Məhkəmə qərarları › İş №2(111)-221/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-221/2024

01.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-221/2024 01.11.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat dəyərində vəsaitin alınıb dövlət nəfinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zeyniyev X6 Rayon Məhkəməsinin 1(001)- 239/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş, xx.xx.2023-cü il tarixdə böyük icra məmuru R.İbrahimov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusunun enerji adaptoru, 1 ədəd enerji ötürücü qurğu məhkum Cavabdeh təhvil verilmiş, nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Naxçıvan MR Kəngərli rayonu Xok ərazi dairəsi Xok kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan məhkum Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinə texniki baxış keçirilərkən mobil nəzarət qurğusunun məhkumun üzərində olmadığı müəyyən edilmişdir. Məhkum Cavabdeh yazdığı izahatında mobil nəzarət qurğusunu itirdiyini qeyd etmişdir. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277.40 ( iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından tərəfimizdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İş üzrə İddiaçı nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İş üzrə Cavabdeh mülki iş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş, lakin o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, hazırkı işdə toplanmış sənədlərə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 1(001)-239/2023 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş 20 may 2023-cü il tarixli İddiaçı icra məmuru X3 tərtib etdiyi protokola əsasən məhkum Cavabdeh 1 ədəd “Attenti” markalı elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd sadə elektron qolbaq) təhvil verilmiş və istifadə qaydaları izah olunmuş, məhkuma Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 1(001)-239/2023 saylı hökmünün tələbləri, o cümlədən üzərində elektron nəzarət vasitəsi təhvil verilmiş və istifadə qaydaları izah olunmuşdur. İş materiallarına əlavə olunmuş 24 iyul 2024-cü il tarixli protokola əsasən Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinə texniki baxış keçirərkən elektron qolbağın məhkumun üzərində olduğu, lakin mobil nəzarət qurğusunun məhkumun üzərində olmadığı müəyyən edilmiş, məhkum mobil nəzarət qurğusunu itirdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" QSC-nin İddiaçınə xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, probasiya xidmətinin qeydiyyatında olan, "Attenti" markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında, sadə elektron qolbaq, -sadə elektron qolbaq – x1, mobil nəzarət qurğusu – x1, -elektrik adapteri – x1, -proqram lisenziyası- 1930 manat, ədv -347.40, cəmi 2277,40 vasitələrin dəyəri nəzarət subyektindən tutulması üçün sizə təqdim olunur. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2021-cü il tarixli xidməti məktubundan görünür ki, zədələnmiş və ya digər üsulla yararsız vəziyyətə salınmış elektron nəzarət vasitələrinin dəyəri məhkumlardan tutularaq X2 Bakı Şəhər Maliyyə İdarəsinin (müxbir hesab: AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: AZN, VÖEN: **********) hesabına köçürülməlidir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2277.40 manat pul alınaraq Bakı Şəhər Maliyyə İdarəsinin hesabına ödənilməlidir. Belə ki, mülki işin materiallarında öz əksini tapan sənədlərlə müəyyən olunur ki, Cavabdeh Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 1(001)-239/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası İddiaçınə həvalə edilmiş, 20 may 2023-cü il tarixdə İddiaçı icra məmuru Rövşən İbrahimov tərəfindən məhkumun iştirakı ilə tərtib edilmiş müvafiq protokoldan görünür ki, Cavabdeh cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmiş, 24 iyul 2024-cü il tarixdə İddiaçı icra məmuru Rövşən İbrahimov tərəfindən məhkumun iştirakı ilə tərtib edilmiş müvafiq protokoldan görünür ki, Cavabdeh tətbiq edilmiş elektron qolbaq məhkumun üzərində olmuş, lakin mobil nəzarət qurğusu məhkumun üzərində olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 144 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları"nın 7.5-ci bəndində deyilir ki, tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Yuxarıda istinad olunan mülki qanunvericiliyin maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə faktlar iddiaçının təqdim etdiyi sənədlərlə tam təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır və iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2.277,40 manat pul vəsaiti tutularaq Bakı Şəhər Maliyyə İdarəsinin müvafiq hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə müvafiq olaraq iş üzrə 42,8 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 2277,40 manat pul tutulsun və Bakı Şəhər Maliyyə İdarəsinin (müxbir hesab: AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: AZN, VÖEN: **********) hesabına keçirilsin. Cavabdeh 42,8 (qırx iki manat, səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar