Məhkəmə qərarları › İş №2(111)-95/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-95/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-95/2023 20.04.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) direktoru Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən 5000 (beş min) manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-605/2023 nömrəli qərardadı ilə mülki iş aidiyyatı üzrə baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında ona məxsus yarımçıq tikilini təmir etdirərək ora köçmək fikri olmuş, bu sahədə təcrübəsi olmadığı üçün Gəncə şəhəri “Şans” Tibb Mərkəzinin qarşısında “Dəniz İnşaat” mağazasının sol tərəfində yerləşən "xxxx" MMC-yə müraciət etmiş, binanın giriş hissəsində şirkət tərəfindən təmirtikinti, bu sahədə digər xidmətlər göstərilməsi ilə bağlı böyük reklam lövhələri yerləşdirildiyindən binaya daxil olanda onu şirkətin direktoru Cavabdeh qarşılamış, onun məqsədini öyrəndikdə tam düzgün ünvana gəldiyini, şirkətin çox böyük imkanlarının olduğunu və ona yüksək səviyyədə xidmət göstəriləcəyini bildirmişdir. Yalçın tikiliyə baxmaq ölçmə işləri aparmaq məqsədi ilə ona məxsus yarımçıq tikili olan əraziyə getmiş, tikiliyə baxaraq ölçmə işləri aparmış və 31.000 (otuz bir min) manata evi tam təmir edərək təhvil verəcəyini, yəni “açarla qapını aç gir rahat yaşa” demişdir. Daha sonra Yalçın bununla bağlı notarial qaydada müqavilə bağlamalı olduqlarını bildirmiş və onlar Gəncə şəhəri 6 saylı notarial ofisinə gedərək xx.xx.2022-ci il tarixli tikinti üçün podrat müqavilə sazişi bağlamışlar. Sazişə əsasən ilkin olaraq "xxxx" MMC-nin direktoru Cavabdeh və o xidmət müqaviləsi bağlayaraq imzalamışlar. Müqavilənin ikinci bəndinə əsasən o, ilkin ödənişi şirkətin bank hesabına və ya şirkət tərəfindən təsdiq edilmiş “X1” üzrə ödəməli idi. O, ilkin ödəniş məbləği 6000 (altı min) manatı sayaraq şirkətin direktoru Cavabdeh vermiş, Cavabdeh isə ona şirkət tərəfindən təsdiq edilmiş “X1” üzərində şirkətin möhrü olan çeki təqdim etmişdir. ona verilmiş müştəri müqaviləsinin 1 saylı əlavəsinə əsasən təmir işlərinə xx.xx.2022-ci il tarixində başlamalı işləri xx.xx.2022-ci il tarixində yekunlaşdıraraq ona hazır evi təhvil verməli olmuşlar. Ancaq nəinki xx.xx.2022-ci il tarixində digər günlərdə də şirkət tərəfindən 1300 (min üç yüz) manat dəyərində iş görülmüşdür. o bununla bağlı Cavabdehla (***-***-**-** hal-hazırda bu nömrə işləmir) dəfələrlə telefon əlaqəsi yaratsa da, o hər dəfə bir bəhanə gətirmişdir. O, gündəlik olaraq şirkətin ofisinə getmiş və orda şirkətin direktoru olan Cavabdeh iş görməməklərini müxtəlif bəhanələr gətirərək onu aldatmaqla məşğul olmuş, təxminən iyun ayının ortalarında şirkət Gəncə şəhəri “Şans” Tibb Mərkəzinin qarşısında kiraladığı ofisdən çıxmış, ofisin bütün avadanlıqlarını və sənədlərini aparmışdır. Daha sonra o, Yalçınla bir neçə dəfə əlaqə saxlaya bilmişdir. Artıq 4 aydır ki, o, Yalçınla əlaqə saxlıya bilmir. Cavabdeh fırıldaqçılıqla ondan 6000 (altı min) manatı almış, onun təcrübəsinin olmamasından istifadə edərək onu əlacsız vəziyyətə salmışdır. Belə ki, o, çıxılmaz vəziyyətdədir, oğlu hərbiçidir, 8 ildir ki, vətənə xidmət edir, oğluna toy edəcəyindən toyu təxirə salmaq məcburiyyətində qalmışdır. İş üzrə İddiaçı məhkəməyə göndərdiyi ərizədə Gəncə şəhərində yaşadığını, səhhəti ilə əlaqədar Naxçıvan MR-na gələ bilmədiyini, ona görə də 20 aprel 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini, işin halları ilə bağlı bütün sübutları məhkəməyə təqdim etdiyini, məhkəməyə nümayəndə göndərmək üçün maddi cəhətdən imkanının olmadığını, tələb etdiyi pulun cavabdeh tərəfindən hissə-hissə qaytarılmasına razı olduğunu göstərərək onun iştirakı olmadan işə baxıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin təyin edilmiş məhkəmə iclasına gəlməməsinin səbəblərini üzrsüz hesab edib və iddiaçının məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən onların iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin direktoru Cavabdeh ilə müştəri qismində çıxış edən İddiaçı arasında 09 may 2022-ci il tarixdə xidmət müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin direktoru Cavabdeh, "xxxx" MMCnin müdirəsi Hüseynova Lalənin və müştəri İddiaçı imzaladığı 1 nömrəli müştəri müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı görüləcək işlərin dəyəri 31000 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Gəncə Şəhər 6 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş "xxxx" MMC-nin adından Cavabdeh ilə İddiaçı arasında 12 may 2022-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş kassa mədaxil orderinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə 1500 manat pul ödəmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş kassa mədaxil orderinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə 4500 manat pul ödəmişdir. İş materiallarına əlavə olunmuş Gəncə Şəhər BPİ İTİ-nin müstəntiqi tərəfindən qəbul olunmuş 30 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən İddiaçı "xxxx" MMC-dən pul tələbi ilə bağlı şikayəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, İddiaçı ilə "xxxx" MMC arasında təmir-tikinti işlərinin aparılması üçün 09 may 2022-ci və 12 may 2022-ci il tarixlərdə xidmət və podrat müqaviləsi bağlanılmiş, "xxxx" MMC tərəfindən verilmiş kassa mədaxil orderlə əsasən həmin işlərin aparılması üçün iddiaçı tərəfindən xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə 1500 və 4500 manat olmaqla cəmi 6000 manat "xxxx" MMC-yə pul ödənilmişdir. İddiaçı isə hazırda qeyd edilən müqavilələr üzrə öhdəlik yerinə yetirilmədiyindən "xxxx" MMC-nin direktoru Cavabdeh ödədiyi pulun 5000 manatını tələb edir. Məhkəmə ilk olaraq qeyd edir ki, iddia tələbinin əsasını iddiaçının "xxxx" MMC ilə bağlanan müqavilələr üzrə öhdəlik yerinə yetirilmədiyindən ödənilmiş pulun "xxxx" MMCnin direktoru Cavabdeh tələb etməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin:- 752.1-ci maddəsinə görə Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə mülki işdən müəyyən olunur ki, İddiaçı iddia ərizəsində əsaslandığı hallar işin faktiki hallarına uyğun deyildir. Belə ki, məhkəmə hesab edir ki, mülki iş üzrə cavabdeh kimi cəlb edilmiş Cavabdeh hüquqi şəxsin direktoru olmaqla, hüquqi şəxsin hərəkətlərinə görə öhdəlik daşıya bilməz. O, hazırki iddia tələblərinə cavab verməli olmayan fiziki şəxsdir. Bu baxımdan məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-605/2023 nömrəli qərardadında göstərilmişdir ki, işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçıya podrat müqaviləsinin "xxxx" MMC ilə bağlandığını bildirilərək cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif olunsa da, iddiaçı Cavabdeh əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsinə razılıq verməmiş və Cavabdeh 5000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 52.1-ci maddəsinə əsasən, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin Məcəllənin Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən, Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Belə olan halda məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübut etmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübut etmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübut etmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübut etmə yükü iddiaçının üzərinə düşür. Bütün sadalananlara əsasən məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh “pul” tələb etməkdə haqlı deyildir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh “pul” tələbinə dair iddia tələbi rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar