Məhkəmə qərarları › İş №2(111)-37/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-37/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-37/2023 20.04.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin (bundan sonra "xxxx" BOKT ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 04 noyabr 2014-cü il tarixli PB/0xx/xx/336654 saylı krediti müqaviləsinə əsasən 1934.51 manat borc, 440.14 manat hesablanmış faiz borc, 1183.92 manat hesablanmış dəbbə borcu, cəmi 3558.57 manat borc və 55.59 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında 04 noyabr 2014-cü il tarixli PB/0xx/xx/336654 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq 04 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 24 ay müddətinə, 33 faizlə, 3300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir. 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 04 noyabr 2014-cü il tarixli PB/0xx/xx/336654 saylı kredit müqavilələsinə əsasən Cavabdeh BOKT-a 1934.51 manat əsas borc, 440.14 manat hesablanmış faiz, 1183.92 manat hesablanmış dəbbə, cəmi 3558.57 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. İş üzrə İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən onların iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş:- "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 04 noyabr 2014-cü il tarixli PB/0xx/xx/336654 nömrəli krediti müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 33% hesablanmaqla 24 ay müddətinə 3300 manat məbləğində kredit verilmişdir. 04 noyabr 2014-cü il tarixli PB/0xx/xx/336654 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2016cı il tarixədək hər ay 189.65 manat, son ödəmə tarixi olan xx.xx.2016-cı ildə isə 189.53 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 04 noyabr 2014-cü il tarixli PB/0xx/xx/336654 nömrəli kredit müqaviləsinin 2.9-cu bəndinə əsasən şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu, yəni cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 04 noyabr 2014-cü il tarixli PB/0xx/xx/336654 saylı müqavilə üzrə İddiaçı BOKT ASC-yə 1934.51 manat əsas, 440.14 manat faiz, 1183.92 manat cərimə olmaqla ümumilikdə 3558.57 manat borcu vardır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-3618/2016 saylı qərarına əsasən məcburi ləğv prosesində olan "xxxx" ASC hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla Bank Olmayan Kredit Təşkilatına çevrilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışla əsasən Orucov X1 rayon Təzəkənd kəndində qeydiyyatdadır. 13 yanvar 2020-ci il tarixli 0024/PB nömrəli pretenziya məktubundan görünür ki, cavabdehə banka olan borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı BOKT ASC tərəfindən 55.59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması üçün xüsusi bilik tələb olunduğundan Kəngərli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(111)-37/2023 nömrəli qərardadı ilə məhkəmə - mühasibatlıq ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 329 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilənlərə əsasən: iş materiallarından göründüyü kimi, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış 04 noyabr 2014-cü il tarixli PB/0xx/xx/336654 saylı kredit müqaviləsinin şərtlərinə əsasən hesabdan çıxarış məlumatlarının düzgünlüyü nəzərə alındıqda Cavabdeh İddiaçı BOKT ASC-yə xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarixə) əsas borcu 1888.59 (min səkkiz yüz səksən səkkiz manat, əlli doqquz qəpik) manat, faiz borcu 423.24 (dörd yüz iyirmi üç manat, iyirmi dörd qəpik) manat, cərimə borcu 408.17 (dörd yüz səkkiz manat on yeddi qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh 04 noyabr 2014-cü il tarixli PB/0xx/xx/336654 nömrəli müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı BOKT ASC-yə ödənilməli olan əsas borcu vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçının cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin, kreditdən istifadəyə görə faizlərin və cərimə borcunun tam məbləğinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsas, faiz və cərimə borcuna münasibətdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 329 nömrəli ekspert rəyi tədqiq olunaraq digər sübutlarla yanaşı qiymətləndirilməklə nəzərə alınmalı və rəydə qeyd olunduğu kimi 1888.59 manat əsas borc, 423.24 manat faiz borcu və 408.17 manat cərimə borcu olmaqla cəmi 2720 manat məbləğində borcun Cavabdeh tutulması əsaslı hesab olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 04 noyabr 2014-cü il tarixli PB/0xx/xx/336654 nömrəli müqavilə üzrə 1888.59 manat əsas borc, 423.24 manat faiz borcu və 408.17 manat cərimə borcu olmaqla cəmi 2720 manat məbləğində pul tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 55.59 manat dövlət rüsumunun 42.49 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 04 noyabr 2014-cü il tarixli PB/0xx/xx/336654 nömrəli kredit müqaviləsi üzrə 1888.59 manat əsas borc, 423.24 manat faiz borcu və 408.17 manat cərimə borcu olmaqla cəmi 2720 manat borc və 42.49 manat məbləğində dövlət rüsumu ümumilikdə 2762.49 (iki min yeddi yüz altmış iki manat, qırx doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar