Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-288/2023 01.12.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 15 aprel 2011ci il təvəllüdlü X4 və 18 fevral 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (və başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulması barədə Kəngərli Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(111)-65/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək, Cavabdeh hər ay hər uşağa 220 manat olmaqla ümumilikdə 440 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 04 noyabr 2008-ci ildə rəsmi nikah qeyd etdirərək evlənmiş, birgə nikahdan iki övladları-15 aprel 2011-ci il təvəllüdlü X8 və 18 fevral 2013-cü il təvəllüdlü X9 olmuşdur. Cavabdehlə ailə münasibətimiz pozulduğundan Kəngərli Rayon Məhkəməsinin 16 iyul 2022-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuş, övladlarının özünün yanında saxlanılması müəyyən edilərək onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qazancının üçdə bir hissəsi miqdarında alimentin alınıb ona verilməsi müəyyən edildiyindən cavabdeh qazancından hər ay iki uşağa 263 manat aliment ödəyir. Bildirir ki, o özü işləmir. Cavabdeh tərəfindən ödənilən bu alimentlə onların günü-gündən artan təlabatlarını layiqincə ödəyə bilmir. Buna görə cavabdehdən qazancından (gəlirindən) müəyyən hissə kimi deyil, alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, yəni bir uşağa 220 manat olmaqla ümumilikdə 440 manat sabit məbləğdə aliment alınıb verilməsini istəyir. Məhkəmədə iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, hazırda özünün Naxçıvan Dövlət Universitetinin Sosial Xidmət Mərkəzində nəşriyyatçı işlədiyini və 300 manat əmək haqqı aldığını, Kəngərli rayon Yurdçu kəndində yaşadığından aldığı əmək haqqının 100 manatını yola xərclədiyini, cavabdehin qazancından müəyyən hissə kimi aldığı alimentin uşaqların təlabatını ödəmədiyini, ona görə də sabit məbləğdə cavabdehdən aliment tələb etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, mövcud qətnaməyə əsasən uşaqlarının saxlanması üçün ayda əmək haqqından 270 manat tutulduğunu, aliment tutulduqdan sonra özünə 535 manat pul vəsaiti qaldığını bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş AZ-İİ 510699 və AZ-İİ 666085 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən iş üzrə tərəflərin 15 aprel 2011-ci il tarixdə X8 və 18 fevral 2013-cü il tarixdə X9 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(111)-65/2022 nömrəli qətnaməsinə əsasən X6 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, iş üzrə tərəflərin uşaqları - 15 aprel 2011-ci il tarixdə doğulmuş X8 və 18 fevral 2013-cü il tarixdə doğulmuş X9 anaları X2 yanında qalması müəyyən olunmuş və 01 fevral 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi aliment kimi tutularaq 15 aprel 2011-ci il tarixdə doğulmuş X4 və 18 fevral 2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X3 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 401714 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra qadına “Səfərova” soyadı verilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Kəngərli Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(111)-65/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulması qaydası dəyişdirilərək Cavabdeh hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay bir uşaq üçün sabit pul məbləğində 180 (yüz səksən) manat, cəmi 360 ( üç yüz altmış) manat tutularaq 15 aprel 2011-ci il tarixdə doğulmuş X4 və 18 fevral 2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd olunmalıdır. Çünki, iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. İddianı qismən təmin edərkən məhkəmə onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdir. Yəni, həm ata, həm ana uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 220 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşaqların maraqları pozulduğundan, onların maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkdiyindən və uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin müəyyən olunmuş miqdarı dəyişdirilərək, bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq sabit pul məbləğində tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənləri və 2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün 360 manat aliment məqsədə uyğundur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun iddianın (12x360=4320) təmin edilmiş hissəsinə münasib olan 63.2 (altmış üç manat, iyirmi qəpik) manat cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(111)-65/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 180 (yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat aliment tutularaq 15 aprel 2011-ci il tarixdə doğulmuş X4 və 18 fevral 2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Cavabdeh 63.2 (altmış üç manat, iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov.
Məhkəmə qərarları › İş №2(111)-288/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-288/2023
01.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver