Məhkəmə qərarları › İş №2(111)-214/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-214/2023

19.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-214/2023 19.09.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim əvəzi X13 oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqları – 06 sentyabr 2004-cü il təvəllüdlü X12, 09 noyabr 2006-cı il təvəllüdlü X9 və 06 aprel 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəngərli Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(111)-106/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilərək, artırılıb hər ay bir uşaq üçün 220 manat olmaqla 440 manat miqdarında alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Kəngərli Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh hər ay bir uşaq üçün 100(bir yüz) manat olmaqla, üç uşaq üçün cəmi 300(üç yüz) manat sabit pul məbləğində aliment tutularaq 06 sentyabr 2004-cü il təvəllüdlü X12, 09 noyabr 2006-cı il təvəllüdlü X9 və 06 aprel 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi qət olunmuşdur. Aliment qət olunduqdan sonra uşaqlardan biri- 06 sentyabr 2004-cü il təvəllüdlü X18 yetkinlik yaşına çatmışdır. Aliment müəyyən olunduqdan sonra yaşayış minimumu, həmçinin uşaqların tələbatları da artmışdır, həmçinin məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə vəziyyətində dəyişiklik olmuşdur, alimentin artırılması üçün Mediasiya qurumuna müraciət etmiş, lakin cavabdehlə aralarında razılıq əldə olunmamışdır. 2019-cu ilə nisbətən 2023-cü ildə yaşayış minimumu artmış, həyat şərtləri dəyişmiş, uşaqlar da böyüyərək tələbatları artmışdır, cavabdeh isə ayda 100 manat ödəməklə uşaqların digər qayğılarından yayınır, onların başqa tələbatları ilə maraqlanmır, uşaqların qayğısına qalmamaqla səhhəti və təhsili ilə bir dəfə də olsun maraqlanmayıb. Həmçinin iddiaçı hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün ödənilən aliment məbləği yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından məqsədə müvafiq deyil. Ona görə də cavabdehdən tutulması müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək artırılmasını istəyir. Məhkəmədə iddiaçının nümayəndəsi qismində dindirilən Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh izahatında iddia tələbini tam qəbul etmədiyini, İddiaçı ilə aralarında olan nikahdan doğulmuş uşaqlarının saxlanmasında borclu olduğunu bildiyini, hər ay aliment ödədiyini, iddiaçı ilə aralarında bağlanmış nikah pozulduqdan sonra yenidən nikaha daxil olduğunu və həmin nikahdan da övladlarının olduğunu, onları da saxlamağa borclu olduğunu, haliyədə tikinti mağazasında gündəlik fəhləlik etdiyi, qış aylarında isə bəzən tamamilə işsiz qaldığını, ümumilikdə alimenti çox çətinliklə ödədiyini, əgər aliment məbləği artırılarsa ödəməkdə çətinlik çəkəcəyini, ödəyə bilməyəcəyini , iddiaçının haliyədə başqa şəxslə ailə qurduğunu və Türkiyə Respublikasında işləməklə yaşadığını, bildiyinə görə maddi vəziyyətlərinin yaxşı olduğunu, aliment tələb olunan Asimin də işlədiyini bildirdi. İş materiallarına əlavə olunmuş AZ-İV 632143 nömrəli və AZ-İV 632144 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən iş üzrə tərəflərin 09 noyabr 2006-cı il tarixdə X16 və 06 aprel 2010-cu il tarixdə X10 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ 174242 nömrəli nikah akt qeydindən çıxarışa əsasən X4 və Cavabdeh 08 avqust 2005-ci il tarixdə Naxçıvan MR Kəngərli Rayon Xok kənd İcra Nümayəndəliyində nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 nömrə ilə müvafiq qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra qadına “Abbasova ” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 173726 nömrəli nikahın pozulması haqqında akt qeydindən çıxarışdan görünür ki, X6 və Cavabdeh arasında bağlanmış nikah 04 iyun 2015-ci il tarixdə Kəngərli Rayon Qeydiyyat şöbəsində pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına “ Məmmədova” soyadı verilmişdir İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(111)-106/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat aliment tutularaq 06 sentyabr 2004-cü il təvəllüdlü X12, 09 noyabr 2006-cı il təvəllüdlü X9 və 06 aprel 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Türkiyə Respublikasının 2021/2756 nömrəli Azərbaycan dilinə tərcümə olunmuş nikah sənədinə əsasən X4 ilə X14 xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan olduqdan sonra qadına “Karakoç” soyadı verilmişdir İş materiallarına əlavə olunmuş cavabdehin iş yeri üzrə verilmiş 09 avqust 2023-cü il tarixli 02 nömrəli arayışdan görünür ki, Cavabdeh 23 may 2022-ci il tarixdən pərakəndə satış tikinti materialları mağazasında fəhlə vəzifəsində işləyir, onun orta aylıq əmək haqqı 345( üç yüz qırx beş) manatdır. İş materiallarına əlavə olunmuş 19 iyun 2020-ci il tarixli 47 saylı nikah haqqında şəhadətnamədən və X7 və X5 doğum haqqında şəhadətnamələrindən aydın olur ki, cavabdeh X11 ilə ailə qurmuşdur və həmin nikahdan iki azyaşlı övladları dünyaya gəlmiş və haliyyədə cavabdehin himayəsində yaşayırlar. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Kəngərli Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(111)-106/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək artırılmalı, hazırki mülki iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat aliment tutularaq 09 noyabr 2006-cı il təvəllüdlü X9 və 06 aprel 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd olunmalıdır. Çünki iddiaçı aliment məbləğinin artırılmasını xahiş edir. Məhkəmə nəzərə alır ki, aliment müəyyən olunmuş 2019-cu ilə nisbətən 2023-cü ildə yaşayış minimumu artmışdır. Eyni zamanda məhkəmə iddianı qismən təmin edərkən onu da nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdir. Yəni, həm ata, həm ana uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarının 1-ci və 2-ci bəndlərinə əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericilik, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının artırılması və azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha çox alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, tərəflər ailə və ya maddi vəziyyətinin əhəmiyyətli pisləşdiyini və tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə yuxarıda göstərilən müddəaların tələbini və yetkinlik yaşına çatmayan uşaqların iş üzrə iddiaçının yanında qalmaqla bütün qayğılarının onun tərəfindən çəkilməsini, aliment müəyyən olunmuş 2019-cu ilə nisbətən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən olunmasını, valideynlərin hər ikisinin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq cavabdehdən hər uşaq üçün hər ay sabit məbləğdə 125 manat aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə münasib olan 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qət etdi:

İddia qismən təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(111)-106/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay bir uşaq üçün 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq 09 noyabr 2006-cı il təvəllüdlü X9 və 06 aprel 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına (on səkkiz yaşına kimi) çatanadək saxlanması üçün İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi vaxtdan 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim əvəzi: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar