Məhkəmə qərarları › İş №2(111)-98/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-98/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-98/2023 27.02.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun və ödənilmiş dövlət rüsumunun alınması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında nəzərdən keçirərək müəyyən etdim: İddiaçı (bundan sonra İddiaçı MMC) 27 fevral 2023-cü il tarixdə (kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında) Kəngərli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2019-cu il tarixli, HAK473425 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 950 manat əsas, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu və 32 manat ödənilmiş dövlət rüsumu cəmi 1182 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini (kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında) mülki prosessual qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi elektron qaydada verilməmiş, iddia ərizəsində tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməmiş və cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. 284-3.2.4-cü maddəsinə əsasən iddia ərizəsində tələbin əsaslılığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar göstərilməlidir. 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməlidir. 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, İddiaçı MMC-nin iddia ərizəsi geri qaytarılmalı, habelə iddiaçı tərəfindən Kəngərli Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 32 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı MMC-nin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə xx.xx.2023-cü il tarixli ********** №-li qəbz əsasında ödədiyi 32 (otuz iki) manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı MMC-yə izah edilir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar