Məhkəmə qərarları › İş №2(111)-290/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-290/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-290/2025 05.11.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 aprel 2025-ci il tarixli, K001790 və 28 iyun 2025-ci il tarixli K001983 nömrəli kredit müqavilələrinə əsasən Cavabdeh 437 (dörd yüz otuz yeddi) və 750 (yeddi yüz əlli) manat, ödənilməmiş qalıq dəyər üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 2 ay üzrə 43.70 (qırx üç manat yetmiş qəpik) və digər müqavilə üzrə ödənilməmiş 3 ay üzrə 112.50 (bir yüz on iki manat əlli qəpik) manat pulun və 34 (otuz dörd) manat dövlət rüsumunun, ümumilikdə 1377.20 (bir min üç yüz yetmiş yeddi manat iyirmi qəpik) manat pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, o, Naxçıvan şəhər, Ə.Əliyev küçəsi Cahan gənclər şəhərciyində yerləşən “SELİN HOME" Cehiz evi mağazasını işlədir. Kəngərli rayon Xok kəndində qeydiyyatda olan Cavabdeh ilə aralarında 08 aprel 2025-ci il tarixli, K001790 nömrəli kredit müqaviləsi ilə 560 manat dəyərində bir ədəd Redmi Note 14 markalı mobil telefonunu kreditə vermişdir. Aralarında Cavabdeh öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış K001790 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 560 (beş yüz altmış) manat, ilkin ödəniş məbləği 33.00 (otuz üç) manat, kreditin qalıq məbləği 527.00 (beş yüz iyirmi yeddi) manat olmaqla 17 (on yeddi) ay müddətində aylıq 31.00 (otuz bir) manat olmaqla nağd və ya köçürmə yolu ilə ona qaytaracağını öhdəsinə götürmüşdür. Və əlavə olaraq Kəngərli rayon Xok kəndində qeydiyyatda olan Cavabdeh ilə aralarında 28 iyun 2025-ci il tarixli, K001983 nömrəli kredit müqaviləsi ilə 790 manat dəyərində bir ədəd Redmi Note 14S markalı mobil telefonunu kreditə vermişdir. Aralarda Cavabdeh öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış K001983 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 790 (yeddi yüz doxsan) manat, ilkin ödəniş məbləği 40.00 (qırx) manat, kreditin qalıq məbləği 750 (yeddi yüz əlli) manat olmaqla 17 (on yeddi) ay müddətində aylıq 44.11 (qırx dörd manat on bir qəpik) manat olmaqla nağd və ya köçürmə yolu ilə ona qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh K001790 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtlar kredit borcunu ödəyərək ona ilkin ödəniş daxil olmaqla 560 (beş yüz altmış) manat kredit borcundan 123.00 (bir yüz iyirmi üç) manat borcunu ona qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 437.00 (dörd yüz otuz yeddi) manat pulu bu günədək ona geri qaytarmamışdır. Cavabdeh K001983 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtlar kredit borcunu ödəyərək ona ilkin ödəniş daxil olmaqla 790.00 (yeddi yüz doxsan) manat kredit borcundan 40.00 (qırx) manat borcunu ona qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 750.00 (yeddi yüz əlli) manat pulu bu günədək ona geri qaytarmamışdır. Ona bir neçə dəfə ona borclu qaldığı pulun qaytarmasını desə də, o, hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Ona yazılı şəkildə müraciət edərək ona olan kredit borcunu geri qaytarmasını xahiş etsə də o, yazılı müraciətinə heç bir münasibət bildirməmişdir. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edərək bildirir ki, cavabdeh ilə bağladıqları K001790 və K001983 nömrəli kredit müqavilələrinə görə aralarındakı razılığa əsasən cavabdehin ona ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün 5 (beş) faizi miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürmüşdür. Bu səbəbdən də cavabdehin ona 08 aprel 2025-ci il tarixli, K001790 və 28 iyun 2025-ci il K001983 nömrəli kredit müqavilələri üzrə 2 (iki) digər müqavilə üzrə 3 (üç) ay ərzində ödəməli olduğu kredit borcunu bu günədək ödəmədiyinə görə qalmış olan dəyərinin 5 (beş) faiz olmaqla, ödənilməmiş 14 və 17 ay ona 437 (dörd yüz otuz yeddi) və digər müqavilə üzrə 750 (yeddi yüz əlli) manat pulun da ona ödənilməsini istəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:- 08 Aprel 2025-ci il tarixli, K001790 nömrəli və 28 iyun 2025-ci il tarixli, K001983 nömrəli kreditmüqavilələrindən görünür ki, həqiqətən də İddiaçı ilə Cavabdeh arasında müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. 08 Aprel 2025-ci il tarixli, K001790 nömrəli müqavilədən görünür ki, Bayramov X1 Tahir Musa oğlundan alğı-satqı qiyməti 560 manat olan “Redmi Note 14” markalı mobil telefonu 33 manat ilkin ödəniş etməklə almış və həmin müqavilənin 2.4-cü bəndinə əsasən malın qalan dəyərini 17 ay müddətində 31 manat olmaqla nağd və ya köçürmə yolu ilə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 08 Aprel 2025-ci il tarixli, K001790 nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədən görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşya təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş ödəniş çeklərindən görünür ki, Cavabdeh tərəfindən 08 Aprel 2025-ci il tarixli, K001790 nömrəli kredit müqaviləsi üzrə ilkin ödəniş də daxil olmaqla ümumilikdə 123 manat ödəniş edilmişdir. 28 iyun 2025-ci il tarixli, K001983 nömrəli müqavilədən görünür ki, Bayramov X1 Tahir Musa oğlundan alğı-satqı qiyməti 790 manat olan “Redmi Note 14S” markalı mobil telefonu 40 manat ilkin ödəniş etməklə almış və həmin müqavilənin 2.4-cü bəndinə əsasən malın qalan dəyərini 17 ay müddətində 44.11 manat olmaqla nağd və ya köçürmə yolu ilə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 28 iyun 2025-ci il tarixli, K001983 nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədən görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşya təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş ödəniş çeklərindən görünür ki, Cavabdeh tərəfindən 28 iyun 2025-ci il tarixli, K001983 nömrəli kredit müqaviləsi üzrə ilkin ödəniş də daxil olmaqla ümumilikdə 40 manat ödəniş edilmişdir. 08 Aprel 2025-ci il tarixli, K001790 nömrəli və 28 iyun 2025-ci il tarixli və K001983 nömrəli müqavilələrin 3.7-ci bəndinə əsasən alınmış mal üçün ödənilməli olan pul mabləğinin hər gecikdirilmiş ayı üçün malın ödənilmədiyinə görə qalmış olan dəyərinin 5 (beş) faizi miqdarında kompensasiya (cərimə) ödənilir. 08 Aprel 2025-ci il tarixli, K001790 nömrəli və 28 iyun 2025-ci il tarixli, K001983 nömrəli müqavilələrin 5.6-cı bəndinə əsasən tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aidiyyəti üzrə məhkəmələrdə həll edilir. xx.xx.2025-ci il tarixli pretenziya ərizəsindən görünür ki, Cavabdeh İddiaçı tərəfindən ona olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Fiziki şəxsin uçotu haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə **********2 (VÖEN) nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alğısatqı müqavilələri ilə üzərinə düşən öhdəlikləri icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyaları Cavabdeh vermiş, cavabdeh isə alğı-satqı müqavilələri ilə üzərinə düşən öhdəlikləri lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında 08 Aprel 2025-ci il tarixli, K001790 nömrəli və 28 iyun 2025-ci il tarixli, K001983 nömrəli kredit müqavilələri üzrə gecikdirilən pul öhdəliyi üzrə 437 və 750 manat, ödənilməmiş qalıq dəyər üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 2 ay üzrə 43.70 və digər müqavilə üzrə ödənilməmiş 3 ay üzrə 112.50 manat ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilələr bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh 08 Aprel 2025-ci il tarixli, K001790 nömrəli və 28 iyun 2025-ci il tarixli, K001983 nömrəli müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuş, İddiaçı ödənilməli olan əsas borcu vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrinin şərtlərinə əsasən iddiaçının cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və cərimə borcunun ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçının həmin tələblə bağlı 08 Aprel 2025-ci il tarixli, K001790 nömrəli müqavilə üzrə 437 manat, 28 iyun 2025-ci il tarixli, K001983 nömrəli müqavilə üzrə 750 manat ödənilməmiş hissəsi işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Məhkəmə iddiaçının cərimənin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin iddiaçı cavabdehdən hər iki müqavilə üzrə ümumilikdə 1187 manat əsas borcuna münasibətdə 156.2 manat dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, cərimənin miqdarının bu qədər çox olması borclunun mülkiyyət maraqlarının qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından məqsədəmüvafiq deyildir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilə şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 156.2 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 60 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh 08 Aprel 2025-ci il tarixli, K001790 nömrəli və 28 iyun 2025-ci il tarixli, K001983 nömrəli müqavilələr üzrə 1187 manat əsas borc, 60 manat cərimə borcu olmaqla ümumilikdə 1247 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34 manat dövlət rüsumunun 31.56 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 08 Aprel 2025-ci il tarixli, K001790nömrəli və 28 iyun 2025-ci il tarixli, K001983 nömrəli müqavilələr üzrə 1187 manat əsas, 60 manat cərimə, cəmi 1247 manat borc və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 31.56 manatlıq hissəsi olmaqla ümumilikdə 1278.56 (min iki yüz yetmiş səkkiz manat, əlli altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar