Məhkəmə qərarları › İş №2(111)-32/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-32/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-32/2022 07.02.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış 03.03.2020-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "Azər-Türk Bank” ASCnin xeyrinə 8581.72 (səkkiz min beş yüz səksən bir manat, 72 qəpik) manat əsas, 798.4 (yeddi yüz doxsan səkkiz manat, 40 qəpik) manat faiz, cəmi 9380.12 (doqquz min üç yüz səksən manat, 12 qəpik) manat borcun, həmçinin ödənilmiş 114 (yüz on dörd) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 12000 (on iki min) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh1 arasında 03.03.2020-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 03.03.2020-ci il tarixli 1028440/19266 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə və təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 22.11.2021-ci il tarixinə əsas borcu 8581.72 (səkkiz min beş yüz səksən bir manat, 72 qəpik) manat, faiz borcu 798.4 (yeddi yüz doxsan səkkiz manat, 40 qəpik) manat, cəmi 9380.12 (doqquz min üç yüz səksən manat, 12 qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə olan əsas və ona hesablanmış faiz borcu 9380.12 (doqquz min üç yüz səksən manat, 12 qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi X1 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə mülki işə iştirakları olmadan baxmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehlərin gəlməməsinin səbəblərini üzrsüz hesab edib bankın nümayəndəsinin məhkəmə iclasını iştirakları olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən onların iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.03.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 20% hesablanmaqla, 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. 03.03.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, həmin tarixdə Cavabdeh1 bidəfəlik 2% bank komissiyası tutulmaqla 11760 manat məbləğində ödəniş edilmişdir. 03.03.2020-ci il tarixli 1028440/19266 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.03.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmış, zamin borcalan Cavabdeh1 bank qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirənədək “Borcalan”la birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin (atb.az/tarifler) saytından çıxarışa əsasən “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət Müqavilələrinin Standart Şərtləri”-nin 6-cı fəslinin 2.17-ci maddəsindən görünür ki, müştəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəniş cədvəli (qrafiki)” üzrə ödənişləri yerinə yetirmədikdə Bank müvafiq müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. 18 oktyabr 2021-ci il tarixli, 07/08-3787 nömrəli pretenziya məktubundan görünür ki, cavabdehlərə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 22.11.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 03.03.2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə Cavabdeh1 banka 8581.72 manat əsas, 798.4 manat faiz, ümumilikdə 9380.12 manat borcu vardır. 24.11.2021-ci il tarixli, ********* nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "xxxx" ASC tərəfindən 114 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, iş üzrə tədqiq olunmuş sübutlarla, o cümlədən 03.03.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən tam təsdiq olundu ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında həmin tarixdə kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 36 ay müddətinə, 03.03.2023-cü il tarixədək illik 20% ödəmək şərti ilə 12000 manat kredit verilmişdir. Lakin borcalan müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmiş və nəticədə onun "xxxx" ASC-yə 22 noyabr 2021-ci il tarixə 8581.72 manat əsas, 798.4 manat faiz, ümumilikdə 9380.12 manat borcu vardır. Eyni zamanda iş materiallarından aydın olur ki, 03.03.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən borclu Cavabdeh1 ona verilmiş kreditdən hesablanmış faizlə birlikdə 03 noyabr 2021-cu il tarixə (445.96 x 20 ay) 8919.20 manat ödəməli olduğu halda, 22.11.2021-ci il tarixli maliyyə arayışına əsasən cəmi 5996 manat ödəmişdir. Beləliklə də iş materiallarından aydın olur ki, borclu şəxslər hazırkı iş üzrə Cavabdeh1 03.03.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə və eləcə də Cavabdeh2 ilə bank arasında bağlanmış 03.03.2020-ci il tarixli 1028440/19266 nömrəli zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından iddiaçı "xxxx" ASC-nin cavabdehlərdən müştərək qaydada əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin tam məbləğini vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən 22.11.2021-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış 03.03.2020-ci il tarixli ******* saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 03.03.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə yaranmış 8581.72 manat əsas, 798.4 manat faiz, ümumilikdə 9380.12 manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 114 manat məbləğində dövlət rüsumu da cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.03.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 03.03.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsindən yaranmış 8581.72 manat məbləğində əsas borc, 798.4 manat məbləğində faiz borcu, cəmi 9380.12 manat borc və ödənilmiş 114 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 9494.12 (doqquz min dörd yüz qoxsan dörd manat, 12 qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar