Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-194/2021 15.11.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh alimentin sabit pul məbləğində müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli məhkəmə əmri ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək sabit pul məbləğində məüyyənləşdirilərək 24 sentyabr 2008-ci il təvəllüdlü X2 və 05 fevral 2012-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehdən bir uşaq üçün 175 manat olmaqla cəmi 350 manat aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh ilə 2002-ci ildə evləndiklərini, birgə nikahdan üç uşaqlarının doğulduğunu, uşaqlardan birinin artıq yetkinlik yaşına çatdığını, digər ikisinin isə-24 sentyabr 2008-ci il təvəllüdlü X2 və 05 fevral 2012-ci il təvəllüdlü X5 özünün himayəsində yaşadıqlarını, nikahlarının Kəngərli Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə pozulduğunu, həmçinin Kəngərli Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli məhkəmə əmri ilə cavabdehdən hər ay aylıq qazancının yarısı tutulub üç uşağın saxlanması üçün ona ödənilməsinin qət olunduğunu, uşağın birinin yetkinlik yaşına çatdığından cavabdehin iki uşaq üçün cəmi ayda 65 manat pul ödədiyini, bundan başqa uşaqların heç bir qayğısına qalmadığını, onların digər tələbatları ilə maraqlanmadığını, 65 manatın isə iki uşağın saxlanması üçün hazırki vəziyyətdə çox az olduğunu, həmçinin yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün ödənilən aliment məbləğinin yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından məqsədəmüvafiq olmadığını hesab etdiyini, bundan başqa uşaqlardan birinin yetkinlik yaşına çatdığına görə şərait və maddi vəziyyətin dəyişdiyini, ona görə də cavabdehdən tutulması müəyyən olunmuş alimentin sabit pul məbləğində müəyyən olunmasını istədiyini göstərərək Kəngərli Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli məhkəmə əmri ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək 24 sentyabr 2008-ci il təvəllüdlü X2 və 05 fevral 2012-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehdən sabit pul məbləğində bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciətində 1 uşaq üçün 175 manat olmaqla cəmi 350 manat aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini, lakin cavabdehin ödəmə qabiliyyətini, maddi vəziyyətini nəzərə alaraq 2 uşaq üçün cəmi 130 manat aliment müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini iddia həcminin azaldılması kimi qəbul edərək işə dəqiqləşdirilmiş iddia tələbi üzrə baxılmışdır. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı izahatında cavabdehdən bir uşaq üçün 175 manat olmaqla cəmi 350 manat aliment tələb etdiyini, lakin cavabdehin maddi vəziyyətini nəzərə alaraq hazırda bir uşaq üçün 65 manat olmaqla cəmi 130 manat tələb etdiyini göstərərək Kəngərli Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli 2(111)- 113/2017 nömrəli məhkəmə əmri ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh oğlundan hər ay bir uşaq üçün 65 manat olmaqla cəmi 130 manat sabit pul məbləğində aliment tutularaq 24 sentyabr 2008-ci il təvəllüdlü X2 və 05 fevral 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, özünün ikinci qrup əlil olduğunu, cəmi 130 manat pensiya aldığını, həmin pensiyanın yarısının aliment kimi tutulub Aynurəyə ödənildiyini, bundan başqa imkanının olmadığını bildirib iddianın rədd olunmasını xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi qismində dindirilən Nümayəndə izahatında özünün cavabdehin bacısı olduğunu, iddianı qəbul etmədiyini, çünki Firuzun ikinci qrup əlil olduğunu və 130 manat pensiya aldığını, həmin pensiyanın yarısının aliment kimi tutulub Aynurəyə ödənildiyini, Firuzun başqa bir işlə məşğul olmadığını, hətta pensiyasının heç özünə də yetmədiyini, Aynurənin özünün Türkiyədə yaşadığını və işlədiyini, uşaqların atası ilə görüşməsinə imkan vermədiyini bildirərək iddianın rədd olunmasını xahiş etdi. İş materillarına əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 avqust 2021-ci il tarixli doğum akt qeydindən çıxarışlara əsasən iş üzrə tərəflərin 24 sentyabr 2008-ci il təvəllüdlü X6 və 05 fevral 2012-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli 2(111)-113/2017 nömrəli əmrinə əsasən Kəngərli rayon Qarabağlar kəndində qeydiyyatda olan, xx xxxxxx 1973-cı il tarixdə Naxçıvan MR Şərur rayon Qarabağlar kəndində anadan olmuş Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı 20 aprel 2017-ci il tarixdən başlayaraq tutulub, 10 iyul 2003-cü il tarixdə doğulmuş X3, 24 sentyabr 2008-ci il tarixdə doğulmuş X2 və 05 fevral 2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı qızına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(111)-126/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı arasındakı nikah pozulmuş və iş üzrə tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının analarının yanında qalması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon İcra Hakimiyyəti Qarabağlar kənd İƏDÜN-nin 25 oktyabr 2021-ci il tarixli 1072/21 nömrəli arayışına əsasən Cavabdeh heç bir idarə, təşkilat və müəssisədə işləmir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 053235 nömrəli vəsiqəyə əsasən Cavabdeh müddətsiz ikinci qrup əlillik dərəcəsi verilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Kəngərli Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli 2(111)-113/2017 nömrəli məhkəmə əmri ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay bir uşaq üçün 65 manat olmaqla cəmi 130 manat sabit pul məbləğində aliment tutularaq 24 sentyabr 2008-ci il tarixdə doğulmuş X2 və 05 fevral 2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qızına ödənilməlidir. Belə ki, iş üzrə cavabdehin gəlirləri müəyyən olunmamışdır, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Həmçinin uşaqlar böyüməklə tələbatları artır və bu da iş üzrə iddiaçının maddi vəziyyətinə mənfi yöndən təsir edir. Uşaqlardan biri də yetkinlik yaşına çatdığından iş üzrə iddiaçının maddi və ailə vəziyyətində dəyişiklik olmuşdur. İş üzrə cavabdehin də faktiki olaraq iki uşaq üçün ödədiyi 65 manat aliment, uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyənləşdirildiyi bir halda qaneedici hesab edilə bilməz. Ona görə də əvvəl müəyyənləşdirilmiş aliment məbləği dəyişdirilməklə aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Bu zaman cavabdehə izah olunsun ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentina tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə (12 x 130=1560) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq iş üzrə 35,6 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli 2(111)- 113/2017 nömrəli məhkəmə əmri ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay bir uşaq üçün 65 (altmış beş) manat olmaqla cəmi 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq 24 sentyabr 2008-ci il təvəllüdlü X2 və 05 fevral 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qızına ödənilsin. Cavabdeh 35,6 (otuz beş manat, altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-194/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-194/2021
15.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver