Məhkəmə qərarları › İş №2(111)-131/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-131/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-131/2021 02.08.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" KB ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xeyirlərinə 4970 manat əsas, 883.60 manat faiz və 2.89 manat cərimə olmaqla, cəmi 5856.49 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 20.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25% ödəmək şərtilə 4970 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar ( pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iş üzrə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 məhkəməyə göndərdiyi ərizədə iş üzrə təyin edilmiş məhkəmə baxışı iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 2432nkNFT/20 saylı 20.08.2020-ci il tarixli kredit və bank hesabı müqaviləsinin 1.1 maddəsinə əsasən “Bank” 36 (otuz altı) ay müddətinə 20.08.2023-cü il tarixinədək, illik 25 (iyirmi beş) faiz ödəmək şərti ilə 4970 (dörd min doqquz yüz yetmiş) manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və ona bank hesabı (cari, kredit) açır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 12%, maksimum 40% təşkil edir. Həmin Müqavilənin 7.1-ci və bəndlərinə görə “Borcalan” kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya “Borcalan” tərəfindən “Bank”ı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən “Borcalan” özünün fəaliyyəti, iqtisadimaliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə digər hüquqi və fiziki şəxlərə olan borclar kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və.s) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda “Borcverən” kreditin dərhal qaytarılmasını tələb etməklə yanaşı “Borcalan”a qarşı kreditin ümumi məbləğinin 1 (bir) faizi miqdarında cərimə tətbiq edə bilər. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin problemli kreditlər üzrə baş inzibatçısı Vadim Kadırovun imzaladığı sənədə əsasən Cavabdeh 2432nkNFT/20 saylı 20.08.2020-ci il tarixli kredit müqaviləsi üzrə 21 may 2021-ci il tarixə 4970 manat əsas, 883.60 manat faiz və 2.89 manat cərimə olmaqla, cəmi 5856.49 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 12.04.2021-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcun qaytarılması barədə iddiaçı tərəfindən borcluya xəbərdarlıq olunmuşdur. İş materiallarına əlavə edilmiş 07.05.2021-ci il tarixli 03 nömrəli ödəniş tapşırığına əsasən məhkəməyə ərizə verilərkən "xxxx" KB ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş üzrə tədqiq olunmuş sübutlarla, o cümlədən 2432nkNFT/20 saylı 20.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən tam təsdiq olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında 20.08.2020-ci il tarixdə 2432nkNFT/20 saylı kredit və bank hesabı müqaviləsi və həmçinin dəbbə pulu haqqında razılaşma (tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci bəndi) bağlanmış, kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh cari hesabına 36 (otuz altı) ay müddətinə 20.08.2023-cü il tarixinədək, illik 25 (iyirmi beş) faiz ödəmək şərti ilə 4970 (dörd min doqquz yüz yetmiş) manat məbləğində kredit limiti ayrılmışdır. Lakin borcalan müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmiş və nəticədə onun "xxxx" KB ASC-yə kredit müqaviləsi üzrə 4970 manat əsas, 883.60 manat faiz və 2.89 manat cərimə olmaqla, cəmi 5856.49 manat borcu yaranmışdır. İş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq da iş üzrə iddiaçı "xxxx" KB ASC-nin iş üzrə cavabdehdən əsas borcun bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimənin (dəbbə pulunun) ödənilməsinin vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1 və 462.3-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2432nkNFT/20 saylı 20.08.2020-ci il tarixli kredit müqaviləsindən yaranmış 4970 manat əsas, 883.60 manat faiz və 2.89 manat cərimə olmaqla, cəmi 5856.49 manat məbləğində borc "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 2432nkNFT/20 saylı 20.08.2020-ci il tarixli kredit müqaviləsindən yaranmış 4970 (dörd min doqquz yüz yetmiş) manat əsas, 883.60 (səkkiz yüz səksən üç, altmış) manat faiz və 2.89 (iki, səksən doqquz) manat cərimə olmaqla, cəmi 5856.49 (beş min səkkiz yüz əlli altı, qırx doqquz) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsait tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar