Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-109/2021 09.06.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment məbləğinin artırılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək artırılıb 26 mart 2013-cü il tarixdə doğulmuş X3 və 15 oktyabr 2014-cu il tarixdə doğulmuş X1 üçün hər ay cavabdehdən bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2011-ci ildə qeyrirəsmi olaraq evlənmişlər. Birgə nikahlarından iki uşaqları -26 mart 2013-cü il təvəllüdlü X6 və 15 oktyabr 2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Uşaqların atalığı müəyyən olunmuşdur. Ceyunla 2014-cü ildən ayrı yaşayırlar və Şahbuz Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat aliment alınıb ona ödənilməsi qət olunmuşdur. 2015-ci ilə nisbətən 2021-ci ildə yaşayış minimumu artmış, həyat şərtləri dəyişmiş, uşaqlar da böyüyərək tələbatları artmışdır. Cavabdeh isə 80 manatdan başqa uşaqların başqa tələbatları ilə maraqlanmır, onların qayğısına qalmamaqla səhhəti və təhsili ilə də bir dəfə də olsun maraqlanmayıb. Həmçinin hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün ödənilən aliment məbləği yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından məqsədəmüvafiq deyil. Ona görə də cavabdehdən tutulması müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək artırılmasını istəyir. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək cavabdehdən tutulan aliment məbləğinin dəyişdirilərək artırılmasını tələb etdiyini, özünün haliyədə işləmədiyini, cavabdehin alimentdən başqa uşaqların heç bir tələbatı ilə maraqlanmadığını, özünün isə uşaqların təlabatını ödəyə bilmədiyini, Cehunun başqa nikahdan da 1 övladının olduğunu nəzərə alaraq cavabdehdən hər bir uşaq üçün 100-150 manat məbləğdə aliment tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh izahatında iddia tələbini tam qəbul etmədiyini, İddiaçı ilə aralarında olan nikahdan doğulmuş uşaqlarının saxlanmasında borclu olduğunu bildiyini, heç bir yerdə işləmədiyini, hər ay aliment ödədiyini, ümumilikdə alimenti çox çətinliklə ödədiyini, əgər aliment məbləği artırılarsa qış vaxtlarında ödəməkdə çətinlik çəkəcəyini, ödəyə bilməyəcəyini bildirdi. İş materiallarına əlavə olunmuş AZ-İİİ 309951 nömrəli və AZ-İİİ 309952 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən iş üzrə tərəflərin 26 mart 2013-cü il tarixdə X6 və 15 oktyabr 2014-cu il tarixdə X4 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ 156738 və AZ-İ 156739 nömrəli atalığın müəyyən olunması haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh oğlu X3 və X2 atasıdır. İş materiallarına əlavə olunmuş Şahbuz Rayon Məhkəməsinin 24 iyul 2015-cı il tarixli 2(090)-167/2015 nömrəli qətnaməsinə əsasən Cavabdeh hər ay bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat aliment tutularaq 26 mart 2013-cü il tarixdə doğulmuş X3 və 15 oktyabr 2014-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi qət olunmuşdur. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Şahbuz Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli 2(090)-167/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək artırılmalı, hazırki mülki iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat aliment tutularaq 26 mart 2013-cü il tarixdə doğulmuş X3 və 15 oktyabr 2014-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd olunmalıdır. Çünki iddiaçı aliment məbləğinin artırılmasını xahiş edir. Məhkəmə nəzərə alır ki, aliment müəyyən olunmuş 2015-ci ilə nisbətən 2021-ci ildə yaşayış minimumu artmışdır. Eyni zamanda məhkəmə iddianı qismən təmin edərkən onu da nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdir. Yəni, həm ata, həm ana uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2015-ci il üçün yaşayış minimumu uşaqlar üçün 108 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qəraının 1-ci və 2-ci bəndlərinə əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericilik, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının artırılması və azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha çox alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, tərəflər ailə və ya maddi vəziyyətinin əhəmiyyətli pisləşdiyini və tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə yuxarıda göstərilən müddəaların tələbini və yetkinlik yaşına çatmayan uşaqların iş üzrə iddiaçının yanında qalmaqla bütün qayğılarının onun tərəfindən çəkilməsini, aliment müəyyən olunmuş 2015-ci ilə nisbətən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən olunmasını, valideynlərin hər ikisinin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq cavabdehdən hər uşaq üçün hər ay sabit məbləğdə 110 manat aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumundan iddianın ((110-80)x12x2=720) təmin edilmiş hissəsinə münasib olan 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qət etdi:
İddia qismən təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli 2(090)-167/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay bir uşaq üçün 110 (yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq 26 mart 2013-cü il tarixdə doğulmuş X3 və 15 oktyabr 2014-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi vaxtdan 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zülfüqar Əhmədov