Məhkəmə qərarları › İş №2(111)-2/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-2/2022

11.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-2/2022 11.02.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 187.94 (yüz səksən yeddi dollar 94 sent) ABŞ dolları - bundan 3.42 (üç dollar, 42 sent) ABŞ dolları əsas, 1.53 (bir dollar, 53 sent) ABŞ dolları faiz, 182.99 (yüz səksən iki dollar, 99 sent) ABŞ dolları cərimə borcu və iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 21 may 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 4500 (dörd min beş yüz) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 04.04.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 701.05 (yeddi yüz bir dollar, beş sent) ABŞ dolları təşkil etmiş, kreditin müddəti 04.04.2018-ci il tarixədək müəyyən edilmişdir. Kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 18.02.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 187.94 (yüz səksən yeddi dollar 94 sent) ABŞ dolları təşkil edir. Bundan 3.42 (3 dollar, 42 sent) ABŞ dolları əsas, 1.53 (bir dollar, 53 sent) ABŞ dolları faiz, 182.99 yüz səksən iki dollar 99 qəpik) ABŞ dolları cərimə borcu təşkil edir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə Kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********442 saylı 10.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İş üzrə iddiaçı LPO İddiaçı ASC -nin nümayəndəsi Nümayəndə məhkəməyə göndərdiyi ərizədə işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, lakin Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən onların iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 may 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 25% hesablanmaqla, 24 ay müddətinə 4500 (dörd min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 may 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əlavə olunan 1 saylı ödəniş cədvəlinə əsasən Cavabdeh 23 ay hər ay 240.25 ABŞ dolları, son ödəmə tarixi olan 21.05.2016-cı ildə isə 240.11 ABŞ dolları məbləğində aylıq ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 21 may 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə bağlanmış 04 aprel 2017-ci il tarixli əlavə sazişdən görünür ki, resturukturuzasiya edilmiş kredit öhdəliyinin qalıq məbləği 701.05 ABŞ dolları, illik faiz dərəcəsi 10%, ödəmə müddəti 04.04.2018-ci il tarixədək müəyyən edilmişdir. LPO İddiaçı ASC tərəfindən 15 mart 2021-ci il tarixə verilmiş maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 may 2014-cü il tarixli, ********* saylı müqavilə üzrə Cavabdeh banka 3.42 (üç dollar, 42 sent) ABŞ dolları əsas, 1.53 (bir dollar, 53 sent) ABŞ dolları faiz, 182.99 (yüz səksən iki dollar, 99 sent) ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 187.94 (yüz səksən yeddi dollar, 94 sent) ABŞ dolları məbləğində borcu vardır. 10 fevral 2021-ci il tarixli, **********442 nömrəli bildirişdən görünür ki, Cavabdeh banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 01.07.2021-ci il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən LPO İddiaçı ASC tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 10.02.2021-ci il tarixli arayışa əsasən cavabdeh Bayramov X1 rayon Qarabağlar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 27.12.2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilərək Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması ilə əlaqədar Cavabdeh LPO İddiaçı ASC-yə kredit müqaviləsinin bitmə tarixinə ayrı-ayrılıqda hansı məbləğdə əsas, faiz və cərimə borcunun olmasının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2022-ci il tarixli, 06 nömrəli rəyində qeyd olunmuşdur ki, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 21 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin və 04 aprel 2017-ci il tarixli əlavə saziş şərtlərinə əsasən Cavabdeh, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit üzrə 18.02.2021-ci il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 0,77 (sıfır yetmiş yeddi) ABŞ dolları, faiz borcu 0,09 (sıfır doqquz) ABŞ dolları təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Cavabdeh cərimə hesablanmır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, Kreditor isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpasiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh 21 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və LPO İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq da iş üzrə iddiaçı LPO İddiaçı ASC-nin iş üzrə cavabdehdən əsas və kreditdən istifadəyə görə faiz borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Eyni zamanda işin araşdırılan halları ilə müəyyən olunur ki, kreditor iddia ərizəsində və maliyyə arayışında 21 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə əsas borca hesablanmış 182.99 ABŞ dolları məbləğində cərimə borcu olduğunu göstərsə də, tələb etdiyi 182.99 ABŞ dolları cərimə borcunun yaranma tarixi və cərimənin hesablanması qaydasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 182.99 ABŞ dolları məbləğində cərimə tələbi iş materiallarında öz təsdiqini tapmadığından və eləcə də iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyində cərimə hesablanmaması müəyyən edildiyindən iddia tələbi həmin hissədə rədd edilərək cərimə tutulmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, əsas borca hesablanmış faiz və cərimə borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2021-ci il tarixli, 06 nömrəli rəyini əsas götürüb hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 21 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 0,77 ABŞ dolları əsas, 0,09 ABŞ dolları faiz borcu olmaqla cəmi 0.86 ABŞ dolları məbləğində borc LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin olunduğundan 0.09 manat məbləğində dövlət rüsumu da Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalı və dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 21 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən yaranmış 0,77 ABŞ dolları əsas, 0,09 ABŞ dolları faiz, cəmi 0.86 (səksən altı sent) ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi ödəniş gününün rəsmi məzənnəsinə uyğun Azərbaycan Respublikası manatı ilə tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh 0.09 (doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar