Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-277/2023 04.12.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh mənzilinə vurulmuş ziyan - 1 ədəd Samsung markalı televizor - 3500 manat, 1 ədəd televizor tumbası - 500 manat, 1 ədəd masa və 8 ədəd stul - 2000 manat, 1 ədəd divan və 2 ədəd kreslo - 2800 manat, 1 ədəd yazı stolu - 350 manat, 1 ədəd 3x5 ölçüdə xalça - 1000 manat, 2 ədəd dekor, 1 ədəd tül, 1 ədəd günlük pərdə - 800 manat, mənzilin çöl tərəfə olan pəncərəsi - 300 manat, istilik sistemi (radiator) - 16 ədəd - 300 manat, 1 ədəd çilçıraq - 600 manat, 1 ədəd otağın giriş qapısı - 300 manat, 1 otağın oboyu (divar kağızı) - 300 manat, pərdə asılqanı (korniz) 100 manat, yanan otaqda dürmələnmiş xalça 2 ədəd - (1 əd. 300 manat olmaqla) - 600 manat, stol üstü süfrə 50 manat, 1 ədəd toz sovuran - 500 manat, 1 ədəd elektrikli ət çəkən maşın - 300 manat, 2 ədəd komplekt boşqab dəsti - 700 manat, həmçinin baş vermiş yanğın hadisəsi ilə əlaqədar mənzilin 2 yataq otağı, koridor, mətbəx, hamam əşyalarla birlikdə yararsız hala düşmüş və həmin sahələrin təmiri üçün 10.600 manat pulun, ümumilikdə cavabdehdən mənzilinə vurulmuş 25000 (iyirmi beş min) manat maddi ziyan, 2000 (iki min) manat məbləğində mənəvi ziyan və məhkəməyə müraciət edərkən ödədiyi 165 (yüz altmış beş) manat məbləğində dövlət rüsumunun və cavabdehin təqsiri üzündən uzaq məsafəyə gedib-gəlməyi ilə əlaqədar yola çəkəcəyi xərclər Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhəri Ərazi idarəsində Reyestr nömrəsi **********85-05101-09025, Qeydiyyat nömrəsi **********, Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1062 nömrəli reyestr kitabının 95775 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdən Bakı şəhəri Nizami rayonu, Əli Vəliyev küçəsi 2429-cu məhəllə, ev 3, 2 a mənzil onun xüsusi mülkiyyətindədir. Mənzildə ailəsi ilə birlikdə yaşamaqlarının təmin edilməsi üçün təxminən dörd il əvvəl əsaslı təmir olunmuşdur. Təmir yüksək səviyyədə aparılmışdır. O, Rusiya Federasiyasında yaşayır, gözlərindən xəstədir və 1-ci qrup əlildir. Ona görə mənzilin idarə edilməsi və ona nəzarət edilməsini bacısı qızı X7 həvalə etmişdir və bu barədə ona xx.xx.2018-ci il tarixdə etibarnamə verilmişdir. Sonradan qərara alınmışdır ki, mənzil boş qalmasın deyə xx.xx.2021-ci il tarixdən mənzildə olan əşyalarla birlikdə mənzilə ehtiyacı olan şəxslərə kirayə verilsin. Ona görə də o zaman Cavabdeh ayı 400 manat olmaqla kirayə verilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin ehtiyatsızlığından mənzilin qonaq otağına quraşdırılmış elektrik peçi aşmış və mənzildə yanğın baş vermişdir. Belə ki, mənzildə baş vermiş yanğınla bağlı verilən məlumata əsasən xx.xx.2022-ci il tarixində mənzilə baxmış və məlum olmuşdur ki, mənzilin bir otağında quraşdırılmış elektrik peçi aşaraq otaqda yanar əşyaları yandırmış və nəticədə yanğın bütün mənzili əhatə etmiş, mənzildə olan bütün əşyalar yanaraq yararsız hala düşmüşdür. Əşyaların siyahısı kirayə müqaviləsində göstərilmişdir. Baş vermiş yanğınla əlaqədar xx.xx.2022-ci il tarixində saat 23:02 radələrində Fövqaladə Hallar Nazirliyi DYMX-in ADNŞ-in obyektləri üzrə YMİ-in Yanğınsöndürmə Qərargahına məlumat daxil olmuş və yanğınsöndürənlər həmin vaxt mənzildə yanğını söndürmüşdür. Baş vermiş hadisə ilə əlaqədar 102 xidmətinə müraciət edilmiş və mənzilin qəsdən və ehtiyatsızlıqdan yandırılması ilə əlaqədar Bakı şəhəri Nizami rayonu 25-ci Polis Şöbəsində təhqiqat aparılmış və xx.xx.2022-ci il tarixli HK-1-907 saylı material üzrə toplanmış materiallar əsasında qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarda qeyd edilmişdi ki, hadisə zamanı mənzildə kirayə yaşamış cavabdeh polis orqanlarının çağırışlarına gəlməmiş, ona görə hadisəyə və əmələ hüquqi qiymət verilməsi mümkün olmamışdır. Sonradan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısı leytenant X9 tərəfindən təhqiqatlar aparılmış və xx.xx.2022-ci il tarixli “materialın aidiyyatı üzrə göndərilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərarla müəyyən edilmişdir ki, “ünvan 1 ünvanında baş vermiş yanğının mənzilin qonaq otağına birləşmiş eyvanda qoyulmuş üzəri parça materialdan olan divan və ətrafında taxta materialdan olan masada aşkar etmişlər. Həmin hissədən elektrik və qaz xətləri keçmirdi, həmçinin divan və masanın ətrafında elektriklə, qazla işləyən cihaz, avadanlıq və qurğu olmamışdır. Ətrafında elektrik yuvası müşahidə etməmişlər. Yanğın baş vermiş ərazidə elektrik xətləri olmadığından, eləcə də yanğının divan və ətrafında olan masanın yandığını nəzərə alaraq yanğının odla ehtiyatsızlıqdan baş vediyini hesab edir. Həmçinin həmin Qərarda yanğının mənbəyi “döşəmədə olduğu” qeyd edilmişdir. Qonaq otağında baş vermiş yanğın sonradan digər otaqlara keçmiş, həmin otaqda olan əşyaları, divarın oboyu və otaqların tavanı, mətbəxin mebelləri yarasız hala düşmüşdür. Baş vermiş hadisə ilə əlaqədar təqsirli şəxsin cəzalandırılması üçün tərtib edilmiş və toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Prokurorluğa məlumat verilmişdir. Mənzilin ehtiyatsızlıqdan yandırılması ilə əlaqədar mənzildə kirayədə qalmış Cavabdeh ilə dəfələrlə əlaqə saxlanılmış və mənzilə vurulmuş ziyanın ödənilməsi və təmir edilməsi ondan tələb edilmişdir. Cavabdeh ilk əvvəl mənzili təmir edəcəyini, vurulmuş zərəri ödəyəcəyini bildirsə də, lakin sonradan verdiyi sözü tutmamış, nə mənzili təmir etmiş, nə də vurulmuş zərəri ödəmişdir. Həmçinin qeyd edir ki, yanğından sonra araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdeh mənzilin kommunal xərclərinin ödənişlərini, təxminən 120 manat civarında ödənişlər etməmişdir. Hesab edir cavabdeh - Cavabdeh qanunsuz hərəkəti nəticəsində onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Əli Vəliyev küçəsi 2429-cu məhəllə, ev 3, 2 a mənzilinə və mənzildə yerləşən əşyalarına 25000 (iyirmi beş min) manat maddi ziyan vurmuşdur. Mənzilinə vurulmuş ziyan - 1 ədəd Samsunq markalı televizor - 3500 manat, 1 ədəd televizor tumbası - 500 manat, 1 ədəd masa və 8 ədəd stul - 2000 manat, 1 ədəd divan və 2 ədəd kreslo - 2800 manat, 1 ədəd yazı stolu - 350 manat, 1 ədəd 3x5 ölçüdə xalça - 1000 manat, 2 ədəd dekor, 1 ədəd tül, 1 ədəd günlük pərdə - 800 manat, mənzilin çöl tərəfə olan pəncərə - 300 manat, istilik sistemi (radiator) - 16 ədəd - 300 manat, 1 ədəd çılçiraq - 600 manat, 1 ədəd otağın giriş qapısı - 300 manat, 1 otağın oboyu (divar kağızı) - 300 manat, pərdə asılqanı (korniz) 100 manat, yanan otaqda dürmələnmiş xalça 2 ədəd - (1 əd. 300 manat olmaqla) - 600 manat, stol üstü süfrə 50 manat, 1 ədəd toz sovuran - 500 manat, 1 ədəd elektrikli ət çəkən maşın - 300 manat, 2 ədəd komplekt boşqab dəsti - 700 manat, həmçinin baş vermiş yanğın hadisəsi ilə əlaqədar mənzilin 2 yataq otağı, koridor, mətbəx, hamam əşyalarla birlikdə yararsız hala düşmüş və həmin sahələrin təmiri 10.600 manat təşkil edir. O, ona vurulmuş mənəvi ziyanı 2000 manat qiymətləndirir. Ona görə cavabdeh mənzilinə vurulmuş 25000 (iyirmi beş min) manat maddi ziyan, 2000 (iki min) manat məbləğində mənəvi ziyan və cavabdehin təqsiri üzündən məhkəməyə müraciət edərkən ödədiyi 165 (yüz altmış beş) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. Eyni zamanda cavabdehin günahı üzündən mübahisə cavabdehin yaşadığı ərazi üzrə məhkəmədə baxılması nəzərə alınaraq onun məhkəməyə gedib-gəlməyinin haqqı cavabdehdən tutulmalıdır. İş üzrə iddiaçı məhkəməyə teleqram göndərərək xəstə və hazırda Rusiyada olduğundan məhkəmədə iştirak edə bilməyəcəyini nəzərə alıb işə onun iştirakı olmadan məhkəməyə təqdim etdiyi sənədlər əsasında baxılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmiş, nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə hazırkı işdə toplanmış sənədlərə əsasən iddiaçının iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında iddianı qəbul etmədiklərini, Cavabdeh həyat yoldaşı olduğunu, cavabdehlə həmin evdə birlikdə kirayədə yaşadıqlarını və ayda 400 manat kirayə haqqı ödədiklərini, 2022-ci ildə “Novruz” bayramından əvvəl, tarixi dəqiq xatırlamadığı gün saat 00:20 radələrində evin balkonunda olan açıq cərəyan xəttindən əvvəlcə pərdəyə, oradan da kresloya keçərək yanğın düşdüyünü, yoldaşı Cavabdeh marketə getdiyindən evdə olmadığını, özünün isə həmin vaxt uşaqları ilə digər otaqda olduğunu, ona görə də evə yanğının düşməsini gec bildiyini, yanğının baş verməsini tüstü və qoxudan hiss etdiyini, tez uşaqları da götürüb evdən çıxdığını, 10-15 dəqiqədən sonra yanğınsöndürənlərin gəldiyini, yanğın zamanı evin 1 otağına ziyan dəydiyini, yanğından sonra evin pəncərəsini dəyişdiklərini, otağı və onun döşəməsinin yanmış hissəsini təmir etdiklərini, bütün bunlarla bağlı iddiaçıya əlavə olaraq 1500 manat pul verərək evi kirayə verənlə razılaşdıqlarını, yanğın hadisəsindən sonra da 5-6 ay orada yaşadıqlarını, sonradan onlardan əlavə pul istənildiyini, iddiaçının qeyd etdiyi kimi həmin otaqda tozsoran, qab-qacaq, bükülmüş xalçanın olmadığını, televizorun isə 3500 manat dəyərində olmadığını, iddia tələbində göstərilənlərin heç birini qəbul etmədiklərini bildirərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan “Evlərin kirayə verilməsi haqqında” 25 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən X3 rayonu Əli Vəliyev 5, mənzil 2 ünvanında yerləşən mənzili aylıq 400 manat müqabilində Seyidov İbrahimə kirayə vermişdir. İş materiallarında olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2009-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Nizami Rayon Polis idarəsinin təhqiqatçısı Nurlan Talıbov tərəfindən qəbul edilmiş 23 may 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan X5 2021ci ilin noyabr ayından Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi 3 nömrəli evin 2-ci mənzilini X1 verməsi, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində həmin ünvana gələrkən sonuncunun evdən köçüb getməsi və evdən gedərkən xalçaları, ət çəkən maşını, tozsoranı da özü ilə aparmasına dair müraciəti əsasında araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “Materialın aidiyyəti üzrə göndərilməsi haqqında” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinin təhqiqatçısı X9 tərəfindən qəbul edilmiş 12 sentyabr 2022-ci il tarixli qərara əsasən 12 mart 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi 2429-cu məhəllə ev 3 ünvanda yerləşən İddiaçı məxsus, Cavabdeh kirayəyə verilmiş 2a saylı mənzildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar toplanmış material aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Polis idarəsinə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən İddiaçı 172 manat dövlət rüsumu ödəmişdir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı məxsusdur və həmin mənzil “Evlərin kirayə verilməsi haqqında” 25 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən aylıq 400 manat müqabilində Cavabdeh kirayə verilmiş, 12 mart 2022-ci il tarixdə, saat 23 radələrində həmin mənzildə yanğın hadisəsi baş vermiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən mənzildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar toplanmış material aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Polis idarəsinə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilmiş, lakin araşdırmanın nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. İddiaçı isə mülkiyyətində olan mənzilində baş vermiş yanğın hadisə ilə əlaqədar ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini cavabdehdən tələb etsə də, cavabdehin baş vermiş yanğın hadisəsi ilə əlaqədar təqsirli bilinməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Mülki işin hazırlıq mərhələsində iddiaçıya həmin sənədlərin məhkəməyə təqdim olunması təklif olunsa da, bununla bağlı heç bir sənəd və sübut təqdim olunmamış və bu barədə onun tərəfindən vəsatət daxil olmamışdır. Məhkəmə tələblə bağlı ilk olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı ona məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilində baş vermiş yanğın hadisəsi əlaqədar orada kirayədə yaşayan cavabdehin təqsirli hərəkətləri nəticəsində ziyana məruz qaldığını iddia etsə də, cavabdehin baş vermiş yanğın hadisəsi ilə əlaqədar təqsirli bilinməsinə dair məhkəməyə hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilində yanğın hadisə ilə əlaqədar ona dəymiş maddi zərərin məhz Cavabdeh təqsiri nəticəsində baş verməsi sübuta yetirilmədiyindən, iddiaçının əmlakına vurulmuş maddi zərərə görə onun mülki hüquqi məsuliyyəti yaranmır. Odur ki, cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçıya maddi zərər vurulması halı müəyyən olunmadığından cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə İddiaçı mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından və bununla da maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia rədd olunduğundan iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia qaldırılarkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-277/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-277/2023
04.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver