Məhkəmə qərarları › İş №2(111)-16/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-16/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-16/2022 01.02.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər X3, Cavabdeh3 Məşəpaşa oğlundan, Cavabdeh2 ona olan 2380 manat məbləğində borc pulun və 71 manat ödədiyi dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçının iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müvafiq olaraq “X4” və “Cavabdeh3 Məşəpaşa oğlu” kimi göstərməsini texniki səhvlik kimi qəbul edərək, məhkəmə işə baxarkən onları düzgün olaraq Cavabdeh1 və Cavabdeh3 kimi qəbul etmişdir. (Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumatlar və şəxsiyyət vəsiqələrinə əsasən) İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X4 ilə aralarında olan şifahi razılaşmaya əsasən ona 09.12.2019-cu il tarixdə 3300 manat Kapital Bankdan kredit götürərək vermiş, sonra 1600 manat bir kart götürərək ona vermişdir. Hətta Aytac onun maaş kartından 1800 manatını çəkib. Həmin vaxt Aytac pis vəziyyətdə olduğunu, pula təcili ehtiyacının olduğunu bildirərək ondan pul istəmişdir. Ona yazığı gəldiyi üçün kreditdən pul götürüb ona vermişdir. Cavabdeh onun sadəlövh olmağından istifadə edərək pulunu vermək istəmir. Ona borc verdiyini də inkar etmir, ancaq hər dəfəsində bir bəhanə uydurur və onu başından edir. Polis yolu ilə bir dəfə dayısı və qardaşı kəfil duraraq 2000 manatını qaytarmışlar. Kəngərli rayon Polis İdarəsində Aytacın dayısı Cavabdeh3 Məşəpaşa oğlu və qardaşı Cavabdeh2 ərizə yazaraq öhdəlik götürmüşlər ki, 500-500 Aytacdan əvəz ödəyərək borcu bağlasınlar, buna baxmayaraq bu günə qədər bir qəpik də olsun həmin borcdan ödəməyiblər. Onlardan hər dəfə borcu istəyəndə qəti olaraq borcu qaytarmayacaqlarını bildirirlər. Ona görə də o, məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlərin Kəngərli rayon Polis İdarəsində verdikləri öhdəlik ərizəsi ilə bağlı o, müraciət etsə də, orada ona bildirmişlər ki, məhkəmə bizə müraciət edərsə, biz həmin sənədi məhkəməyə təqdim edərik. O, iş üçün əhəmiyyətli olan Cavabdeh3 Məşpaşa oğlu, Cavabdeh2 tərəfindən öhdəliklə bağlı yazılmış ərizəni əldə edə bilmədiyindən məhkəmədən xahiş edir ki, Kəngərli rayon Polis İdarəsindən həmin ərizənin sorğu ilə alınmasına köməklik göstərilsin. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini, Cavabdeh1 ilə ər evində yaşadığı vaxt yaxın qonşu və yaxşı münasibətdə olduğunu, dəfələrlə ondan pul istədiyini, ona inandığını, Aytacın 09.12.2019cu ildə ərinin təcili banka olan borcunu bağlamaq üçün pula ehtiyacının olduğunu bildirərək ondan bankdan pul götürərək ona verməyi, sonra pulu geri qaytaracağını dediyini, həmin tarixdə Kapital bankdan 3300 manat krediti və 1600 manat da bir kart götürüb elə bankda Aytaca verdiyini, Aytacın həmin zaman bankda pulları götürüb çantasına qoyduğunu, sonradan Aytac yalandan xəstə adı ilə cərrahiyə olunmaq üçün Bakıya getdiyini, dəfələrlə müraciət etməsinə baxmayaraq borcu qaytarmadığını, bir müddət sonra 2021-ci ilin avqust ayında aralarında borcun qaytarılması ilə əlaqədar onların evlərinə gedib borcu tələb etdiyini, orada aralarında münaqişə baş verdiyini, bu səbəbdən də polis şöbəsinə düşdüklərini, polis şöbəsində Aytacın qardaşı Cavabdeh2 və dayısı Cavabdeh3 də oraya gəldiklərini və orada 4000 manat borcun qaytarılması ilə bağlı Aytaca kəfil (zamin) duraraq onun adından öhdəlik götürüb həmin borcu ona qaytaracaqlarına dair akta qol çəkib söz verdiklərini, razılaşmadan sonra Aytacın dayısı Naməddinin sahə müfəttişi ilə birlikdə gəlib ona 2000 manat pul verdiklərini, qalan borcu da 2021-ci ilin dekabr ayına qədər hissə-hissə, yəni hər ay 500 manat ödəyəcəklərini bildirdiklərini, 2000 manat borcun isə qaldığını, razılaşmadan uzun müddət keçməsinə baxmayaraq Aytacın, qardaşı Elzasın və dayısı Naməddinin həmin borcu ödəmədiyini, Aytacın qardaşı Cavabdeh2 və dayısı Cavabdeh3 borc pul vermədiyini, lakin onlar polis şöbəsində öhdəlik götürdüklərindən onları da cavabdeh kimi tanıdığını, adına kredit götürüldüyünə görə əlavə faizlər ödədiyini nəzərə alaraq 2000 manat yox, 2380 manat pul tələb etdiyini göstərərək həmin borc pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə məhkəmə iclasında sual-cavab edilərkən İddiaçı Cavabdeh3 və Cavabdeh2 pul vermədiyini, sadəcə onların polis şöbəsində Aytacın borcunu öz öhdələrinə götürdüklərinə görə onları iddia ərizəsində cavabdeh kimi göstərdiyini, pulu borc olaraq Cavabdeh1 verdiyini, münaqişələrinin də borc üstündə yarandığını, polis şöbəsindən sonra cavabdehlərə zəng vurduğunu və onların da “sənə borcumuz yoxdur” dediklərini, ona görə də məhkəməyə müraciət etdiyini göstərdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh1 izahatında iddianı qəbul etmədiyini, ilk öncə onda sadəcə bir kartın olduğunu, amma iddiaçının dediyi maaş kartının buna heç bir aidiyyətinin olmadığını, iddiaçı ilə aralarında münaqişə baş verdiyini və polis şöbəsinə düşdüklərini, həmin zaman özünün içəridə otaqda olan zaman dayısı Cavabdeh3 və qardaşı Cavabdeh2 onun adından öhdəlik götürdüklərini və iddiaçıya 2000 manat pul verdiklərini, bunu biləndən sonra onlara “niyə verirdiniz, mənim ona borcum yox idi” dediyini, onların da “iddiaçı deyir mənə 4000 manat borcu var, əgər qaytarmasa şikayətimdən əl çəkmərəm” dediklərini, dayısı və qardaşının o tutulmasın deyə akta qol çəkib Gülnara borcunu qaytaracaqlarını bildirdiklərini, həmin 2000 manatı da polisin əli ilə alınıb Gülnara verildiyini, sadəcə 1600 manatlıq bir kartı qəbul etdiyini, 3300 manat kredit borcunu qəbul etmədiyini göstərərək qanuni qərar çıxarılmasını xahiş etdi. İş üzrə məhkəmə iclasında sual-cavab edilərkən Cavabdeh1 bir kartdan “avon” firmasından sifarişlər etdiyi üçün istifadə etdiyini, cəmi 560 manat pul istifadə etdiyini, bir kartdan başqa iddiaçıdan pul almadığını göstərdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh3 izahatında Gülnar xanımla çox yaxın olduqlarını, Gülnar xanımın onu hətta xəstə olan zaman müalicə etdiyini, lakin bacısının qızı Aytacla Gülnar arasında nə baş verdiyini bilmədiyini, 2021-ci ilin avqust ayında Aytacla Gülnar arasında münaqişə başladığını və Kəngərli Rayon Polis şöbəsinə gətirildiklərini, polis şöbəsində Aytacın Gülnara 4000 manat borcu olduğunu öyrəndiyini, Aytacın qardaşı ilə birgə bu iş məhkəməyə getməsin deyə iddiaçının borcunu qaytarmaları barədə akta qol çəkdiklərini, “Aytacın cavan gəlindir, tutulmaması və uşağı var” deyə bu hərəkətləri etdiklərini, pul tapa bilmədiklərindən həmin zaman sahə müfəttişi ilə birlikdə Gülnargilə getdiklərini və borcun 2000 manatını Gülnara qaytardığını, qalan pulun da dekabr ayına kimi qaytaracaqlarını bildirdiklərini, Gülnar xanımın iddia etdiklərinin çoxunun düz olmadığını, əgər düzgün danışırsa, sübutlar gətirməsini və onları sübut etməsini tələb etdiyini, heç bir bankın pulu götürəndən başqa həmin pulu heç kimə verməyin mümkün olmadığını, Gülnardan heç vaxt borc pul götürmədiyini göstərərək iddianın rədd olunmasını xahiş etdi. İş üzrə məhkəmə iclasında sual-cavab edilərkən Cavabdeh3 polis şöbəsində Gülnarın Aytacın ona 4000 manat borcu olduğunu dediyini, 2000 manatı verdikdən sonra qalan pulu da 2021-ci ilin dekabr ayına kimi ödəyəcəklərinə dair söz verdiklərini bildirdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh2 izahatında iddianı qəbul etmədiyini, iddiaçının ona pul vermədiyini, onu tanımadığını, sadəcə bacısı ilə münaqişələri olduğuna görə polis şöbəsində 2000 manata qol çəkdiklərini, Gülnar xanım şikayətini geri götürsün deyə və həmin zaman çıxılmaz vəziyyətdə qaldıqlarına görə sənədə qol çəkdiklərini göstərərək iddianın rədd olunmasını xahiş etdi. İş üzrə məhkəmə iclasında sual-cavab edilərkən Cavabdeh2 2000 manat pulu dayısı Cavabdeh3 və sahə müfəttişi ilə birlikdə gedib Gülnara verdiklərini, dayısı Naməddinin dediklərinin hamısının düzgün olduğunu, Kəngərli Rayon Polis şöbəsində “2000 manatın verək 2000 manatın da 2021-ci ilin dekabr ayına kimi ödəyərik” deyə söz verdiklərini, Aytacın iddiaçı Gülnara borcu olduğunu bilmədiyini, həmin borcu polis şöbəsində öyrəndiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində 2021-ci il avqust ayında Kəngərli Rayon Polis Şöbəsinə İddiaçıla Cavabdeh1 arasında münaqişə yaşanması barədə məlumat daxil olduğunu, şöbədə tərəflər arasında olan mübahisənin səbəbinin borc məsələsi olduğunun məlum olduğunu, Cavabdeh1 İddiaçı qızıllarını alıb satdığını və eləcə də ona pul borcunun olduğunu, Aytacın qardaşı Cavabdeh2 qızılları tapıb Gülnarın özünə verdiyini və aralarında bildiyi qədəri ilə 4000 manat borc pul məsələsinın qaldığını, Cavabdeh1 qardaşı və dayısının Gülnara 2000 manat verdiklərini və 2021-ci ilin dekabr ayına qədər qalan pulu hissə-hissə ödəyəcəklərini bildirdiklərini, ondan sonra 2000 manat İddiaçı verildiyini, qalan 2000 manatın isə verilmədiyini eşitdiyini, şöbədə olan vaxtı Cavabdeh1 Gülnara xanıma borcu olduğunu etiraf etdiyini və Gülnar xanımın da şikayətini geri çəkdiyini, hətta Aytacın Gülnar xanımdan üzr istədiyini, şöbədə olan vaxtı borc pulun məbləğinin 4000 manat olduğunun deyildiyini, pul söhbətində razılaşmada Aytac özü iştirak etməsə də, bundan məlumatlı olduğunu, dayısı və qardaşı Gülnarla pul söhbətində razılaşmada Aytacın orada olmadığını göstərdi. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində iddiaçı Gülnarla cavabdeh Aytac arasında 2021-ci ilin avqust ayında münaqişə olması barədə Kəngərli rayon polis şöbəsinə məlumat daxil olduğunu, Gülnarın xəstəxanaya qaldırıldığını, araşdırma zamanı münaqişənin borc pul üstündə olduğunun məlum olduğunu, Aytac və Gülnarın qonşu olduqlarına görə bir-birlərini yaxından tanıdıqlarını, polis şöbəsində Aytacın qardaşı və dayısının sonradan 4000 manat olan borcdan 2000 manatının Gülnara ödədiklərini və beləliklə Gülnarın ərizə verib şikayətindən imtina etdiyini, qalan borcu da 4 ay içində Gülnara ödəyəcəklərini bildirdiklərini, onların arasında olan borc məsələsinin haradan qaynaqlanması barədə heç bir məlumatının olmadığını, Aytacın dayısı və qardaşının Gülnarla razılığa gəldiklərini, razılaşmada Aytacın orada olmadığını, şöbədə Naməddin və Elzasın qalan pulu özlərinin ödəyəcəklərinə dair söz verdiklərini göstərdi. İş materiallarına əlavə olunmuş Kəngərli rayon Məhkəməsinin sorğusuna əsasən Kəngərli rayon Polis Şöbəsinin 08.12.2021-ci il tarixli, 6/1173 nömrəli cavab məktubunda Kəngərli rayon Qıvraq qəsəbə sakinləri Cavabdeh2 və Cavabdeh3 Kəngərli rayon Polis Şöbəsinə yazılı olaraq öhdəlik ərizəsi vermədikləri və Kəngərli rayon Polis Şöbəsində elə bir ərizənin qeydiyyatının olmadığı göstərilmişdir. İş materiallarına əlavə olunmuş 26 oktyabr 2021-ci il tarixli ********* nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı iddia qaldırarkən 70 manat dövlət rüsumu ödəmişdir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə iş materiallarını təqdim olunmuş sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 2000 (iki min) manat alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə, həmçinin Cavabdeh3 və Cavabdeh2 qarşı hissədə rədd edilməlidir. Belə ki, iş üzrə iddiaçının və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 izahatları, şahid ifadələri ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 arasında müxtəlif vaxtlarda şifahi borc müqavilələri bağlanmış və Cavabdeh1 iddiaçıdan borc pul almış, iddiaçının cavabdehdən borcu tələb etdikdə onlar arasında münaqişə yaranmış və bunun nəticəsində Kəngərli Rayon Polis Şöbəsində araşdırma aparılmış, araşdırma zamanı münaqişənin Cavabdeh1 iddiaçıya 4000 manat borcun olması məlum olmuş, mübahisənin həlli üçün Cavabdeh1 qardaşı Cavabdeh2 və dayısı Cavabdeh3 iddiaçı ilə razılaşaraq həmin 4000 manat məbləğin 2000 manatı qaytarılmış, qalan 2000 manat borcun qaytarılmasını 2021-ci ilin dekabr ayınadək hissə-hissə qaytarılmasına vəd vermişlər. Məhz bundan sonra iddiaçı cavabdehdən şikayətçi olmamışdır. Borcun 2000 manat qalıq hissəsi qaytarılmadığından iddiaçı məhkəməyə müraciət etmişdir. İş üzrə Cavabdeh1 məhkəmədə izahat verərək iddiaçıya borcunun olmamasını bildirsə də, bunlara dair məhkəməyə heç bir sübut təqdim etməmiş və əsaslandırmamışdır. Cavabdeh1 İddiaçı 2000 manat pul borcunun olması cavabdehlər Cavabdeh2 və Cavabdeh3 izahatları, şahid ifadələri ilə tam təsdiqini tapmış, iddiaçının digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi isə sübuta yetirilməmişdir. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 izahatlarında Kəngərli Rayon Polis şöbəsində 4000 manat borc barədə iddiaçı ilə razılaşmanın “Aytacın cavan gəlin və uşağının olması, onun tutulmaması, Gülnarın şikayətini geri götürməsi və həmin zaman çıxılmaz vəziyyətdə qaldıqları səbəbindən bu hərəkətləri etdiklərinə” münasibət bildirirərək belə nəticəyə gəlir ki, qeyd edilənlər əsaslandırılmadığından qalan borcu ödəməmək məqsədi daşıyır. Çünki bu razılaşmadan sonra iddiaçıya 2000 manat pul ödənilmiş, qalan 2000 manat isə ödənilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsindən əmələ gələn öhdəliklər yaranmış və Cavabdeh1 həmin öhdəliyin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı Cavabdeh1 qarşı iddiası qismən əsaslıdır, Cavabdeh3 və Cavabdeh2 qarşı iddiası isə əsassızdır. İddiaçı iddiasının əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh1 isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 2000 (iki min) manat pul tutulmalıdır. İddia qalan hissədə və eləcə də cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair hissədə rədd edilməlidir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olan 59,66 manatlıq hissəsinin əvəzi iş üzrə Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2000 (iki min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh1 iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 59,66 (əlli doqquz manat altmış altı qəpik) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddianın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 pul tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar