Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-229/2022 27.10.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borcun alınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 580 manat əsas borcun, gecikdirilmiş dəbbə pulu olan 150 manatın, nəticə etibarı ilə ümumilikdə 730 (yeddi yüz otuz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən İddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul oluram (VÖEN: **********). Fəaliyyət sahəm mobil telefonların və onların aksesuarlarının alğı-satqısıdır. Bildirirəm ki, mən hazırkı iddia üzrə Cavabdeh ilə 15 avqust 2021-ci il tarixdə 16 nömrəli “Mal satınalması müqaviləsi” müqaviləsi bağlamışıq. Həmin müqaviləyə əsasən Cavabdeh “X5 8” markalı telefonu 6 aylıq kreditlə 680 manat dəyərində almış, ümumi məbləğin 100 manatını müqavilə imzalandığı tarixdə ödəmiş, qalan 580 manatı isə hazırkı vaxtadək onun tərəfindən müqavilə üzrə heç bir ödəniş edilməmiş və borclu olduğu 580 manat borcunu ödəməkdən imtina edir. Onu da qeyd etmək lazımdır ki, qeyd olunan 15 avqust 2021-ci il tarixində 16 nömrəli “Mal satınalması müqaviləsi”nə və müqaviləyə qoşma Əlavə 1-ə əsasən cavabdeh tərəfindən malın dəyəri 6 ay ərzində hissələrə bölünərək hər ayın 20-si ödənilməli idi. Əks təqdirdə isə gecikdirilmiş hər gün üçün Müqavilə üzrə aylıq ödənişin 2%-i həcmində dəbbə (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. (15 avqust 2021-ci il tarixində 16 nömrəli “Mal satınalması müqaviləsi”. ÖDƏNİŞ ŞƏRTLƏRİ 3.3). Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Mən telefon satışı ilə məşğul olaraq özüm üçün maddi qazanc əldə edirəm və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Yəni vaxtında ödənilməyən ödənişlər mənim üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığım telefonun vaxtında ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağıma səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satsaydım mən İddiaçı maddi itkilərlə qarşılaşmayacaqdım. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimizdən dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Həmçinin onu da qeyd edim ki, mən Kəngərli rayonunda nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınıram. Mənim geniş müştəri dairəm var. Mən müştərilərin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza hörmətə malikəm. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi, məsələ də bu səviyyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 15 avqust 2021-ci il tarixində 16 nömrəli “Mal satınalması müqaviləsi”-dən yaranan 580 manat əsas borcu vardır. Bundan əlavə müqavilə qoşma Əlavə 1-ə, Müqavilənin ÖDƏNİŞ ŞƏRTLƏRİ 3.3 bəndinə və xx.xx.2022-ci il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%, yəni ümumilikdə cərimə olaraq 2397 manat dəbbə pulunun 150 manatını, həmçinin 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək işə cavabdehin iştirakı olmadan və yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında baxmağı mümkün hesab etmişdir. Məhkəmədə iddiaçı qismində izahat verən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etdi. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alğı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, qeyd edilən müqavilə üzrə 680 manat ödəməli olduğu məbləğdən cəmi 100 manat məbləğində pul ödənişi etmiş və nəticədə onun iddiaçının qarşısında 15 avqust 2021-ci il tarixli 16 nömrəli müqavilə üzrə ümumilikdə 580 manat ödənilməmiş hissə, 2397 manat cərimə borcu olmaqla cəmi 2977 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. İş materiallarına əlavə olunmuş:- 15 avqust 2021-ci il tarixli 16 nömrəli “Mal satınalması müqaviləsi”dən görünür ki, həqiqətən də İddiaçı ilə Cavabdeh arasında müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. Tərəflər arasında bağlanmış 15 avqust 2021-ci il tarixli 16 nömrəli müqavilənin 3.1ci bəndinə əsasən telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi müəyyən olunmuş müddətdə başa çatmalıdır. Alıcı malın dəyərinin ümumilikdə 680 AZN olduğunu ümumi məbləğin 100 AZN-ni ilkin ödəniş kimi müqavilə imzalandığı tarixdə və qalan məbləğin 580 AZN ödənilməmiş hissəsini bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəyəcəkdir. 15 avqust 2021-ci il tarixli 16 nömrəli müqavilədən görünür ki, Cavabdeh İddiaçı alğı-satqı qiyməti 680 manat (6 ay x 96.66 manat + 100 manat ilkin ödəniş) olmaqla “X4 8” markalı telefon almış və müqavilənin tərkib hissəsi olan Əlavə 1-dən də göründüyü kimi xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək hər ay 96.66 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2022-ci ildir. Tərəflər arasında bağlanmış 15 avqust 2021-ci il tarixli 16 nömrəli müqavilənin 3.3cü bəndinə əsasən kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. 08 iyul 2022-ci il tarixli arayışa əsasən 15 avqust 2021-ci il tarixli 16 nömrəli müqavilə üzrə cavabdehin həmin tarixə 580 manat ödənilməmiş hissə, 2397 manat cərimə olmaqla, ümumilikdə 2977 manat borcu vardır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli, 600 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh 15 avqust 2021-ci il tarixli 16 nömrəli müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ödənilməli olan əsas borcu vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən İddiaçı cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və cərimə borcunun ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçının həmin tələblə bağlı müqavilə üzrə 580 manat ödənilməmiş hissəsi işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Məhkəmə iddiaçının cərimənin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin iddiaçı cavabdehdən 580 manat əsas borcuna münasibətdə xx.xx.2022-ci il tarixli arayışa əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%, yəni ümumilikdə cərimə olaraq 2397 manat dəbbə pulunun 150 manatını tələb etmişdir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilə şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 150 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 120 (yüz iyirmi) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 15 avqust 2021-ci il tarixli 16 nömrəli müqavilə üzrə 580 manat ödənilməmiş hissə, 120 manat cərimə borcu olmaqla, ümumilikdə 700 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 28.76 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15 avqust 2021-ci il tarixli, 16 nömrəli müqavilə üzrə 580 manat ödənilməmiş hissə, 120 manat cərimə olmaqla cəmi 700 manat borc və 28.76 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 728.76 (yeddi yüz iyirmi səkkiz manat, yetmiş alt qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-229/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-229/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver