Məhkəmə qərarları › İş №2(111)-81/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-81/2021

26.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-81/2021 26.07.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3728 (üç min yeddi yüz iyirmi səkkiz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 15.05.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. 01.08.2017-ci il tarixli 328-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. 19.04.2019cu il tarixində öz ərizəsi əsasında 161-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 27.11.2018-ci il və 06.03.2019-ci il tarixində Oba-Lökbatan 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 06.03.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 3916 (üç min doqquz yüz on altı) manat məbləğində zərər vurması məlum olmuşdur. 10.04.2019-cu il tarixli Borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən də məlum olur ki, Cavabdeh "xxxx" MMC-yə olan 3916 (üç min doqquz yüz on altı) manat məbləğində yaranmış kəsir borcunu tam etiraf etmişdir. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan keçən dövr ərzində 188 (bir yüz səksən səkkiz) manat ödəniş etmiş və qalıq borc isə hazırda 3728 (üç min yeddi yüz iyirmi səkkiz) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş etməmişdir. İş üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə göndərdiyi teleqramda mülki iş üzrə məhkəmə iclasını "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmış, cavabdeh 15 may 2017-ci il tarixdə satıcı-kassir vəzifəsinə işə götürülmüş, 08 yanvar 2017-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş və 19 aprel 2019-cu il tarixdə öz istəyi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 27 noyabr 2018 və 06 mart 2019-cu il tarixlərdə aparılmış inventarizasiya nəticəsində Cavabdeh " X2 " MMC-nə 3916 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Cavabdeh 10 aprel 2019-cu il tarixdə zərərin vurulması etirafı və ödənişi qaydası haqqında müqavilə imzalanmışdır. Cavabdeh ödənilməli olan 3916 manat borcdan 188 manatını ödəmiş və bu günə olan qalıq borcu 3728 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "X2" MMC ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2019-cu il tarixli “borcun etirafı və ödəniş qaydası” haqqında müqaviləyə əsasən cavabdeh iddiaçı təşkilata 3916 manat məbləğində zərər vurduğunu tam etiraf etmiş və 10.05.2019-cu il tarixdən başlayaraq hər ay 391.60 manat olmaqla 10 ay ərzində borcunu tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "X2" MMC-nin sabiq administratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 29 noyabr 2019-cu il tarixli arayışa əsasən 27.11.2018-ci il və 06.03.2019-cu il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 3916 manat çatışmazlıq müəyyən edilmiş, yoxlamadan keçən dövr ərzində cavabdeh tərəfindən Cəmiyyətin xəzinəsinə 188 manat mədaxil etməklə 3728 (3916-188) manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş 29.11.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh "X2" MMC-yə olan borcun ödənilməsi barədə xəbardarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 24.12.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin üçüncü redaksiyada verilmiş nizamnaməsindən məlum olur ki, "X2" MMC-nin adı "xxxx" MMC kimi dəyişdirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən vurulmuş ziyanın məbləğin müəyyən edilməsi və müvafiq tələb üzrə işi hərtərəfli araşdırıb, qanuni və əsaslı nəticəyə gəlmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29.06.2021-ci il tarixli, 143 nömrəli rəyində qeyd edilmişdir ki, 27.11.2018-ci il və 06.03.2019-cu il tarixdə Oba Lökbatan 3 filialında aparılmış yoxlama nəticələrinə dair Aktlar Malların inventarizasiya qaydalarının tələblərinə uyğun deyildir. Eyni zamanda iş materiallarında yaranmış çatışmazlıqlarla bağlı hər hansı bir mühasibatlıq sənədləri də mövcud deyil. Oba Lökbatan 3 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun Aktlar Malların inventarizasiya Qaydaların 12-ci bölməsinin tələblərinə tam cavab vermədiyindən yekun ziyanın məbləğini müəyyən etmək mümkün olmadı, ekspert tədqiqatı zamanı birinci sual üzrə inventarizasiya nəticələrinə dair yekun aktların qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün tərtib edilmədiyi müəyyən edilmişdir, bu əsasla ekspert qarşısına qoyulmuş digər suallara da bu inventarizasiya nəticəsinə dair yekun aktlar əsasında cavab verilməli olduğundan həmin suallara cavab verilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikası MPM-in 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını ekspert rəyi ilə əlaqəli şəkildə müqayisə edərək qeyd edir ki, ekspert rəyində 27.11.2018-ci il və 06.03.2019-cu il tarixdə Oba Lökbatan 3 filialında aparılmış yoxlama nəticələrinə dair Aktlar üzrə vurulmuş ziyanın məbləğini müəyyənləşdirmək mümkün olmasa da, zərərin vurulması etirafı və ödənişi qaydası haqqında 10 aprel 2019-cu il tarixli müqavilə ilə cavabdehin borcu ödəməyi öhdəsinə götürməsini nəzərə alaraq Oba Lökbatan 3 filialında aparılmış yoxlama nəticələrinə dair yekun Akt üzrə ziyanın məbləğinin müəyyən edilməsi nəticəsinə gəlinir. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi ilə cavabdeh öz üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh onunla bağlanmış əmək müqaviləsinin və tam məsuliyyət haqqında müqavilənin şərtlərini kobud surətdə pozmuş, iddiaçıya 3916 (üç min doqquz yüz on altı) manat məbləğində maddi ziyan vurmuşdur. Zərərin vurulması etirafı və ödənişi qaydası haqqında 10 aprel 2019-cu il tarixli müqavilə ilə cavabdeh borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya olan borcunu etiraf etməklə, həmin məbləğdə pulun iddiaçıya qaytarılması öhdəliyini qəbul etmişdir. İş materiallarında olan 29 noyabr 2019-cu il tarixli maliyyə arayışına əsasən cavabdeh 188 (bir yüz səksən səkkiz) manat ödəmiş, qalan borcu ödəməmişdir. Odur ki, iddiaçı ödənilməmiş qalan 3728 (üç min yeddi yüz iyirmi səkkiz) manat pul vəsaitini tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda sadalanan normalara qiymət verərək belə hesab edir ki, Cavabdeh 3728 (üç min yeddi yüz iyirmi səkkiz) manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir, cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə Cavabdeh ödənilməmiş 3728 (üç min yeddi yüz iyirmi səkkiz) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, cəmi 3758 (üç min yeddi yüz əlli səkkiz) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar