Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-232/2022 18.10.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment məbləğinin dəyişdirilərək artırılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Şərur Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(110)-258/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilib Cavabdeh hər ay sabit pul məbləğində 193 manat aliment tutulub 03 iyun 2019-cu il təvəllüdlü X2 üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2018-ci il tarixdə el adət-ənənəsinə uyğun ailə həyatı qurmuş, 10 may 2019-cu il tarixdə nikahları rəsmiləşdirilmişdir. Birgə nikahdan bir övladı-xx.xx.2019-cu il təvəllüdlü X7 dünyaya gəlmişdir. Münasibətləri uyğun gəlmədiyindən nikahları Şərur Rayon Məhkəməsinin 2(110)-258/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında pozulmuş və cavabdeh S. Əliyevdən xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 110 manat aliment müəyyən edilmişdir. Uşaq onunla birlikdə yaşayır. Uşaq balaca olduğundan özü heç bir yerdə işləmir. Bu gün cavabdeh S. Əliyevin ödədiyi 110 manat aliment pulu uşağın məsrəflərini qarşılamağa bəs eləmir. Uşağın müalicəsinə və sair pul lazım olur. Uşağın saxlanılmasına müəyyən olunmuş aliment uşağın məsrəflərini ödəmir. Bu gün verilən alimentlə uşağın təminatını ödəmək çox çətindir. Cavabdeh təsərrüfatla məşğuldur, yaxşı qazanc əldə edir. Bugünkü gün bir uşağın saxlanılması üçün ayda 193 (bir yüz doxsan üç) manat yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı vardır. Mediasiyaya müraciət etmiş, mediasiya prosesində cavabdeh iştirak etmədiyi üçün mediasiya arayış verərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, cavabdeh tərəfindən ödənilən məbləğ uşağın tələbatlarını qarşılamadığını, bir qadın olaraq körpə qız uşağını saxlamaqda çətinlik çəkdiyini, atası rəhmətə getdiyindən xəstə anasına baxdığını, uşağı təkbaşına qoyub işləyə də bilmədiyini, cavabdehlə boşandıqları zaman 130 manat pensiya alırdısa, hazırda onun 180 manat pensiya aldığını, hətta iribuynuzlu heyvan da saxladığını, alimenti ödəyəcək imkanı olduğunu, Şərur Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(110)-258/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq 03 iyun 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, ikinci qrup əlil olduğunu və 180 manat pensiya aldığını, hazırda iddiaçının nəzərdə tutduğu alimenti ödəyəcək imkanının olmadığını, iddiaçının maddi vəziyyətinin yaxşı olduğunu, iddiaçının Bakıda öz adına yaşayış evinin olduğunu, həm sosial yardım və həm də kirayədən 80 manat kirayə pulu aldığını göstərərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş AZ-İV 163065 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə tərəflərin 03 iyun 2019-cu il tarixdə X7 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(110)-258/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuş, iş üzrə tərəflərin yetkinlik yaşına çatmayan uşaqları - 03 iyun 2019-cu il tarixdə doğulmuş X5 anasının yanında qalması müəyyən olunmuş və Cavabdeh hər ay 110 manat aliment tutulub 03 iyun 2019cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 400913 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X6 arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra qadına “Babayeva” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 26 sentyabr 2022-ci il tarixli arayışına əsasən Şərur rayon Püsyan kənd sakini Cavabdeh Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində gözdən əlil diaqnozu ilə müddətsiz İİ dərəcəli əlil kimi qeydiyyatda durur və hər ay 180 (bir yüz səksən) manat müavinət alır. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(110)-258/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq 03 iyun 2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, Şərur Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(110)-258/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuş, iş üzrə tərəflərin yetkinlik yaşına çatmayan uşaqları - 03 iyun 2019-cu il tarixdə doğulmuş X5 anasının yanında qalması müəyyən olunmuş və Cavabdeh hər ay 110 manat aliment tutulub 03 iyun 2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 ödənilməsi qət edilmiş, haliyədə də birgə nikahdan doğulmuş uşaq anası - iddiaçının himayəsində yaşayır. İşdən həmçinin görünür ki, iddiaçı və cavabdeh hazırda heç bir yerdə işləmirlər. Cavabdeh 2-ci qrup əlildir və onun digər gəlirləri müəyyən olunmamışdır. Uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən iş üzrə iddiaçı alimentin məbləğinin artırılmasını xahiş edir. Həmçinin uşaq da böyüməklə tələbatları artır və bu da iş üzrə iddiaçının maddi vəziyyətinə mənfi yöndən təsir edir. Uşaqlar üçün yaşayış minimumunun 193 manat müəyyənləşdirildiyi bir halda, iş üzrə cavabdehin faktiki olaraq ödədiyi 110 manat aliment qaneedici hesab edilə bilməz. Ona görə də əvvəl müəyyənləşdirilmiş aliment məbləği dəyişdirilməklə artırılmalıdır. Məhkəmə iddianı qismən təmin edərkən onu da nəzərə almışdır ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni həm ata, həm də ana uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin vəzifələri kimi qeyd edilmişdir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentina tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Əlavə olaraq məhkəmə qeyd edir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Cavabdehin 2-ci qrup əlil olması, heç bir yerdə işləməməsi, əlilliyə görə aldığı təqaüddən başqa heç bir qazancının, gəlirinin olmaması ilə bağlı məhkəmə qeyd edir ki, bu hallar cavabdehin övladı qarşısında qanunvericiliklə müəyyən edilmiş öhdəliyinin yerinə yetirilməməsinin əsası ola bilməz. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və 2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun 193 manat müəyyən edilməsini, tərəflərin maddi və əmlak vəziyyətini, cavabdehin ikinci qrup əlil olmasını, onun ödəmə qabiliyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların minimum maddi təminat almaq hüququnu, yetkinlik yaşına çatmayan uşağın anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 130 manat aliment tutulması məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (130-110=20x12=240) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(110)-258/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq 03 iyun 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-232/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-232/2022
18.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver