Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-86/2021 18.08.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3560.57 manat əsas borc, 113.11 manat faiz borcu və kredit müqaviləsi üzrə 11.02.2021-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 18.95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3692.63 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 11 fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 23 faizlə 24 ay müddətinə 20000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 11 fevral 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini ödəməkdən boyun qaçırır. 2021-ci il martın 19-dək Cavabdeh1 banka 11 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3560.57 manat əsas borc, 113.11 manat faiz borcu olmaqla ümumilikdə cəmi 3673.68 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəməyə teleqram göndərərək mülki iş üzrə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiklərini, iddia ərizəsini müdafiə etdiklərini, məhkəmə iclaslarını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin məhkəməyə gəlməməsinin səbəblərini üzrsüz hesab edərək və məhkəmə baxışını onların iştirakı olmadan keçirib müvafiq qərar qəbul etməsi barədə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə iş üzrə iddiaçının təqdim etdikləri sübutları və Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2021-ci il tarixli, 174 nömrəli ekspert rəyini məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11.02.2019-cu il tarixli, 11-BİZ-1-0-238-19 nömrəli Kredit Müqaviləsindən görünür ki, "xxxx" İKB ASC “Borcalan” Cavabdeh1 24 ay müddətinə, illik 23% faiz dərəcəsi olmaqla 20000 (iyirmi min) manat məbləğində kredit vermişdir. İş materiallarında olan 11.02.2019-cu il tarixli 170326 nömrəli və 04.03.2019-cu il tarixli 170327 nömrəli qəbzlərdən və iş üzrə hesabdan çıxarışdan məlum olur ki, müqavilə üzrə bank tərəfindən borclu Cavabdeh1 əməliyyat məsrəfləri və komissiya haqqı çıxılmaqla cəmi 19501 manat ödəniş edilmişdir. İş materiallarında olan 11.02.2019-cu il tarixli, 11-BİZ-1-0-238-19 nömrəli Kredit Müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan 11.03.2019-cu ildən başlayaraq hər ay 1047.47 manat, son ödəniş 11.02.2021-ci ildə isə 1047.35 manat olmaqla krediti qaytarmağı öhdəsinə götürmüşdür. Ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0.1% cərimə hesablanaraq tutulması müəyyən edilmişdir. İş materiallarında olan 11.02.2019-cu il tarixli, 11-BİZ-1-0-238-19(Z1) nömrəli və 11.02.2019-cu il tarixli, 11-BİZ-1-0-238-19(Z2) nömrəli zaminlik müqavilələrindən görünür ki, 11.02.2019-cu il tarixli, 11-BİZ-1-0-238-19 nömrəli kredit müqaviləsi üzrə zaminlər - Cavabdeh2 və Cavabdeh3 borcalanla birlikdə kreditior qarşısında birgə məsuliyyət daşıyır. İşin tam, hərtərəfli və obyektiv araşdırılması və tərəflər arasında bağlanmış 11.02.2019-cu il tarixli, 11-BİZ-1-0-238-19 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-yə ayrı ayrılıqda əsas, faiz və əldən çıxmış fayda borcunun məbləğini müəyyənləşdirilməsi üçün xüsusi bilik tələb olunduğundan iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 30 iyul 2021-ci il tarixli, 174 nömrəli ekspert rəyində birinci suala cavab olaraq bildirmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı ASC-nə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları və 11.02.2019-cu il tarixli, 11-BİZ-1-0-238-19 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, İddiaçı ASC-nə 11.02.2021-ci il tarixə (müqavilənin bitdiyi tarixə) kredit müqaviləsi üzrə olan əsas borcu 3310.81 (üç min üç yüz on) manat, faiz borcu 42.26 (qırx iki) manat təşkil edir. İkinci sual üzrə isə ekspert rəyində bildirilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 11.02.2019-cu il tarixli, 11- BİZ-1-0-238-19 nömrəli kredit müqaviləsinə, sualda qoyulan 11.02.2021-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanması şərtinə və Azərbaycan Respublikasının Mülki məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il Plenumunun Qərarına əsasən kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 17.47 (on yeddi) manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 16.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği 5 gün müddətində könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 19.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 11.02.2019-cu il tarixli, 11-BİZ-1-0-238-19 nömrəli müqavilə üzrə 3560.57 manat əsas, 113.11 manat faiz və 18.95 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə 3673.68 manat borcu mövcuddur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin çıxarışından görünür ki, qurumuin adı İddiaçı ASC olaraq qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin cavabdehlər müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iş materiallarından aydın olur ki, borclu şəxslər hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 11.02.2019-cu il tarixli, 11-BİZ-1-0-238-19 nömrəli kredit müqaviləsi ilə öz üzərilərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq da iş üzrə İddiaçı ASC-nin iş üzrə cavabdehlərdən əsas borcun, kreditdən istifadəyə görə faizlərin, və gecikdirilmiş vaxt üçün illik beş faiz olan məbləğin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyul 2021-ci il tarixli, 174 nömrəli rəyini əsas götürüb hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 11.02.2019-cu il tarixli, 11-BİZ- 1-0-238-19 nömrəli kredit müqaviləsi üzrə 3310.81 manat məbləğində əsas borc, 42.26 manat məbləğində faiz borcu, və 17.47 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 3370.54 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin olunduğundan 27.38 (iyirmi yeddi, otuz səkkiz) manat məbləğində dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3310.81 (üç min üç yüz on, səksən bir) manat əsas borc, 42.26 (qırx iki, iyirmi altı) manat faiz borcu və 17.47 (on yeddi, qırx yeddi) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla ümumilikdə 3370.54 (üç min üç yüz yetmiş, əlli dörd) manat borc və 27.38 (iyirmi yeddi, otuz səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin ("xxxx" X2) xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-86/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-86/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver