Məhkəmə qərarları › İş №2(111)-133/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-133/2024

16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-133/2024 16.05.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh alimentin artırılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 27 yanvar 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 235 manat aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2020-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 27 yanvar 2022-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Dörd ay davam edən evlilik müəyyən səbəblərdən pozulmuş, nəticədə o, atasının evinə qayıtmışdır. Münasibətləri düzəlmədiyi üçün xx.xx.2023-cü il tarixdə nikahları ləğv edilmişdir. Kəngərli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 29 aprel 2022-ci il tarixdən hesablanmaqla 27 yanvar 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşna çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin zaman keçdikcə övladının ehtiyacları artır. O isə təkbaşına həmin ehtiyacları qarşılaya bilmir. Cavabdehin ödədiyi aliment məbləği bugünkü bazar qiymətlərini nəzərə alsaq çox azdır. Cavabdeh isə bir uşağın saxlanması üçün kifayət qədər qazanca malikdir. Buna görə də alimentin artırılmasını istəyir. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə etiraz (izahat) daxil olmuşdur. Etirazda aşağıdakılar göstərilmişdir: Bu etiraz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən verilir. Verilən etiraz AR MPM-nin 192-ci maddəsinə əsasən məhkəmə iclasında verilmiş izahata bərabərdir. 1. İşin faktiki halları: 1.1: Kəngərli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X1 üçün hər ay sabit pul məbləğində 150 manat aliment təyin edilsə də, bununla kifayətlənməyən iş üzrə İddiaçı yenidən məhkəməyə müraciət edərək xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2. İddiaçının istinad etdiyi hüquqi aktlar: 2.1: Azərbaycan Respublikası Konstitusiyasının 17ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 2.2: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 2.3: “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətlərində uşaqların mənafeyini üstün tutmaqla onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 3. İddianın rədd edilməsi üçün hüquqi əsaslar: 3.1: Mən Kəngərli rayonunun Yurdçu kəndində “Əmək Müqaviləsi” əsasında mağazada fəhlə işləyir və aylıq əməkhaqqım 345 (üç yüz qırx beş) manatdır. 3.2: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Maddə 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimalı saxlanılması əsas tutularaq müəyyən edilir. 3.3: İddiaçı iddia ərizəsində: “Cavabdehin ödədiyi alimentin məbləği bu günki bazar qiymətlərini nəzərə alsaq çox azdır. Cavabdeh isə bir uşağın saxlanması üçün kifayət qədər qazanca malikdir” qənaətinə gələrkən Kəngərli rayonunun Təzəkənd kəndində kitabxanada işlədiyini, hər ay yüksək maaş aldığını gizlətməkdə, qarşı tərəfin qazancının yüksək olmasını faktlarla sübut etməməkdə haqlı deyildir. Yuxarıdakılara əsasən məhkəmədən: 1. İddiaçı alimentin məbləğinin artırılması barədə iddiası faktlara əsaslanmadığından, aylıq əməkhaqqını göstərilmədiyindən onun rədd edilməsini və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya aylıq qazancının dörddə bir hissəsi məbləğində aliment ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən iş üzrə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, Kəngərli Rayon Məhkəməsinin qətnaməsi ilə 150 manat aliment aldığını, indi övladının böyüdüyünü, bağçaya getdiyini, öz valideynləri ilə yaşadığını, X8 mədəni təşkilatçı vəzifəsində işlədiyini, əmək haqqından çıxılmalar nəzərə alınmaqla təmiz 392 manat maaş aldığını, aldığı əməkhaqqı ilə özünün və uşağının ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiyini, cavabdehin uşağın saxlanılmasında əlavə heç bir köməklik etmədiyini, etiraz ərizəsini qəbul etmədiyini, orada yazılanların düzgün olmadığını, cavabdehin işlədiyi mağazanın özlərinin olduğunu, satıcı kimi işləmədiyini, imkanlarının yaxşı olduğunu bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində izahat verən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, atasının yanında satıcı işlədiyini, 345 manat əmək haqqı aldığını, öz mağazalarının olmadığını, 150 manat aliment ödədikdən sonra qalan pulla öz ehtiyaclarını ödəyə bilmədiyini, ona görə də 150 manatdan artıq aliment verə bilməyəcəyini bildirərək iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarına əlavə olunmuş AZ-İV 632103 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə tərəflərin 27 yanvar 2022-ci il tarixdə X9 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(111)-112/2022 nömrəli qətnaməsindən çıxarışa əsasən Cavabdeh hər ay sabit pul məbləğində 150 manat aliment tutularaq 27 yanvar 2022-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 401789 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X6 arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra qadına “Baxşəliyeva” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş və cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “Əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən Abbasov X10 Rayon Yurtçu kəndində yerləşən mağazada satıcı işləyir və əmək haqqı 345 manat təşkil edir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən iş üzrə İddiaçı Kəngərli Rayon Mədəniyyət Şöbəsində təşkilatçı vəzifəsində işləyir və əmək haqqı 458 manat təşkil edir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Kəngərli Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(111)-112/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq 27 yanvar 2022-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, Kəngərli Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(111)-112/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh hər ay 150 manat aliment tutulub, 27 yanvar 2022-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 ödənilməsi qət edilmiş, aliment müəyyən olunduqdan sonra ölkə üzrə uşaqlar üçün yaşayış minimumu artmış, həmçinin uşaq da böyüməklə tələbatları artmış və bu da iş üzrə iddiaçının maddi vəziyyətinə mənfi yöndən təsir edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyənləşdirildiyi bir halda, iş üzrə cavabdehin faktiki olaraq ödədiyi 150 manat aliment qaneedici hesab edilə bilməz və əvvəl müəyyənləşdirilmiş aliment məbləği artırılmalıdır. Məhkəmə iddianı qismən təmin edərkən onu da nəzərə almışdır ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni həm ata, həm də ana uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə Cavabdeh iddia ərizəsinə etiraza münasibətdə qeyd edir ki, etiraz əsassızdır. Belə ki, Kəngərli Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(111)-112/2022 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay sabit pul məbləğində aliment tutulması qət edilmiş, hazırda da iddiaçı həmin sabit aliment məbləğinin artırılmasını tələb edir. Cavabdehin atasının mağazasında müqavilə əsasında 345 manat əmək haqqı almaqla işləməsi ondan Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsi ilə bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulması uşağın mənafeyinə ziddir. Çünki, hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən isə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin vəzifələri kimi qeyd edilmişdir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentina tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Əlavə olaraq məhkəmə qeyd edir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və aliment müəyyən olunduqdan sonra ölkə üzrə uşaqlar üçün yaşayış minimumu artmasını, tərəflərin maddi və əmlak vəziyyətini, cavabdehin ödəmə qabiliyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların minimum maddi təminat almaq hüququnu, yetkinlik yaşına çatmayan uşağın anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 175 manat aliment tutulması məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (175-150=25x12=300) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq iş üzrə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(111)-112/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq 27 yanvar 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar