Məhkəmə qərarları › İş №2(111)-29/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-29/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-29/2022 10.03.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona olan borc - 9345 manat və iş üzrə ödənilmiş 114 manat dövlət rüsumunun əvəzinin, cəmi 9459 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini aşağıdakı şəkildə əsaslandırmışdır: Mən, Naxçıvan şəhərində yerləşən "xxxx" Daş Məhsulları MMC-də işləyirəm. Cavabdeh da mənimlə bir yerdə işləyirdi. 2021-ci ilin təxminən yanvar ayında Nizami mənə müraciət edərək uşağının və arvadının müalicə olunacağına görə ona pul lazım olduğunu bildirərək, məndən borc pul istədi. Mən hissə-hissə olmaqla ona cəmi 16970 manat pul verdim. Sonradan Nizami pulu qaytarmadığı üçün mənim başqa bir tanışımın ona borcu olduğu üçün borcun bir hissəsini onunla əvəzləşdirdik və Nizaminin mənə 9345 manat borcu qaldı. Mən həmin borcu da 4-5 aydır Nizamidən tələb etsəm də vermək istəmir. 2021-ci ilin avqust ayında Nizami ilə aramızda borc müqaviləsi bağladıq ki, Nizami həmin 9345 manatı mənə hər ay minimum 500 manat olmaqla hissə-hissə qaytarsın. Müqavilədən dörd ay keçməsinə baxmayaraq Nizami borcdan bir manatda ödəməmişdir və ödəməkdən yayınaraq hərdən bir bəhanə gətirir. Ona görə də mən məcbur qalıb məhkəməyə müraciət edirəm. İddia qaldırmağa görə də 114 manat da dövlət rüsumu ödəmişəm. Həmin dövlət rüsumunun da cavabdehdən alınaraq mənə ödənilməsini tələb edirəm. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək 9345 manat borcdan Nizaminin 500 manat ödədiyini, hazırda 8845 manat borcun qaldığını, ona görə də Cavabdeh ona olan 8845 manat borcun və iş üzrə ödənilmiş 114 manat dövlət rüsumunun əvəzinin, cəmi 8959 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh mülki iş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş, lakin o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, hazırkı işdə toplanmış sənədlərə əsasən cavabdehin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış yazılı borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı 15670 manat pul borc almış və hər ay minimum 500 manat olmaqla qaytaracağını öhdəsinə götürmüşdür. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını, iş üzrə təqdim olunmuş sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 8845 manat alınaraq İddiaçı ödənilməlidir. Belə ki, iddiaçının izahatı və tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda 15670 manat pul borc almış, borcun bir qismi əvəzləşdirilərək ödənilmiş, 04.08.2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçıya qalan 9345 manat pul borcunu hər ay minimum 500 manat olmaqla qaytaracağını öhdəsinə götürmüş, lakin o, öhdəliyini icra etməyərək sadəcə bir dəfə 500 manat iddiaçıya pul ödəməklə borcun qalan 8845 manat hissəsini vaxtında qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, tərəflər arasında borc müqaviləsindən əmələ gələn öhdəliklər yaranmış və cavabdeh həmin öhdəliyin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ondan tələb edilən 9345 manat pul borcundan yalnız 500 manatını iddiaçıya qaytarmış və hazırda cavabdehin iddiaçıya 8845 manat pul borcu vardır. İddiaçının iddiası qismən əsaslıdır, iddiaçı iddiasının əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Ona görə də iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 8845 manat pul tutulmalıdır. İddia qalan hissədə rədd olunmalıdır. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 114 manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olan 107,90 manatlıq hissəsi iş üzrə Cavabdeh alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8845 (səkkiz min səkkiz yüz qırx beş) manat və iddia qaldırılarkən ödənilmiş 107,90 (yüz yeddi, doxsan) manat dövlət rüsumunun əvəzi, cəmi 8952,90 (səkkiz min doqquz yüz əlli iki, doxsan) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar