Məhkəmə qərarları › İş №2(111)-247/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-247/2024

30.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-247/2024 30.10.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment məbləğinin dəyişdirilərək, artırılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(111)-97/2018 qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək artırılıb 09 noyabr 2007-ci il tarixdə doğulmuş X1 üçün hər ay cavabdehdən 235 manat aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Kəngərli Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh bir uşağa görə 130 manat olmaqla cəmi 260 manat aliment tutulub 29 mart 2006-cı il tarixdə doğulmuş X3 və 09 noyabr 2007-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi qət olunmuşdur. Aliment qət olunduqdan sonra uşaqlardan biri - 29 mart 2006cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatmışdır. Digər uşaq 09 noyabr 2007-ci il tarixdə doğulmuş X6 isə təkbaşına saxlayır. Göründüyü kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə vəziyyətində ciddi dəyişiklik olmuşdur. Həmçinin 2018-ci ilə nisbətən 2024-cü ildə yaşayış minimumu artmış, həyat şərtləri dəyişmiş, uşaq da böyüyərək tələbatları artmışdır. Cavabdeh isə 130 manat ödəməklə uşağın digər qayğılarından yayınır. Onun başqa tələbatları ilə maraqlanmır, uşağın qayğısına qalmamaqla səhhəti və təhsili ilə də bir dəfə də olsun maraqlanmır. Həmçinin hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün ödənilən aliment məbləği yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından məqsədəmüvafiq deyil. Ona görə də cavabdehdən tutulması müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək artırılmasını istəyir. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, uşağı saxlamaqda çox çətinlik çəkdiyini, özünün kafedə işlədiyini, 500 manat əmək haqqı aldığını, oğlu Müslüm ilə kirayədə yaşadığını, 150 manat kirayə haqqı ödədiyini, xəstə olduğunu, maddi cəhətdən imkanı olmadığı üçün vaxtında oğlunu oxuda bilmədiyini, cavabdehin əlavə köməklik etmədiyini, 230 manat aliment ödəməsinə razı olduğunu bildirərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh izahatında iddiaçının dediklərinə etirazının olmadığını, Xok kəndində şirniyyat sexində işlədiyini, 600 manat əmək haqqı aldığını, başqa ailə qurduğunu, həmin ailəsindən 2 azyaşlı uşağının olduğunu, ona görə çətinlik çəkdiyini, iddiaçının tələb etdiyi miqdarda aliment ödəyə bilməyəcəyini bildirərək qanuni qərar verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ 164455 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə tərəflərin 09 noyabr 2007-ci il tarixdə X8 adında uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(111)-97/2018 nömrəli qətnaməsinə əsasən Kəngərli Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hər ay bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat tutularaq 29 mart 2006-cı il tarixdə doğulmuş X3 və 09 noyabr 2007-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ 783630 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh 15 sentyabr 2014-cü il tarixdə X10 ilə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Cəfərova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİİ 533947 nömrəli və AZ-İV 373330 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Cavabdeh ilə X7 birgə nikahından 23 oktyabr 2015-ci il tarixdə X11 və 05 may 2019-cu il tarixdə X12 adlı uşaqları doğulmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Kəngərli Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(111)-97/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 185 (yüz səksən beş) manat sabit pul məbləğində aliment tutularaq 09 noyabr 2007-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iş üzrə cavabdehin qazancı (gəliri) müəyyənləşdirilməmiş, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən iş üzrə iddiaçı isə alimentin sabit pul məbləğində artırılmasını xahiş edir. Həmçinin 2018-ci ildə aliment müəyyən olunduqdan sonra aliment tutulan uşaqlardan biri yetkinlik yaşına çatmış, digər uşaq da böyüməklə tələbatları artmış və bu da iş üzrə iddiaçının maddi vəziyyətinə mənfi yöndən təsir etmişdir. Eyni zamanda uşaq iş üzrə iddiaçının himayəsində olmaqla, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğıları anası - iş üzrə iddiaçı tərəfindən çəkilir. İş üzrə cavabdehin də faktiki olaraq bir uşaq üçün ödədiyi 130 manat aliment, uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyənləşdirildiyi bir halda, qaneedici hesab edilə bilməz. Ona görə də əvvəl müəyyənləşdirilmiş aliment məbləği dəyişdirilməklə aliment məbləği artırılmalıdır. Məhkəmə iddianı qismən təmin edərkən valideynlərin hər ikisinin uşaqları saxlamağa borclu olduğunu, cavabdehin ödəmə qabiliyyətini, həmçinin cavabdehin başqa nikahdan da əlavə iki azyaşlı uşağının olmasını nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin vəzifələri kimi qeyd edilmişdir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Əlavə olaraq məhkəmə qeyd edir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, tərəflərin maddi və əmlak vəziyyətini, cavabdehin ödəmə qabiliyyətini və əlavə iki azyaşlı uşağının olmasını, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların minimum maddi təminat almaq hüququnu, yetkinlik yaşına çatmayan uşağın anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 185 manat aliment tutulması məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (185-130=55x12=660) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq iş üzrə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(111)-97/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 185 (yüz səksən beş) manat sabit pul məbləğində aliment tutularaq, 09 noyabr 2007-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar