan 20,68 manat məbləğində dövlət rüsumu da Cavabdeh iddiaçı LPO QSC "xxxx" KB-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 09 iyun 2015-ci il tarixli, 100/01/110809/15 nömrəli kredit müqaviləsindən yaranmış 3672.01 (üç min altı yüz yetmiş iki manat, bir qəpik) manat əsas, 1292.92 (min iki yüz doxsan iki manat, doxsan iki qəpik) manat faiz borcu, 10.59 (on manat, əlli doqquz qəpik) manat məbləğində cərimə və 501.84 (beş yüz bir manat səksən dörd qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 5477.36 (beş min dörd yüz yetmiş yeddi manat, otuz altı qəpik) manat və 20.68 (iyirmi manat, altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulsun. İddia qalan hissədə rədd olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-106/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-106/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver