Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-126/2021 29.07.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “X7” MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 9156 (doqquz min bir yüz əlli altı) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında 12.11.2016-ci il 016-K saylı 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və "X5” haqqında müqavilə imzalanmışdır. 10.05.2017-ci il tarixli 214-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş. 28.06.2019-cu il tarixdə 269-K əmri ilə Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 13.12.2017, 06.12.2018 və 19.01.2019-cu il tarixdə Oba-Naximov 1 və Əhmədli 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 13.12.2017, 06.12.2018 və 19.01.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 9156 (doqquz min bir yüz əlli altı) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edilmiş 9156 (doqquz min bir yüz əlli altı) manat qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, bu günədək heç bir ödəniş həyata keçirilməmişdir. İş üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəməyə göndərdiyi teleqramda mülki iş üzrə məhkəmə iclasını "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təyin edilmiş məhkəmə iclasına iddiaçının gəlməməsinin səbəblərini üzrlü hesab edərək hazırkı işdə toplanmış sənədlərə əsasən iddiaçının iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh izahatında iddiaçının ona qarşı pul tələbini qəbul etmədiyini, iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə iddiaçının iddia müddətinin keçməsi əsas götürülərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair iddia ərizəsinə etiraz edərək bildirir ki, iddiaçının ona qarşı irəli sürdüyü iddia tamamilə əsassız olduğundan təmin edilmədən rədd edilməlidir. Belə ki, iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, guya o, iddiaçıya məxsus mağazada işləyərkən cəmiyyətə 9156 manat məbləğində zərər vurduğum müəyyən edilmişdir. Lakin belə bir şey olmamışdır. Belə ki, o, mağazada işlədiyi müddətdə mağazaya gələn bütün məhsullar sistemə işlənib, satış da sistem vasitəsilə aparılmışdır. Onun təqsirindən mağazada hər hansı mal əksik gələ bilməz və hər hansı ziyan ola bilməz, iddiaçının qeyd etdiyi, guya inventarizasiya ilə müəyyən edilmiş zərərin meydana çıxması ona məlum deyil. Həmçinin o, həmin cəmiyyətdən işdən ayrıldığı zaman onun əmək haqqısı və son haqq-hesabı ona ödənilmişdir. Əgər o, cəmiyyətə ziyan vursaydı, yəqin ki, onun son əmək haqqı ödənilməzdi. Həmçinin işdən ayrıldığı zaman cəmiyyətə borcu olması barədə heç bir akta, o cümlədən cəmiyyət tərəfindən tərtib olunmuş invertarizasiya aktına imza atmamışdır. Həmin vaxtı narazılığını bildirmişdir. Lakin buna baxmayaraq tələbinə əsasən onlar invertarizasiyanın yenidən aparılmasını təmin etməmişlər. Göründüyü kimi onun tərəfindən iddiaçıya hər hansı ziyan vurulmamışdır. Hətta məhkəmənin nəzərinə çatdırır ki, tərəfindən iddiaçıya ziyan vurulmuş olsaydı belə iddiaçı belə bir iddia ilə həmin ziyanın vurulmasının aşkar edildiyi gündən 1 il müddətində ona qarşı belə bir iddia ilə məhkəmədə iddia qaldıra bilərmiş. Belə olan halda iddiaçı eyni zamanda əsassız iddiasına dair iddia müddətini də itirmişdir. Məhkəmə tərəfindən bu hal da araşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən İddiaçı MMC -nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə ödənilməmiş 9156 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin ondan tutularaq cəmiyyətin hesabına ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Həmçinin iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunmasını xahiş edir. Əlavə olaraq bildirir ki, o, hərbiçidir və 44 günlük Vətən müharibəsində iştirak edərək ağır yaralanmışdır. Hazırda gözləri zəif görür, qulağı yaxşı eşitmir, yaxşı danışa bilmir və bədəninin müxtəlif yerlərində qəlpə yaraları vardır. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı ilə, 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə və 24 iyun 2021-ci il tarixli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bütün bunları və ərizəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyərək onun izahatını və ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş və iş üzrə təqdim olunmuş: 10.05.2017-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh “X7” MMC-yə satış əməliyyatları şöbəsinə administrator vəsifəsinə qəbul edilmişdir. 10.05.2017-ci il tarixli X5 haqqında müqavilədən görünür ki, X7 MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. 28.06.2019-cu il tarixli 269-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin OBA X1 əmək müqaviləsinə 28.06.2019-cu il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. 17.10.2019-cu il tarixli X7 MMC tərəfindən verilmiş arayışdan görünür ki, 13.12.2017-ci il, 06.12.2018-ci il və 19.01.2019-cu il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 9156 manat çatışmazlıq müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisənin əsasını 13.12.2017ci il, 06.12.2018-ci il və 19.01.2019-cu il tarixli aparılmış “İnventarizasiya nəticələrinə” dair Aktlara əsasən Cavabdeh iddiaçıya 9156 manat məbləğində zərər vurması faktı təşkil edir. Həmçinin “X7" MMC tərəfindən 13.12.2017-ci il, 06.12.2018-ci il və 19.01.2019-cu il tarixli aparılmış “İnventarizasiya nəticələrinə” dair yekun Akt təqdim edilmişdir. Belə ki, aktda Cavabdeh iştirakının təmin edildiyi qeyd edilsə də, akt cavabdeh tərəfindən imza edilməmişdir. İddiaçı tərəf qeyd edir ki, cavabdehin vurduğu ziyan üzrə ödənilməmiş hissə 9156 manat təşkil edir. Cavabdeh tərəf iddianı qəbul etmir, 28.06.2019-cu il tarixdə öz ərizəsi ilə işdən azad edildiyini, onun 13.12.2017-ci il, 06.12.2018-ci il və 19.01.2019-cu il tarixlərdə keçirilmiş “İnventarizasiya nəticələrinə” dair Aktlarla razı olmadığından tərtib edilmiş aktları imzalamaqdan imtina etdiyini, lakin buna baxmayaraq tələbinə əsasən cəmiyyət tərəfindən invertarizasiyanın yenidən aparılmasını təmin etmədiklərini, işdən ayrıldığı zaman onun əmək haqqının və son haqq-hesabının ona ödənildiyini, cəmiyyətə borcu olması barədə heç bir akta, o cümlədən cəmiyyət tərəfindən tərtib olunmuş invertarizasiya aktına imza atmadığını bildirir, yekun olaraq onu da qeyd edir ki, o işlədiyi müddətdə əmək haqqını mütəmadi olaraq tam şəkildə almışdır. “X7" MMC tərəfindən 04.10.2017-ci il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt təqdim edilmişdir. Belə ki, aktda Cavabdeh iştirakının təmin edildiyi qeyd edilsə də, akt cavabdeh tərəfindən imza edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsipinə əsaslanır. 296.5-ci maddəsində göstərilir ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyində yuxarıda qeyd edilən tələb ilə əlaqədar məhkəməyə müraciət etmə müddətini tənzimləyən xüsusi norma mövcuddur. İddia müddətinin tətbiqi məsələləri isə əmək qanunvericiliyində tənzimlənmədiyi üçün, bu məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları hüdudlarında öz həllini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki qаnunvеricilikdə iddiа müddətinin kеçməsi iddiа tələbinin rədd еdilməsinin müstəqil əsаsı kimi müəyyən еdilmişdir. Məhkəmə araşdırması zamanı sübuta yetirilir ki, “X7” MMC tərəfindən 13.12.2017ci il tarixdə Cavabdeh çalışdığı Oba-Naximov filialında, 06.12.2018-ci il tarixdə Cavabdeh çalışdığı Oba Əhmədli-3 filialında və 19.01.2019-cu il tarixdə Cavabdeh çalışdığı Oba Əhmədli-3 filialında inventarizasiya aparılmış və Cəmiyyətə həmin tarixlərdən ziyanın vurulduğu aşkar olmuşdur. Belə olduğu təqdirdə iddiaçı məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulan bir illik iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə iddia tələbini əsassız hesab edir və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiаçı "X7" MMC-nin Cavabdeh qarşı "X7" MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 9156 (doqquz min bir yüz əlli altı) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227,233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi”nə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-126/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-126/2021
29.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver