Məhkəmə qərarları › İş №2(111)-17/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-17/2022

29.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-17/2022 29.03.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh avtomobilinin dəyəri olan 21500 (iyirmi bir min beş yüz) manat, yeni motor alması üçün ona ödədiyi 3300 (üç min üç yüz) manat, hüquqi yardıma görə vəkilə ödədiyi 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq ödəmiş olduğu 165 (yüz altmış beş) manat olmaqla, ümumilikdə 25365 (iyirmi beş min üç yüz altmış beş) manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o,14 iyun 2021-ci il tarixdə Naxçıvan şəhər sakini X2 21500 manata "X9” markalı, 2007-ci il buraxılış ili olan, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (avtomobil) almış, həmin avtomaşınla müxtəlif ticarət obyektlərinə yük daşıyaraq ailəsini dolandırırmış. Avtomobilinin motorunda nasazlıq yarandığından Naxçıvan şəhəri, Şəhriyar küçəsində yerləşən avtomobil təmiri sexində usta işləyən Cavabdeh avtomobilinin motorunu təmir etdirmək (dəyişmək) qərarına gəlmiş, Nəsrulla ilə razılaşması belə olmuşdur ki, o, Nəsrullaya nağd olaraq 3300 (üç min üç yüz ) manat verəcəyini, o da qarşılığında yeni motor taparaq onun avtomobilinə qoyacaqdır. Bu məqsədlə 20.07.2021-ci il tarixdə Nəsrulla ilə təmir sexində görüşərək “X9” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilini ona təhvil vermişdir. Nəsrulla da söz vermişdi ki, 3- 4 gün müddətinə təmir edib qaytaracaq, lakin nə zaman onunla əlaqə saxlasa da, “bu günə - sabaha təmir edəcəm gəlib apararsan” demişdir. Təxminən 7-8 avqust 2021-ci il tarixdə səhər tezdən Naxçıvan şəhər Polis bölməsindən ona zəng vuraraq ondan avtomaşının markasını və nömrəsini soruşmuşlar. O da nə üçün soruşduqlarını bildirdikdə “avtomaşını qoyduğun sexdə yanğın baş verib və sizin avtomaşına ziyan dəyib” demişlər. O, dərhal həmin sexə gəlmiş, Nəsrulladan maşının yanma səbəbini soruşmuş, Nəsrulla isə “işdən sonra başqa bir avtomaşının təqsiri ucbatından sexdə yanğın baş verib və sənin də avtomobilin yanıb” demişdir. Avtomobili tamam yandığından Nəsrulladan avtomobilini, yaxud yeni aldığına görə avtomobilinə ödədiyi pulu və əlavə olaraq yeni motor üçün verdiyi pulu istəmiş, Nəsrulla isə “mənim heç cürə imkanım yoxdur, digər yanan maşının sahibi ödəyəcək” demişdir. Həmin gün o, Naxçıvan şəhər X3 şöbəsinə müraciət etmiş, oradan həmin sexdə yanğın baş verməsi səbəbindən ona məxsus olan "X9” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəyməsi barədə arayış vermişlər. Eyni zamanda həmin arayışlarda göstərilmişdir ki, yanğının baş verməsinə səbəbkar Cavabdehdur. Nəsrullaya şifahi və yazılı dəfələrlə ona dəyən maddi ziyanı qaytarması barədə müraciət etsə də, lakin Nəsrulla imkanı olmadığı üçün ona heç bir köməklik edə bilməyəcəyini bildirmişdir. Buna görə də o, məcbur qalıb məhkəməyə müraciət edir. Bundan başqa həmin avtomaşınla o, ailəsini dolandırırmış. Üç aya yaxındır ki, avtomaşını işləmədiyindən ailəsini dolandırmaqda maddi cəhətdən çox çətinlik çəkir. Həmçinin qeyd etmək istəyir ki, avtomobilinin yana biləcək bütün hissələri yanaraq kül olmuş və avtomobili metal yığınına dönmüş, tamamilə yararsız hala düşmüşdür. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, 2021-ci ilin iyun ayında “X8” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili aldığını, təxminən maşın 1 ay işlədikdən sonra nasaz vəziyyətə düşdüyünü, Nəsrulla adlı ustanı məsləhət gördüklərini və yaxşı motor düzəltdiyini dediklərini, Nəsrullanın yanına getdiyini və öz maşınını təmir etmək üçün ona verdiyini, əlavə olaraq ehtiyat hissələri ilə birlikdə yeni motor qoyması üçün 3300 manat da pul verdiyini, bir həftəyə motoru maşına qoyub verəcəyinə Nəsrullanın söz verdiyini, təxmini 1 ay maşının düzəlməyini gözlədiyini, sonra sexdə yanğın olması barədə polis şöbəsindən zəng vurub xəbər verdiklərini, maşının sexdə yanğın nəticəsində yandığını, daha sonra razılaşmaq üçün Nəsrullanın yanına gedib ona zərər vurduğunu dediyini, maşının yanıb külə çevirildiyini və təmir etdirməyin heç cür mümkün olmadığını, Nəsrullanın da “bu yanğında mənim günahım yoxdur istəyirsən get ver məhkəməyə” dediyini, çıxılmaz vəziyyətdə qaldığına görə məhkəməyə müraciət etdiyini, artıq Nəsrulladan 3300 manatı tələb etmədiyini, sadəcə 21500 manat, vəkilə ödədiyi 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzini tələb etdiyini göstərərək qanuni qərar çıxarılmasını xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında iddiaçının dediklərini təsdiq edərək, cavabdehdən 3300 manatı tələb etmədiklərini, sadəcə 21500 manat, vəkilə ödənilmiş 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzini tələb etdiklərini göstərərək qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh izahatında iddiaçının dediklərinin hamısının doğru olduğunu, lakin iddia tələbini qismən qəbul etdiyini, həmin maşını saz vəziyyətdə onun yanına gətirmədiklərini, ona görə iddianı bu şəkildə qəbul etmədiyini, sözügedən maşın sexə gətiriləndə maşının motorunun olmadığını, iddiaçının ona 2500 manat pulu nağd şəklində 800 manat pulu isə onun maşının hissələrini aldığına görə razılaşıb verdiyini, hazırda çox pis vəziyyətdə olduğunu, ona görə iddiaçıya öz maşınını təklif etdiyini, lakin iddiaçının razılaşmadığını, ondan tələb olunan 3300 manat məbləğə etiraz etdiyini, lakin 21500 manat dəymiş ziyanı qəbul etdiyini, hazırda ödəmək imkanının olmadığını, yanğının başqa maşından düşdüyünü, gələcəkdə hissə-hissə ödəyə biləcəyini göstərərək qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 İdarəsi Naxçıvan Şəhər X3 şöbəsinin 01 sentyabr 2021-ci il tarixli 27/10-30/0073 nömrəli arayışına əsasən 07 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər idarəsinə məxsus Cavabdeh icarəyə verilmiş avtomobil təmiri sexində Mersedes markalı ** JN *** dövlət nömrə nişanlı avtomobildə baş vermiş yanğın hadisəsi nəticəsində Naxçıvan Şəhəri Tumbul kənd sakini İddiaçı məxsus Ford Tranzid ** BC *** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 İdarəsi Naxçıvan şəhər X3 şöbəsinin 29 sentyabr 2021-ci il tarixli 27/10- 22/0084 nömrəli məktubundan görünür ki, 07 avqust 2021-ci il tarixdə saat 19:48-də X3 İdarəsinin 101 nömrəli rabitə qovşağına ünvan 3 ünvanında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə məxsus, Cavabdeh icarəyə verilmiş avtomobil təmiri sexində baş vermiş yanğın hadisəsi ilə bağlı hadisə yerinə aidiyyəti qurumların nümayəndələri ilə birgə baxış keçirilmiş, baş vermiş hadisə ilə bağlı sex sahibindən və hal şahidlərindən ilkin olaraq izahatlar alınmış, yanğın aktı və baxış protokolu tərtib edilərək, təhqiqat materialları hazırlanmış və yanğının baş vermə səbəbinin və səbəbkarın aydınlaşdırılması üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Naxçıvan şəhər X3 şöbəsinə, 26 avqust 2021-ci il tarixli 225 nömrəli göndərilmiş cavab məktubuna əsasən yanğının baş verməsində səbəbkar avtomobil təmir sexini icarəyə götürmüş Cavabdeh olması göstərilmişdir. Belə ki, Cavabdeh Azərbaycan Respublikasında "Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları"nın 2.3.5, 2.3.6 və “Elektrik qurğularının quraşdırma qaydaları"nın 2.1.32, 2.1.36 və 2.1.37 bəndlərinin tələblərini pozmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2022-ci il tarixli 27 nömrəli ekspert rəyinə əsasən baş vermiş yanğın hadisəsi nəticəsində “X9” markalı, ** BG *** dövlət nömrə nişanlı avtomobil tamamilə yararsız vəziyyətdə olduğu üçün avtomobilə dəymiş maddi zərərin məbləğini müəyyən etmək mümkün deyil. “X9” markalı, “Vaqon” tipli, 2007-ci il buraxılışlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxmini olaraq 20500 (iyirmi min beş yüz) manat həcmində müəyyən olunur. İş materiallarında olan AE 078468 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2007, X9 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarında olan 14 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqısına dair müqavilənin surətindən görünür ki, həmin tarixdə alğı-satqı müqaviləsi əsasında Naxçıvan şəhəri, Əlincə ev 6, mənzil 3-da yaşayan X5 tərəfindən buraxılış ili 2007, X9 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 21500 manata İddiaçı satılmişdır. İş materiallarında olan 14 sentyabr 2021-ci il tarixli, 04/565 nömrəli hüquqi yardım üzrə xidmət müqaviləsinin surətinə əsasən iddiaçı Hacıyev X4 Rayon Məhkəməsində ona hüquqi yardım göstərilməsi üçün 400 manat pul ödəmişdir. İş materiallarında olan 01 noyabr 2021-ci il tarixli ********* nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı iş üzrə 166 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və iş materiallarını tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı 20 iyul 2021-ci il tarixdə özünə məxsus X9 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təmir etdirmək üçün ünvan 5 ünvanında yerləşən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə məxsus təmir sexində usta işləyən Cavabdeh təhvil vermiş, avtomobil təhvil verilərkən iddiaçı tərəfindən cavabdehə avtomobilinin motorunu təmir etdirmək (dəyişmək) üçün aralarında olan razılaşmaya əsasən Nəsrullaya 2500 manat nağd pul və motorun təmiri üçün 800 manat dəyərində olan ehtiyat hissələri vermiş, 07 avqust 2021-ci il tarixdə həmin təmir sexində yanğın baş vermiş və nəticədə təmir sexində olan digər avtonəqliyyat vasitələri də daxil olmaqla “X9” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tam yanaraq yararsız hala düşmüş, iddiaçıya ziyan dəymişdir. Naxçıvan şəhər X3 şöbəsi tərəfindən baş vermiş yanğın hadisəsi ilə əlaqədar araşdırma aparılmış və yanğının baş vermə səbəbinin və səbəbkarın aydınlaşdırılması üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Naxçıvan şəhər X3 şöbəsinə, 26 avqust 2021-ci il tarixli 225 nömrəli göndərilmiş cavab məktubuna əsasən yanğının baş verməsində səbəbkar avtomobil təmir sexini icarəyə götürmüş Cavabdeh olması göstərilmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçı cavabdehdən avtomobilinin motorunu təmir etdirmək (dəyişmək) üçün Nəsrullaya verdiyi 2500 manat nağd pulu və motorun təmiri üçün 800 manat dəyərində olan ehtiyat hissələrinin dəyəri ilə birlilikdə tələb etdiyi 3300 manatı istəməyərək, sadəcə yanğın nəticəsində avtomobilinə 21500 manat məbləğində dəymiş zərəri tələb etmiş, cavabdeh isə avtomobilinin motorunu təmir etdirmək (dəyişmək) üçün ondan tələb edilən həmin 3300 manat məbləğin ona verildiyini təsdiqləsə də, iddiaçı tərəfindən avtomobil nasaz vəziyyətdə ona təhvil verildiyindən iddianın həmin hissəsinə etiraz edərək əsassız olduğunu bildirmiş, iddianın 21500 manatlıq hissəsini isə qəbul etmişdir. Məhkəmə iddiaçının baş vermiş yanğın hadisə əlaqədar ona məxsus avtomobilə 21500 manatlıq dəymiş ziyanın ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, avtomobilin təmiri ilə əlaqədar iddiaçı və cavabdeh arasında öhdəliklər mövcud olmuş, cavabdeh maşın təmiri sexində fəaliyyət göstərmiş və sözügedən avtomobili təmir etmək üçün iddiaçıdan təhvil almış, yanğınla əlaqədar aparılmış araşdırma nəticəsində cavabdeh təqsirli bilinmiş və nəticədə iddiaçının cavabdehdən dəymiş ziyanın ödənilməsi tələbinə dair hüququ yaranmışdır. Ona görə də məhkəmə qeyd edilənləri və məhkəmə baxışında cavabdehin iddianın 21500 manatlıq hissəsini qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Eyni zamanda məhkəmə iş üzrə təyin olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2022-ci il tarixli 27 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyində baş vermiş yanğın hadisəsi nəticəsində “X9” markalı, ** BG *** dövlət nömrə nişanlı avtomobil tamamilə yararsız vəziyyətdə olduğu üçün avtomobilə dəymiş maddi zərərin məbləğini müəyyən etmək mümkün olmamasını, avtomobilin orta bazar qiyməti nəzəri qaydada təxmini olaraq 20500 (iyirmi min beş yüz) manat həcmində müəyyən olunması göstərilsə də, İddiaçı həmin avtonəqliyyat vasitəsini yanğın hadisəsi baş verməmişdən bir ay 23 gün əvvəl, 14.06.2021-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən 21500 manata almasını və iş üzrə cavabdehin iddianın 21500 manatlıq hissəsini qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddiaçıya məxsus “X9” markalı, ** BG *** dövlət nömrə nişanlı avtomobilin real dəyəri 21500 manatdır. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə təyin olunmuş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyi nəzərə alınmamalıdır. Məhkəmə, iş üzrə məhkəmə baxışında iddiaçının iddia tələbinin avtomobilinin motorunu təmir etdirmək (dəyişmək) üçün aralarında olan razılaşmaya əsasən verdiyi 2500 manat nağd pulu və motorun təmiri üçün 800 manat dəyərində olan ehtiyat hissələri daxil olmaqla cavabdehdən tələb edilən 3300 manat məbləği tələb etməməsinə münasibətdə qeyd edir ki, iddiaçı özünə məxsus “X9” markalı, ** BG *** dövlət nömrə nişanlı avtomobili cavabdehə təhvil verərkən həmin avtomobil nasaz vəziyyət olmuş və onun təmiri üçün 3300 manatlıq xərc tələb olunmuşdur. İddiaçı isə həm həmin xərci və avtomobilin saz vəziyyətdə olan dəyərində dəymiş ziyanı cavabdehdən tələb etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə işin faktiki hallarına və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə iddiaçının ona dəymiş ziyana görə cavabdehdən 21500 manat məbləğində pul vəsaitinin alınıb verilməsı barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 - 115.0.6-cı maddələrinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 400 manat və iddia qismən təmin olunduğuna görə ödənilmiş 166 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasib olan 143,04 manatlıq hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 21,96 manat hissəsi isə özünə aid edilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 21500 (iyirmi bir min beş yüz) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat və 143,04 (yüz qırx üç, dörd) manat dövlət rüsumunun əvəzi, cəmi 22043,04 (iyirmi iki min qorx üç, dörd) manat pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 21,96 (iyirmi bir, doxsan altı) manat hissəsi özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar