Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-45/2021 03.03.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh sədri X2 iştirakı ilə, İddiaçı Cavabdehndən dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12800 (on iki min səkkiz yüz) manat dəymiş ziyanın və iddia ilə bağlı 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 12830 (on iki səkkiz yüz otuz) manat maddi ziyanın Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu ilin oktyabr ayında Kəngərli rayonunun Qarabağlar kənd Bələdiyyəsində 8 ha torpaq sahəsində taxıl əkibbecərməyi üçün müqavilə bağlamışdır. 10 ilə yaxındır ki, həmin torpağı əkinə yararlı hala gətirmək üçün torpaq üzərində maddi və mənəvi əziyyətlər çəkmişdir. 2020-ci ilin mart ayında onun xəbəri və məlumatı olmadan qərəzli şəkildə bələdiyyə akt qəbul edərək müqaviləsini ləğv etmiş, ona müqavilə əsasında verilmiş 8 ha torpaq sahəsi xəbəri olmadan Bələdiyyə fonduna qaytarılmışdır. Zəhməti ilə əkib-becərdiyi taxılı onun icazəsi və xəbəri olmadan 2020-ci ilin avqust ayında Kəngərli rayonunun Qarabağlar Bələdiyyəsi biçib apararaq ona 12800 (on iki min səkkiz yüz) manatlıq ziyan vurmuşdur. Ona vurulmuş ziyan barədə Kəngərli rayon İcra Hakimiyyətinə yazılı formada ərizə yazmış, oradan bildirmişlər ki, 8 ha torpağın rüsumunun az ödənilməsinə görə müqavilə ləğv olunub. Halbuki o, bələdiyyə sədrinin ona dediyi rüsumu vaxtında ödəmişdir. Kəngərli rayonunun Qarabağlar kənd Bələdiyyəsi qanuna zidd hərəkətləri ilə onun qanunla qorunan hüquqlarını pozub. Ona görə də o, bu barədə şikayət etmək qərarına gəlmişdir. Bildirir ki, müqavilə ilə ona məxsus olan torpaqdan təqribən 8800 ( səkkiz min səkkiz yüz) manat da xeyri olacaqdı. Ümumilikdə ona 12800 (on iki min səkkiz yüz) manat ziyan vurulub. İddia bağlı o, 30 manat da dövlət rüsumu ödəmişdir və həmin pulun da qaytarılmasını istəyir. Mülki işin məhkəmə baxışı zamanı dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək Qarabağlar kənd Bələdiyyəsi tərəfindən taxıl əkib-becərmək üçün ona icarəyə verilmiş torpaq sahəsinin məlumatı olmadan qərəzli şəkildə akt qəbul edərək müqaviləni ləğv etdiyini, əkdiyi taxılı biçib apardığını və bələdiyyənin bu qeyri-qanuni hərəkətləri nəticəsində ona ziyan dəydiyini bildirərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Kəngərli rayonunun Qarabağlar kənd Bələdiyyəsinin sədri X3 izahat verərək iddianı qəbul etməyərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək və təqdim edilmiş iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından və iddiaçının izahatından görünür ki, iddiaçı ona dəymiş ziyanın Cavabdeh qeyri-qanuni hərəkətləri nəticəsində vurulduğu ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 №-li Qərarına əsasən Azərbaycan Respublikasının Bələdiyyələri inzibati orqanlar hesab edilirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 7.1-ci bəndinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin həmin Qərarın 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə həmçinin izah edir ki, iddiaçı göstərilən tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu məbləğinin qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının xx xxxxxx 2021-ci il tarixli, ********* nömrəli qəbz əsasında ödədiyi 30 manat məbləğində pul qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadda büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı 12800 (on iki min səkkiz yüz) manat dəymiş ziyanın və iddia ilə bağlı 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 12830 (on iki səkkiz yüz otuz) manat maddi ziyanın Cavabdeh üzərinə qoyulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı göstərilən tələblə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etməsi izah olunsun. İddiaçı xx xxxxxx 2021-ci il tarixli, ********* nömrəli qəbz əsasında ödədiyi 30 manat məbləğində pul qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququ olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-45/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-45/2021
03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver