Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-61/2024 05.02.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlu Naxçıvan Şəhər Məhkəməsindən aidiyyəti üzrə göndərilmiş "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işi nəzərdən keçirib məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət edərək müəyyən etdim: "xxxx" ASC Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 18 yanvar 2022-ci il tarixli, İK1009264 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 5824.55 manat əsas borc, 491.46 manat faiz borcu olmaqla, ümumilikdə 6316.01 manat kredit borcunun və ödənilmiş 83.16 manat dövlət rüsumunun tutularaq “Naxçıvan Bank’’ ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, e-2(078)-1536/2023 nömrəli qərardadı ilə mülki işin baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə bu nəticəyə gəlməsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1 -ci maddəsi ilə əsaslandırmışdır. Çünki Naxçıvan Şəhər Məhkəməsi tərəfindən çıxarılmış “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışda Cavabdeh yaşayış yeri Kəngərli rayon Qarabağlar kəndi göstərilmişdir. Kəngərli Rayon Məhkəməsi tərəfindən çıxarılmış “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışda Cavabdeh yaşayış yeri ünvan 1 göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə isə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki-prosessual qanunvericiliyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Konstitusiyanın 62-cı maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair’ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il Qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Naxçıvan Şəhər Məhkəməsi tərəfindən mülki iş baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilsə də, iş materiallarını tədqiq edərək belə hesab edirəm ki, mülki iş ərazi aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsində baxılmalı deyil. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Əlixanlı X1 şəhəri, Əcəmi Naxçıvani məhəlləsi döngə 6, ev 11 ünvanında rəsmi qeydiyyatdadır. Hazırki vəziyyətdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44cü maddəsinin tələblərini rəhbər tutmaqla belə nəticəyə gəlirəm ki, "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə başqa məhkəməyə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Ona görə də, mülki iş Naxçıvan Şəhər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, e- 2(078)-1536/2023 nömrəli qərardadı ilə baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin ikinci abzası rəhbər tutulmaqla mülki iş aidiyyatın düzgün müəyyən edilməsi üçün apelyasiya məhkəməsinə - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərara aldım: "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş ərazi aidiyyatının müəyyən edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-61/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-61/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver