Məhkəmə qərarları › İş №2(111)-118/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-118/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-118/2021 24.06.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit borcu olan 275 manat əsas, 132 manat cərimə və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi, cəmi 427 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kəngərli rayon Qıvraq qəsəbəsində sahibkarlıq fəaliyyəti (VÖEN **********) ilə məşğul olaraq mobil telefon mağazası işlədir. 14 yanvar 2020-ci il tarixdə Kəngərli rayon Qıvraq qəsəbə sakini Cavabdeh müraciət edərək kredit yolu ilə telefon almaq istəmiş və onunla 14.01.2020-ci il tarixdə aralarında kredit müqaviləsi bağlayaraq bir ədəd "Redmi Mi A2" markalı mobil telefonu 550 manata, ilkin ödənişi 100 manat olmaqla kreditlə aylar üzrə 75 manat 6 ay müddətinə ödəmək şərti ilə borcluya satılmışdır. Son ödəniş, yəni kreditin bitmə tarixi 30.07.2020-ci ildir. Borclu həmin məbləğdən cəmi 275 manat ödəmiş, qalan borcu ödəməkdən yayınmış və beləliklə 28.04.2021-ci il tarixə 275 manat əsas borcu yaranmışdır. Həmçinin borclu ilə aralarında olan müqaviləyə əsasən Alıcı Satıcıya hər gecikdirilən gün üçün müqavilənin həmin gün üçün nəzərdə tutulmuş kredit ödənişinin ümumi məbləğinin 2%-i miqdarında cərimə ödəməlidir. Borcluya borcunu ödəməsi barədə dəfələrlə müraciət olunsa da o, müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bununla da onun 28.04.2021-ci il tarixə 275 manat əsas və 132 manat isə cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün 24 may 2021-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh ilə İddiaçı arasında 14.01.2020-ci il tarixdə müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. Buradan da aydın olur ki, tərəflər arasında müqavilədən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. İş materiallarında olan 14.01.2020-ci il tarixli, 31 nömrəli müqaviləyə əsasən Cavabdeh İddiaçı alqı-satqı qiyməti 550 manat olan “Redmi Mi A2” (imei kodu: **********43450 və **********43468) markalı mobil telefon almış və razılaşdırılmış qaydada 100 manat ilkin ödəniş etdikdən sonra qalan 450 manat vəsaiti 6 ay müddətinə faizsiz kreditlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə ödəmənin son tarixi 30.07.2020-ci ildir. İş materiallarında olan 14.01.2020-ci il tarixli, 31 nömrəli müqavilənin 3.3-cü bəndinə əsasən kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilənin həmin gün üçün nəzərdə tutulmuş kredit ödənişinin ümumi məbləğinin 2% miqdarında cərimə ödəməlidir. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən 14.01.2020-ci il tarixli, 31 nömrəli müqavilə üzrə Cavabdeh arayışın verildiyi tarixə 28.04.2021-ci il tarixə 275 manat əsas, 132 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan 14.01.2020-ci il tarixli, 31 nömrəli müqaviləyə 1 saylı əlavədən görünür ki, Cavabdeh tərəfindən 30.02.2020-ci il tarixdə 100 manat, 30.03.2020ci il tarixdə 100 manat, 30.04.2020-ci il tarixdə 75 manat olmaqla cəmi 275 manat ödəniş edilmişdir. İş materiallarında olan 29.04.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqısatqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir. Nəticədə onun iddiaçının qarşısında 14.01.2020-ci il tarixli, 31 nömrəli müqavilə üzrə 28 aprel 2021-ci il tarixə 275 manat ödənilməmiş hissə, 132 manat cərimə borcu olmaqla, ümumilikdə 407 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən müqavilə üzrə 275 manat ödənilməmiş hissə, 132 manat cərimə borcu, ümumilikdə 407 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 14.01.2020-ci il tarixli, 31 nömrəli müqavilə üzrə “Redmi Mi A2” (imei kodu: **********43450 və **********43468) markalı mobil telefon üçün 275 (iki yüz yetmiş beş) manat əsas borc, 132 (bir yüz otuz iki) manat faiz borcu və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 427 (dörd yüz iyirmi yeddi) manat vəsait İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar