Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-192/2021 09.12.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh avtomaşının yanmasına görə ona dəymiş ziyan olaraq 5190 manat, ay yarım ərzində avtomobillə qazanacağı 1500 manat əldən çıxmış qazancın və dövlət rüsumu olaraq ödədiyi 30 manat, ümumilikdə 6720 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mən 02.07.2019-cu il tarixdə Mitsubishi L 200 markalı avtomaşın almışam. Həmin avtomaşınla kənd təsərrüfatı işlərini, eləcə də kənd camaatının işlərini görərək ailəmi dolandırırdım. Avtomaşın nasaz olanda avtomaşını əvvəldən tanıdığım və Naxçıvan şəhəri, Şəhriyar küçəsində yerləşən avtomobil təmiri sexində usta işləyən Cavabdeh təmir etdirirdim. Bir neçə dəfə Nəsrulla mənə məxsus olan həmin Mitsubishi L 200 markalı avtomaşını təmir etmişdir. Sonuncu dəfə avtomaşının sürətlər qutusunda nasazlıq olduğuna görə mən yenə avtomaşını Nəsrullanın işlədiyi avtomobil sexinə apardım. Nəsrullaya avtomobilin nasaz olduğunu bildirdim. Nəsrulla avtomaşına baxaraq ehtiyat hissəsi hazırda olmadığına görə avtomaşının sexdə qalmasını, ehtiyat hissəsi gələn kimi düzəldəcəyini bildirdi. Ona görə də mən özümə məxsus olan Mitsubishi L 200 markalı avtomaşını Nəsrullanın işlədiyi avtomobil sexində açarı ilə birlikdə Nəsrullaya təhvil verib getdim. Səhərisi günü, yəni 07 avqust 2021-ci il tarixdə axşam Naxçıvan şəhər Polis bölməsindən mənə zəng vuraraq məndən avtomaşının markasını və nömrəsini soruşdular. Mən nə üçün soruşduqlarını bildirəndə dedilər ki, avtomaşını qoyduğun sexdə yanğın baş verib və sizin avtomaşına ziyan dəyib. Səhəri günü tezdən mən həmin sexə gəldim. Nəsrulla da sexdə idi. Nəsrulladan maşının yanma səbəbini soruşdum. Bildirdi ki, işdən sonra başqa bir avtomaşının təqsiri ucbatından sexdə yanğın baş verib və sənin də avtomobilinə ziyan dəyib. Mən Nəsrulladan avtomobilə dəyən ziyanın ödənilməsini, ya da avtomobili təmir edib saz vəziyyətdə mənə verməsini xahiş etdim. Nəsrulla bildirdi ki, mənim heç cürə imkanım yoxdur. Həmin gün mən Naxçıvan şəhər X2 şöbəsinə müraciət etdim. Oradan həmin sexdə yanğın baş verməsi səbəbindən mənə məxsus olan Mitsubishi L 200 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəyməsi barədə arayışı verdilər. Bundan sonra mən avtomobilə dəymiş ziyanın məbləği ilə əlaqədar Naxçıvan şəhəri “Faytonçu" restoranın arxasında yerləşən maşınqayırma sexində işləyən X4 mənim avtomaşınıma dəymiş ziyanın hesablanması ilə bağlı müraciət etdim. Əsgər gəlib Nəsrullanın işlətdiyi sexdə avtomaşınıma baxış keçirdi və dəymiş ziyanla bağlı mənə sənəd təqdim etdi. Həmin sənədə əsasən avtomaşının ön şüşəsi, arxa şüşəsi, sağ və sol güzgüləri, ön bufer, qapının şiti, ön șit, sağ qapının şüşəsi, sağ və sol arxa stopları, qapı əlcəkləri, salonun ablivkaları, ön sağ qapı və sairə, malyar - boya işi, elektrik çilingər işləri üçün cəmi avtomaşına 5190 (beş min yüz doxsan) manat ziyan dəyməsi qeyd edilmişdir. Bundan sonra mən yenə Nəsrulla ilə görüşdüm. Avtomaşınıma dəymiş ziyanın ödənilməsini və ya avtomaşınımın saz vəziyyətdə mənə qaytarılmasını xahiş etdim. Lakin Nəsrulla imkanı olmadığı üçün mənə heç bir köməklik edə bilməyəcəyini bildirdi. Buna görə də mən məcbur qalıb məhkəməyə müraciət edirəm. Bundan başqa həmin avtomaşınla mən ailəmi dolandırıram. İki aya yaxındır ki, avtomaşınım işləmədiyindən ailəmi dolandırmaqda maddi cəhətdən çox çətinlik çəkirəm. Həmin avtomaşınla gündə ən az 30-40 manat pul qazanırdım. Ay yarım ərzində avtomaşınım işləmədiyinə görə qazanacağım 1500 manata qədər puldan məhrum olmuşam. Ona görə də həmin pulu da Nəsrulladan tələb edirəm. Ümumilikdə mənə avtomaşınımın yanmasına görə 5190 (beş min yüz doxsan) manat, ay yarım ərzində avtomobillə qazanacağım 1500 (bir min beş yüz) manat və dövlət rüsumu olaraq ödəmiş olduğum 30 manat pulu da qaytarılmasını istəyirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir yazılı və şifahi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzrsüz sayaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, 06 avqust 2021-ci il tarixdə özünə məxsus Mitsubishi L 200 markalı avtomaşını sürətlər qutusunda nasazlıq olduğuna görə təmir üçün Naxçıvan şəhəri, Şəhriyar küçəsində yerləşən avtomobil təmiri sexində usta işləyən Cavabdeh təhvil verdiyni, maşının Nəsrullanın təmir sexində qaldığını, 07 avqust 2021-ci il tarixdə həmin sexdə yanğın baş verdiyini və avtomaşınına xeyli ziyan dəydiyini, baş vermiş yanğınla əlaqədar avtomaşınına dəymiş ziyanın Cavabdeh yanında müəyyən edildiyini və dəymiş ziyan məbləği ilə razılaşdığını, ondan ziyanın ödənilməsini tələb etdiyini, hətta dəymiş ziyan məbləği ilə bağlı razılığa gələ biləcəyini bildirdiyini, lakin Nəsrulla imkanı olmadığını əsas gətirib dəymiş ziyanı ona ödəmək istəmədiyini göstərərək Nəsrullanın təqsirindən maşınına dəymiş 5190 manat məbləğində ziyanın və ay yarım ərzində avtomobillə qazanacağı 1500 manat pulun alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə 04 noyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh qismində dindirilən Cavabdeh iddiaçının dediklərinin hamısının doğru olduğunu, lakin iddia tələbini qəbul etmədiyini, iddiaçının ona yanğın baş verməmişdən 2 gün əvvəl maşınını gətirdiyini, “maşının bəzi hissələri xarab olub, onları təmir et” dediyini, ona ehtiyat hissəsi gələn kimi maşınını düzəldəcəyini bildirdiyini, evdə olarkən ona başqa bir maşının xarab olması ilə bağlı zəng vurulduğunu, o isə cavabında “aparın sexə səhər gəlib baxaram” dediyini, həmin maşının dondurma maşını olduğuna görə maşının içərisindəkilər xarab olmasın deyə elektrikə qoşduqlarını və həmin anda partlayış olduğunu və yanğın baş verdiyini, ancaq yanğın baş verən zaman özünün orada olmadığını, sadəcə sexin mühafizəçilərinin orada olduğunu, sexdə yanğının işdən çıxıb evə gəldikdən 10 dəqiqə sonra baş verdiyini, yanğın onun səhvi ucbatından baş vermədiyini, yanğın baş verdiyinə görə sexdə iddiaçının maşınına da ziyan dəydiyini, özünün həmin zaman orada olmadığını kamera qeydləri ilə də müəyyən olunduğunu, bu işdə onun heç bir günahı olmadığını, iddiaçıya dəymiş ziyanı ödəyəcək qədər maddi imkanın olmadığını, iddiaçının maşınına - 5190 manat dəymiş ziyan məbləği ilə razı olduğunu, təmir sexinin onun olmadığını, kirayəyə götürüb işlətdiyini göstərərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə cavabdeh N. Nəsrullayev işlə bağlı məhkəməyə göndərdiyi ərizəsində Şərur rayonu Çomaxtur kənd sakını İddiaçı mülkiyyət hüquqlu maşınının yanması nəticəsində dəymış zıyana görə ona 5.000 (beş min) manat ödənilməsi barədə məhkəmədə əsassız iddia qaldırdığını, belə ki, hadisə baş verən gün, yəni 7 avqust 2021cı il, saat 19 radələrində sexdə olmadığını və iddiaçının maşını həmın sexdə saxlamasına, təhlükəsizliyinə dair heç bir öhdəliyinin olmadığını, yanğının baş vermə səbəbinin Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində təhlükəsizlik qaydalarına əməl edilməməsi olduğunu, daha doğrusu, Azərbaycan Respublikasının "yanğından mühafizə haqqında” qanunun 6.1, 6.2, 6.4, 8.1, 21.1, 21.8, 21.9, 21.10, 23 və 24-cü maddələrində nəzərdə tutulmuş hallara məhəl qoyulmadığını, həmin təşkilata məxsus avtomobil təmiri sexi hüquqi cəhətdən icarəsinə verilmədiyindən iddiaçının onu cavabdeh qismində tanımaqda haqlı olmadığını, buna görə də iddiaçının arqumentlərinin hüquqa zidd və qəbul oluna bılməz olduğunu göstərərək İddiaçı pul tələbi barədə iddiasında göstərilən hallar hüquqa zidd olduğundan iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 İdarəsi Naxçıvan Şəhər X2 şöbəsinin 21 avqust 2021-ci il tarixli 27/10-22/0085 nömrəli arayışına əsasən 07 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər idarəsinə məxsus Cavabdeh icarəyə verilmiş avtomobil təmiri sexində Mersedes markalı ** JN *** dövlət nömrə nişanlı avtomobildə baş vermiş yanğın hadisəsi nəticəsində Mitsubishi L-200 ** BB *** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər X2 şöbəsinin 15 noyabr 2021-ci il tarixli 27/10-22/0098 nömrəli məktubundan görünür ki, 07 avqust 2021-ci il tarixdə saat 19:48-də X2 İdarəsinin 101 nömrəli rabitə qovşağına ünvan 3 ünvanında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə məxsus, Cavabdeh icarəyə verilmiş avtomobil təmiri sexində baş vermiş yanğın hadisəsi ilə bağlı hadisə yerinə aidiyyəti qurumların nümayəndələri ilə birgə baxış keçirilmiş, baş vermiş hadisə ilə bağlı sex sahibindən və hal şahidlərindən ilkin olaraq izahatlar alınmış, yanğın aktı və baxış protokolu tərtib edilərək, təhqiqat materialları hazırlanmış və yanğının baş vermə səbəbinin və səbəbkarın aydınlaşdırılması üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Naxçıvan şəhər X2 şöbəsinə, 26 avqust 2021-ci il tarixli 225 nömrəli göndərilmiş cavab məktubuna əsasən yanğının baş verməsində səbəbkar avtomobil təmir sexini icarəyə götürmüş Cavabdeh olması göstərilmişdir. Belə ki, Cavabdeh Azərbaycan Respublikasında "Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları"nın 2.3.5, 2.3.6 və “Elektrik qurğularının quraşdırma qaydaları"nın 2.1.32, 2.1.36 və 2.1.37 bəndlərinin tələblərini pozmuşdur. İş materiallarında olan ********** VÖEN nömrəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 İddiaçı verdiyi AAT 071109 nömrəli qaimə - fakturaya əsasən İddiaçı avtomobilinə 5190 manat məsrəf hesablanmışdır. İş materiallarında olan AD 543965 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2006, Mitsubishi markalı, ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarında olan 09 sentyabr 2021-ci il tarixli 28525 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı iş üzrə 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və iş materiallarını tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı 06 avqust 2021-ci il tarixdə özünə məxsus “Mitsubishi” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini açarları ilə birlikdə təmir etdirmək üçün ünvan 5 ünvanında yerləşən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə məxsus təmir sexində usta işləyən Cavabdeh təhvil vermiş, 07 avqust 2021-ci il tarixdə həmin təmir sexində yanğın baş vermiş və nəticədə təmir sexində olan digər avtonəqliyyat vasitələri də daxil olmaqla “Mitsubishi” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Naxçıvan şəhər X2 şöbəsi tərəfindən baş vermiş yanğın hadisəsi ilə əlaqədar araşdırma aparılmış və yanğının baş vermə səbəbinin və səbəbkarın aydınlaşdırılması üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Naxçıvan şəhər X2 şöbəsinə, 26 avqust 2021-ci il tarixli 225 nömrəli göndərilmiş cavab məktubuna əsasən yanğının baş verməsində səbəbkar avtomobil təmir sexini icarəyə götürmüş Cavabdeh olması göstərilmişdir. İşin icraatı zamanı tərəflər “Mitsubishi” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 5190 manat ziyanın məbləğini mübahisələndirməmişlər. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh N. Nəsrullayev həmin təmir sexinin Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsinə aid olduğunu, idarə tərəfindən təhlükəsizlik qaydalarına əməl edilmədiyini, Azərbaycan Respublıkasının "Yanğından mühafizə haqqında” Qanunun 6.1,6.2, 6.4, 8.1, 21.1, 21.8, 21.9, 21.10, 23 və 24-cü maddələrində nəzərdə tutulmuş hallara məhəl qoyulmadığını, (hansı ki, "Yanğından mühafizə haqqında” Qanun mövcud deyil) həmin təşkilata məxsus avtomobil təmiri sexi hüquqi cəhətdən icarəsinə verilmədiyini, iddiaçının onu cavabdeh qismində tanımaqda haqlı olmadığını, buna görə də iddiaçının arqumentlərinin hüquqa zidd və qəbul edilməz olduğunu və İddiaçı pul tələbi barədə iddiasında göstərilən halların hüquqa zidd olduğunu göstərməsidir. Məhkəmə bununla bağlı qeyd edir ki, maşının təmiri ilə əlaqədar iddiaçı və cavabdeh arasında öhdəliklər mövcud olmuş, cavabdeh maşın təmiri sexində fəaliyyət göstərmiş və sözügedən avtomobili təmir etmək üçün iddiaçıdan təhvil almış, yanğınla əlaqədar aparılmış araşdırma nəticəsində cavabdeh təqsirli bilinmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehlə Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsi arasında icarə müqaviləsinin olub-olmaması əhəmiyyət kəsb etmir və cavabdehi məsuliyyətdən azad etmir. Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsi tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməməsinə və baş vermiş yanğın hadisəsinə görə cavabdehlik daşımasına münasibətdə isə məhkəmə bildirir ki, cavabdeh qeyd etdiyi bu hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının ərizəsində göstərdiyi və tələb etdiyi “ay yarım ərzində avtomobillə qazanacağı 1500 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırılması zamanı iddiaçı tələbinin bu hissəsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmiş və öz mövqeyinin əsaslandığı halları sübut edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən iddia ərizəsi qeyd edilən hissədə əsassız hesab olunmalı və rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə (bundan sonra MPM) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə işin faktiki hallarına və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə iddiaçının ona dəymiş ziyana görə cavabdehdən 5190 manat məbləğdə pul vəsaitinin alınıb verilməsı barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasib olan 23,27 manatlıq hissəsi Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 6,73 (altı, yetmiş üç) manat hissəsi isə özünə aid edilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5190 (beş min yüz doxsan) manat və 23,27 (iyirmi üç, iyirmi yeddi) manat dövlət rüsumunun əvəzi, cəmi 5213,27 (beş min iki yüz on üç, iyirmi yeddi) manat pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 6,73 (altı, yetmiş üç) manat hissəsi özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-192/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-192/2021
09.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver