Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-178/2024 16.08.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh alimentin artırılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Biləsuvar Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək artırılıb, Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 235 manat olmaqla cəmi 470 manat aliment tutulub, 01 avqust 2010-cu il təvəllüdlü X3 və 28 iyun 2013-cü il təvəllüdlü X1 üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-cu ildə evlənmiş, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 adında uşaqları doğulmuşdur. Nikahları Biləsuvar Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmçinin Biləsuvar Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay bir uşaq üçün 80 manat olmaqla cəmi 160 manat aliment tutulub ona ödənilməsi qət olunmuşdur. Hazırda cavabdeh həmin məbləği zorla da olsa ödəsə də uşaqların başqa tələbatları ilə maraqlanmır, onların qayğısına qalmamaqla səhhətləri və təhsilləri ilə də bir dəfə də olsun belə maraqlanmayıb. Uşaqların qayğısına özü təkbaşına qalır. Xəstələnirlər, müalicəsi ilə tək məşğul olur. O, isə bir ata kimi 160 manat göndərərək çəkilib kənarda durur. 2017-ci ilə nisbətən 2024-cü ildə yaşayış minimumu artmış, həyat şərtləri dəyişmiş, uşaqlar da böyüyərək tələbatları artmışdır. Həmçinin hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün ödənilən aliment məbləği yetkinlik yaşına çatmayan uşağın mənafeyi baxımından məqsədəmüvafıq deyil. Ona görə də cavabdehdən tutulması müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək artırılmasını istəyir. İş üzrə Cavabdeh mülki iş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş, lakin o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə teleqram göndərərək maddi imkanı olmadığı üçün xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasına gələ bilməyəcəyini bildirib bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrlü hesab edərək, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iştirak edən iş üzrə iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini, özünün hərbi hissədə aşpaz köməkçisi işlədiyini, 300 manat maaş aldığını, cavabdehin 160 manat aliment verdiyini, uşaqların saxlanılmasında əlavə heç bir köməklik etmədiyini, ona görə də çətinlik çəkdiyini, cavabdehin usta işlədiyini, aylıq qazancının yaxşı olduğunu, uşaqların saxlanılmasında, onların təhsilində ata kimi üzərinə düşən öhdəliyi yerinə yetirməli olduğunu bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən məhkəmənin elektron poçtuna göndərilmiş ərizədə daimi iş yerinin olmadığı üçün məhkəmənin təyin etdiyi hər uşağa 80 manat olmaqla cəmi 160 manatı yeddi ildir ki, ödədiyini, özünün tikinti sahəsində fəhlə işlədiyini, bundan artığını ödəməyə imkanının olmadığını, İddiaçı hazırda N saylı hərbi hissədə mülki şəxs kimi aşpaz işlədiyini bildirərək, vəziyyətini nəzərə alaraq onun haqqında ədalətli hökm (qətnamə nəzərdə tutmuşdur) çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ 559886 nömrəli və AZ-İİİ 156558 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iş üzrə tərəflərin 01 avqust 2010-cu il tarixdə X5 və 28 iyun 2013-cü il tarixdə X6 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Biləsuvar Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli, 2(022)-1942/2017 nömrəli qətnaməsinə əsasən Cavabdeh hər ay bir uşaq üçün 80 manat olmaqla cəmi 160 manat aliment tutulub 01 avqust 2010-cu il tarixdə doğulmuş X3 və 28 iyun 2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 408283 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuşdur. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Biləsuvar Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli, 2(022)- 1942/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay bir uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq 01 avqust 2010-cu il tarixdə doğulmuş X3 və 28 iyun 2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, Biləsuvar Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli, 2(022)-1942/2017 nömrəli qətnaməsinə əsasən hər ay bir uşaq üçün 80 manat olmaqla cəmi 160 manat aliment tutularaq 01 avqust 2010cu il tarixdə doğulmuş X3 və 28 iyun 2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi qət edilmiş, aliment müəyyən olunduqdan sonra yaşayış minimumu və həyat şərtləri dəyişmiş, uşaqlar da böyüməklə tələbatları artmışdır. Bu da iş üzrə iddiaçının maddi vəziyyətinə mənfi yöndən təsir etmişdir. Uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyənləşdirildiyi bir halda, iş üzrə cavabdehin faktiki olaraq ödədiyi 80 manat aliment də qaneedici hesab edilə bilməz. Ona görə də əvvəl müəyyənləşdirilmiş aliment məbləği dəyişdirilərək artırılmalıdır. Məhkəmə iddianı qismən təmin edərkən onu da nəzərə almışdır ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni həm ata, həm də ana uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin vəzifələri kimi qeyd edilmişdir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2017-ci il üçün yaşayış minimumu uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentina tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Əlavə olaraq məhkəmə qeyd edir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, tərəflərin maddi və əmlak vəziyyətini, cavabdehin ödəmə qabiliyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların minimum maddi təminat almaq hüququnu, yetkinlik yaşına çatmayan uşağın anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehdən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay bir uşaq üçün 150 manat aliment tutulması məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (300-160=140x12=1680) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə 36.8 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli, 2(022)-1942/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq 01 avqust 2010-cu il təvəllüdlü X3 və 28 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 36.8 (otuz altı manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-178/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-178/2024
16.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver