Məhkəmə qərarları › İş №2(111)-227/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-227/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-227/2022 27.10.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borcun alınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat əsas borcun, gecikdirilmiş dəbbə pulu olan 150 manatın, nəticə etibarı ilə ümumilikdə 750 (yeddi yüz əlli) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən İddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul oluram (VÖEN: **********). Fəaliyyət sahəm mobil telefonların və onların aksesuarlarının alğı-satqısıdır. Bildirirəm ki, mən hazırkı iddia üzrə Cavabdeh ilə 25 oktyabr 2021-ci il tarixdə 65 nömrəli “Mal satınalması müqaviləsi” müqaviləsi bağlamışıq. Həmin müqaviləyə əsasən Cavabdeh “Realmi C21” markalı telefonu 3 aylıq kreditlə 600 manat dəyərində almışdır. 600 manat borc hazırkı vaxtadək cavabdeh tərəfindən müqavilə üzrə heç bir ödəniş edilməmiş və borclu olduğu 600 manat borcunu ödəməkdən imtina edir. Onu da qeyd etmək lazımdır ki, qeyd olunan 25 oktyabr 2021-ci il tarixində 65 nömrəli “Mal satınalması müqaviləsi”nə və müqaviləyə qoşma Əlavə 1-ə Müqavilənin ÖDƏNİŞ ŞƏRTLƏRİ 3.3 bəndinə və xx.xx.2022-ci il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%, yəni ümumilikdə cərimə olaraq 1737 manat dəbbə pulunun 150 manatını, həmçinin 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək işə cavabdehin iştirakı olmadan və yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında baxmağı mümkün hesab etmişdir. Məhkəmədə iddiaçı qismində izahat verən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etdi. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, qeyd edilən müqavilə üzrə 600 manat ödəməli olduğu məbləğdən heç bir ödəniş etməmiş və nəticədə onun iddiaçının qarşısında 25 oktyabr 2021-ci il tarixli 65 nömrəli müqavilə üzrə ümumilikdə 600 manat ödənilməmiş hissə, 1737 manat cərimə borcu olmaqla cəmi 2337 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. İş materiallarına əlavə olunmuş:- 25 oktyabr 2021-ci il tarixli 65 nömrəli “Mal satınalması müqaviləsi”-dən görünür ki, həqiqətən də İddiaçı ilə Cavabdeh arasında müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. Tərəflər arasında bağlanmış 25 oktyabr 2021-ci il tarixli 65 nömrəli müqavilənin 3.1ci bəndinə əsasən telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi müəyyən olunmuş müddətdə başa çatmalıdır. Alıcı malın dəyərinin ümumilikdə 600 AZN olduğunu ümumi məbləğin 200 AZN-ni ilkin ödəniş kimi 20 noyabr 2021-ci il tarixdə və qalan məbləğin 400 AZN ödənilməmiş hissəsini bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəyəcəkdir. 25 oktyabr 2021-ci il tarixli 65 nömrəli müqavilədən görünür ki, Cavabdeh İddiaçı alğı-satqı qiyməti 600 manat (2 ay x 200 manat + 20 noyabr 2021-ci il tarixdə 200 manat ilkin ödəniş) olmaqla “Realme C21” markalı telefon almış və müqavilənin tərkib hissəsi olan Əlavə 1-dən də göründüyü kimi xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021 tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək hər ay 200 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2022-ci ildir. Tərəflər arasında bağlanmış 25 oktyabr 2021-ci il tarixli 65 nömrəli müqavilənin 3.3cü bəndinə əsasən kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. 08 iyul 2022-ci il tarixli arayışa əsasən 25 oktyabr 2021-ci il tarixli 65 nömrəli müqavilə üzrə cavabdehin həmin tarixə 600 manat ödənilməmiş hissə, 1737 manat cərimə olmaqla, ümumilikdə 2337 manat borcu vardır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli, 6266 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh 25 oktyabr 2021-ci il tarixli 65 nömrəli müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ödənilməli olan əsas borcu vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən İddiaçı cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və cərimə borcunun ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçının həmin tələblə bağlı müqavilə üzrə 600 manat ödənilməmiş hissəsi işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Məhkəmə iddiaçının cərimənin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin iddiaçı cavabdehdən 600 manat əsas borcuna münasibətdə xx.xx.2022-ci il tarixli arayışa əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%, yəni ümumilikdə cərimə olaraq 1737 manat dəbbə pulunun 150 manatını tələb etmişdir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilə şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 150 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 130 (yüz otuz) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 25 oktyabr 2021-ci il tarixli 65 nömrəli müqavilə üzrə 600 manat ödənilməmiş hissə, 130 manat cərimə borcu olmaqla, ümumilikdə 730 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 29.20 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 25 oktyabr 2021-ci il tarixli, 65 nömrəli müqavilə üzrə 600 manat ödənilməmiş hissə, 130 manat cərimə olmaqla cəmi 730 manat borc və 29.20 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 759.20 (yeddi yüz əlli doqquz manat, iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar