Məhkəmə qərarları › İş №2(111)-171/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-171/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-171/2021 11.11.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11.10.2019-cü il tarixli kredit müqaviləsi üzrə 2792.98 manat əsas borc, 398.66 manat faiz borcu və 44.24 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3235.88 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 11.10.2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 11.10.2019-cü il tarixli kredit müqaviləsinə əsasən "Nikoyl” İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 11.10.2019-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 28 aprel 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 11.01.2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27.08.2021-dək Cavabdeh1 banka 11.10.2019-cü il tarixli kredit müqaviləsi üzrə 2792.98 manat əsas borc, 398.66 manat faiz borcu və 44.24 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3235.88 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəməyə teleqram göndərərək mülki iş üzrə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiklərini, iddia ərizəsini müdafiə etdiklərini, məhkəmə iclaslarını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin məhkəməyə gəlməməsinin səbəblərini üzrsüz hesab edərək və məhkəmə baxışını onların iştirakı olmadan keçirib müvafiq qərar qəbul etməsi barədə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11.10.2019-cu il tarixli, 24-MZ2-0-700-19 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor "xxxx" İKB ASC borcalan Cavabdeh1 24 ay müddətinə, illik 30% dərəcəsi olmaqla 5000 (beş min) manat məbləğində kredit vermişdir. İş materiallarında olan 28.04.2020-ci tarixdə kreditorla borcalan arasında bağlanmış 11.10.2019-cu il tarixli, 24-MZ2-0-700-19 nömrəli kredit müqaviləsinə əlavə sazişdən görünür ki, həmin müqavilə üzrə kreditin müddəti 11.02.2022-ci ilədək uzadılmış və müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% müəyyən edilmişdir. İş materiallarında olan 28.04.2020-ci tarixdə kreditorla borcalan arasında bağlanmış 11.10.2019-cu il tarixli, 24-MZ2-0-700-19 nömrəli kredit müqaviləsinə əlavə sazişin 1 saylı əlavədən görünür ki, borcalan 11.05.2020-ci il tarixdən başlayaraq ilkin ödəniş 35.67 manat, 11.06.2020-ci il tarixdə 82.31 manat, 11.07.2020-ci il tarixdə 82.31 manat, sonrakı aylarda 265.46 manat, son ödəniş 11.01.2022-ci ildə isə 265.41 manat olmaqla krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.10.2019-cu il tarixli, 24-MZ2-0-700-19 nömrəli zaminlik müqaviləsindən və 28.04.2020-ci tarixdə kreditorla zamin arasında bağlanmış 11.10.2019cu il tarixli, 24-MZ2-0-700-19 nömrəli zaminlik müqaviləsinə əlavə sazişin 1 saylı əlavədən görünür ki, 11.10.2019-cu il tarixli, 24-MZ2-0-700-19 nömrəli kredit müqaviləsi üzrə zamin - Cavabdeh2 borcalanla birlikdə kreditior qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan tərəflər arasında bağlanmış 11.10.2019-cu il tarixli, 24-MZ2- 0-700-19 nömrəli müqavilənin 6.1.13-cü və 8.1-ci yarımbəndlərinə əsasən kreditor bu Müqavilədən irəli gələn öhdəliyi vaxtında və lazımınca icra etmədikdə bank müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Həmin müqavilənin 4.8-ci yarımbəndinə əsasən kredit ödənişləri üzrə gecikmə 15 günədək olduqda gecikdirilmiş kredit ödənişinin əsas məbləğinə gündəlik 5% dərəcəsi ilə dəbbə pulu hesablanır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 16.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği 5 gün müddətində könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 27.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 11.10.2019-cu il tarixli, 24-MZ2-0-700-19 nömrəli müqavilə üzrə 2792.98 manat əsas borc, 398.66 manat faiz borcu və 44.24 manat cərimə olmaqla ümumilikdə 3235.88 manat borcu mövcuddur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin çıxarışından görünür ki, qurumuin adı İddiaçı ASC olaraq qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin cavabdehlər müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iş materiallarından aydın olur ki, borclu şəxslər hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11.10.2019-cu il tarixli, 24-MZ2-0-700-19 nömrəli kredit müqaviləsi ilə öz üzərilərinə götürdükləri öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq da iş üzrə İddiaçı ASC-nin iş üzrə cavabdehlərdən əsas borcun, kreditdən istifadəyə görə faizlərin və cərimə məbləğinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən 27.08.2021-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış 11.10.2019-cu il tarixli, 24-MZ2-0-700-19 saylı krediti müqaviləsi üzrə yaranmış 2792.98 manat əsas borc, 398.66 manat faiz borcu və 44.24 manat cərimə olmaqla ümumilikdə 3235.88 manat məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli və Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 11.10.2019-cu il tarixli 24-MZ2-0-700-19 saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunduğundan 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11.10.2019-cu il tarixli, 24-MZ2-0-700-19 saylı krediti müqaviləsi üzrə yaranmış 2792.98 manat əsas borc, 398.66 manat faiz borcu və 44.24 manat cərimə olmaqla ümumilikdə 3235.88 (üç min iki yüz otuz beş, səksən səkkiz) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASCnin xeyrinə tutulsun. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 11.10.2019-cu il tarixli 24-MZ2- 0-700-19 saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar