Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-35/2025 24.01.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilərək artırılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kəngərli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(111)-6/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək, artırılıb 26 iyun 2009-cu il təvəllüdlü X3 və 26 iyun 2009-cu il təvəllüdlü X1 üçün hər ay cavabdehdən bir uşaq üçün 246 manat olmaqla 492 manat aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Kəngərli Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 2(111)-6/2022 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqlardan biri - 24 sentyabr 2006-cı il təvəllüdlü X6 atası Cavabdeh yanında, 26 iyun 2009-cu il təvəllüdlü X7 və 26 iyun 2009-cu il təvəllüdlü X8 isə özünün yanında qalmaları müəyyən edilmişdir. Həmin qətnamə ilə Cavabdeh bir uşaq üçün 80 manat olmaqla cəmi 160 manat aliment tutularaq 26 iyun 2009-cu il tarixdə doğulmuş X3 və 26 iyun 2009-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi qət olunmuşdur. Aliment qət olunduqdan sonra uşaqlardan biri - 24 sentyabr 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatmışdır. Digər uşaqlar isə yenə də özünün yanında qalırlar və onları təkbaşına saxlayır. Göründüyü kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ailə vəziyyətində ciddi dəyişiklik olmuşdur. Həmçinin 2022-ci ilə nisbətən 2024-cü ildə yaşayış minimumu artmış, həyat şərtləri dəyişmiş, uşaqlar da böyüyərək tələbatları artmışdır. Cavabdeh isə 160 manat ödəməklə uşaqların digər qayğılarından yayınır. Onların başqa tələbatları ilə maraqlanmır, səhhəti və təhsilləri ilə də bir dəfə də olsun maraqlanmayıb. Həmçinin hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün ödənilən aliment məbləği yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından məqsədəmüvafiq deyil. Ona görə də cavabdehdən tutulması müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək artırılmasını istəyir. İddia ərizəsinin məzmunundan görünür ki, Kəngərli Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 2(111)-6/2022 nömrəli qətnaməsi ilə cavabdehin yanında qalan yetkinlik yaşına çatmayan uşaq - 24 sentyabr 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatmış, bununla da tərəflər arasındakı ailə vəziyyətində dəyişiklik olmuşdur. Ailə Məcəlləsinin 112ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Bu səbəbdən də məhkəmə alimentin miqdarının dəyişdirilərək artırılması ilə tələbə iddia icraatında baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini, özünün hava limanında işlədiyini, tutulmalarla 700 manat əməkhaqqı aldığını, əməliyyat olunduğunu, özünün səhhətində ciddi problemlər olduğunu, qızlarından birinin xəstəliyi olduğunu, demək olar ki, onu hər gün xəstəxanaya apardığını, digər uşağının da hazırlıqları olduğunu, cavabdehin yanında qalan uşaqlarının artıq yetkinlik yaşına çatdığını, bildiyinə görə işlədiyini, 80 manat alimentin uşaqları saxlamaq üçün görmədiyini, problemlərin çox olduğunu, mübahisənin məhkəmə qaydasında həll olunmasını istədiyini bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən Cavabdeh izahatında onun yanında qalan uşaqlarının yetkinlik yaşına çatsa da, müalicə aldığını, özünün heç yerdə işləyə bilmədiyini, qış aylarında iş tapa bilmədiyini, iddiaçı uşaqları verərsə, özünün uşaqları saxlamağa razı olduğunu, lakin iddiaçının tələb etdiyi aliment miqdarını ödəməyə imkanının olmadığını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 dekabr 2024-cü il tarixli doğum akt qeydindən çıxarışlara əsasən iş üzrə tərəflərin 26 iyun 2009-cu il tarixdə X8 və 26 iyun 2009-cu il tarixdə X7 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 2(111)-6/2022 nömrəli qətnaməsindən çıxarışa əsasən Cavabdeh ilə X12 arasındakı nikah pozulmuş, 24 sentyabr 2006-cı il təvəllüdlü X6 atası Cavabdeh yanında, 26 iyun 2009-cu il təvəllüdlü X7 və 26 iyun 2009-cu il təvəllüdlü X8 isə anaları X5 yanında qalmaları müəyyən edilmiş və 22 sentyabr 2021-ci il tarixdən hesablanmaqla bir uşaq üçün 80 manat olmaqla cəmi 160 (yüz altmış) manat aliment tutularaq 26 iyun 2009-cu il tarixdə doğulmuş X3 və 26 iyun 2009-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X9 ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ 175597 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X12 arasında bağlanmış nikah 13 may 2022-ci il tarixdə Kəngərli Rayon Qeydiyyat şöbəsində pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına “ Əsgərova” soyadı verilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından elektron sorğu əsasında əldə edilmiş çıxarışdan görünür ki, iş üzrə iddiaçı “Naxçıvan” X11 işləyir və 806 manat əmək haqqı alır, cavabdehin isə işləməsi barədə hər hansı bir məlumat yoxdur. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Kəngərli Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 2(111)-6/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 17 dekabr 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat aliment tutularaq 26 iyun 2009-cu il təvəllüdlü X3 və 26 iyun 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Kəngərli Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 2(111)-6/2022 nömrəli qətnaməsindən ilə Cavabdeh ilə X12 arasındakı nikah pozulmuş, 24 sentyabr 2006-cı il təvəllüdlü X6 atası Cavabdeh yanında, 26 iyun 2009-cu il təvəllüdlü X7 və 26 iyun 2009-cu il təvəllüdlü X8 isə anaları X5 yanında qalmaları müəyyən edildiyindən 22 sentyabr 2021-ci il tarixdən hesablanmaqla bir uşaq üçün 80 manat olmaqla cəmi 160 (yüz altmış) manat aliment tutularaq 26 iyun 2009-cu il tarixdə doğulmuş X3 və 26 iyun 2009-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X9 ödənilməsi qət olunmuş, hazırda Cavabdeh yanında qalan 24 sentyabr 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatmış və bununla da tərəflər arasındakı ailə vəziyyətində dəyişiklik baş vermiş, cavabdehin maddi vəziyyəti yaxşılaşmışdır. Məhkəmə iddianı qismən təmin edərkən məhkəmə onu da nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdir. Yəni, həm ata, həm ana uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, bir uşaq üçün müəyyən olunmuş 130 manat aliment sonrakı artımlar nəzərə alınmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 2024-cü il üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən mislinə uyğun (130:345=0,38) müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin vəzifələri kimi qeyd edilmişdir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa görə, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarının 1-ci və 2-ci bəndlərinə əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericilik, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının artırılması və azaldılması imkanını nəzərdə tutur. Məhkəmə yuxarıda göstərilən müddəaların tələbini və yetkinlik yaşına çatmayan uşaqların iş üzrə iddiaçının yanında qalmaqla bütün qayğılarının onun tərəfindən çəkilməsini, aliment müəyyən olunmuş 2022-ci ilə nisbətən 2025-ci ildə uşaqlar üçün yaşayış minimumunun artmasını və 246 manat müəyyən olunmasını, valideynlərin hər ikisinin uşaqlarını saxlamağa borclu olduğunu, iddiaçının işləməsini, cavabdehin işsiz olmasını və ödəmə qabiliyyətini nəzərə alaraq cavabdehdən hər uşaq üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli miqdarında aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 172.1.1-ci maddəsinə əsasən alimentin tutulması barədə işlərə 2 ay müddətində baxılır və həll edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə münasib olan ((260-160)x12=1200) 32 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qət etdi:
İddia qismən təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 2(111)-6/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək, Cavabdeh 17 dekabr 2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli miqdarında sabit pul məbləğində aliment tutularaq 26 iyun 2009-cu il təvəllüdlü X3 və 26 iyun 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi vaxtdan 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Zülfüqar Əhmədov