Məhkəmə qərarları › İş №2(111)-117/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-117/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-117/2021 14.07.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "İddiaçı" ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "İddiaçı" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh aralarında bağlanmış 26.12.2019-cu il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh iddiaçı "İddiaçı” ASC-nin xeyrinə 5793.01 manat əsas, 953.08 manat faiz, cəmi 6746.09 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 6200 (altı min iki yüz manat) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh arasında 26.12.2019-cu il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh 08.04.2021-ci il tarixinə əsas borcu 5793.01 manat, faiz borcu 953.08 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda qeyd etmək istəyirik ki, 26.12.2019-cu il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində banka zərər vurmuşdur. Bununla da cavabdehin Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin, Kredit Müqaviləsinə əsasən «xxxx» ASC-yə olan əsas və ona hesablanmış faiz borcu 6746.09 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə göndərdiyi ərizədə mülki iş üzrə məhkəmə iclaslarını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclaslarına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış 26.12.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 21% hesablanmaqla, 36 ay müddətinə 6200 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 08.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh ilə "İddiaçı" ASC arasında bağlanmış 26.12.2019-cu il tarixli ******* saylı müqavilə üzrə Cavabdeh banka 5793.01 manat əsas, 953.08 manat faiz, ümumilikdə 6746.09 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 07 sentyabr 2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə banka olan borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş "İddiaçı" ASC-nin (atb.az/tarifler) saytından çıxarışa əsasən “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət Müqavilələrinin Standart Şərtləri”-nin 6-cı fəslinin 2.17-ci maddəsindən görünür ki, müştəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəniş cədvəli (qrafiki)” üzrə ödənişləri yerinə yetirmədikdə Bank müvafiq müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdı qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. İş materiallarına əlavə edilmiş 16.05.2021-ci il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "İddiaçı" ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Beləliklə, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh oğlu 26.12.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və "İddiaçı" ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq da iddiaçı "İddiaçı" ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən 08.04.2021-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış 26.12.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməklə Cavabdeh 26.12.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə yaranmış 5793.01 manat əsas, 953.08 manat faiz ümumilikdə 6746.09 manat məbləğində borc "İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı da cavabdeh X1 iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. İddiaçı "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış 26.12.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin və Cavabdeh 26.12.2019-cu il tarixli ******* saylı kredit müqaviləsindən yaranmış 5793.01 (beş min yeddi yüz doxsan üç, sifir bir) manat məbləğində əsas borc, 953.08 (doqquz yüz əlli üç, sıfır səkkiz) manat məbləğində faiz borcu, cəmi 6746.09 (altı min yeddi yüz qırx altı, sıfır doqquz) manat borc, 30.40 (otuz, qırx) manat məbləğində dövlət rüsumu və xidmət haqqı olmaqla ümumilkdə 6776.49 (altı min yeddi yüz yetmiş altı, qırx doqquz) manat məbləğində pul tutularaq iddiaçı "İddiaçı" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar