Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-130/2023 12.05.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh alimentin artırılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Şərur Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək artırılıb, Cavabdeh hər ay sabit pul məbləğində 220 manat aliment tutulub 20 may 2018-ci il təvəllüdlü X1 üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2017-ci ildə qeyri rəsmi el adəti ilə evlənmişik. Bu evlilikdən 20 may 2018-ci il tarixdə X5 adında bir oğlumuz doğulmuşdur. Uşağın atalığı Şərur Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. Həmin qətnamə ilə Cavabdeh hər ay 100 manat aliment tutulub mənə ödənilməsi qət olunmuşdur. Hazırda cavabdeh həmin məbləği ödəsə də, uşağın başqa təlabatları ilə maraqlanmır, onun qayğısına qalmamaqla səhhəti və digər xərcləri ilə də bir dəfə də olsun belə maraqlanmayıb. Uşağın qayğısına mən təkbaşıma qalıram. Xəstələnir, müalicəsi ilə tək məşğul oluram. Səddam isə bir ata kimi 100 manat göndərərək öz atalıq borcunu yerinə yetirdiyini hesab edir. 2019-cu ilə nisbətən 2023-cü ildə yaşayış minumumu artmış, həyat şərtləri dəyişmiş, uşaqda böyuyərək təlabatları artmışdır. Həmçinin hesab edirəm ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün ödənilən aliment məbləği yetkinlik yaşına çatmayan uşağın mənafeyi baxımından məqsədəmüvafiq deyil. Ona görə də cavabdehdən tutulması müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək artırılmasını istəyirəm. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edib hazırkı işdə toplanmış sənədlərə əsasən onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə olunmuş AZ-İV 168495 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə tərəflərin 20 may 2018-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ 240642 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh 20 may 2018-ci ildə vətəndaş İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli 2(110)-332/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı doğduğu 20 may 2018-ci il təvəllüdlü X3 atasının Cavabdeh olmasının müəyyən edilməsi və 17 aprel 2019-cu il tarixdən hesablanmaqla Cavabdeh 20 may 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli 2(110)-332/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq 20 may 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, Şərur Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli 2(110)-332/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı doğduğu 20 may 2018-ci il təvəllüdlü X3 atasının Cavabdeh olması müəyyən edilmiş və 17 aprel 2019cu il tarixdən hesablanmaqla Cavabdeh 20 may 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Aliment müəyyən olunduqdan sonra yaşayış minimumu və həyat şərtləri dəyişmiş, uşaq da böyüməklə tələbatları artmışdır. Bu da iş üzrə iddiaçının maddi vəziyyətinə mənfi yöndən təsir edir. Uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyənləşdirildiyi bir halda, iş üzrə cavabdehin faktiki olaraq ödədiyi 100 manat aliment də qaneedici hesab edilə bilməz. Ona görə də əvvəl müəyyənləşdirilmiş aliment məbləği dəyişdirilərək artırılmalıdır. Məhkəmə iddianı qismən təmin edərkən onu da nəzərə almışdır ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni həm ata, həm də ana uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin vəzifələri kimi qeyd edilmişdir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentina tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Əlavə olaraq məhkəmə qeyd edir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və 2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsini, tərəflərin maddi və əmlak vəziyyətini, cavabdehin ödəmə qabiliyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların minimum maddi təminat almaq hüququnu, yetkinlik yaşına çatmayan uşağın anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 170 manat aliment tutulması məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (170-100=70x12=840) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli 2(110)-332/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq 20 may 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-130/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-130/2023
12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver