Məhkəmə qərarları › İş №2(125)-1011/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1011/2022

25.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1011/2022 25.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtoqəza nəticəsində avtomaşına vurulmuş maddi zərərin və əldən çıxmış qazancının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə ərizə verərək, cavabdehdən, törətmiş olduğu inzibati xəta nəticəsində ona məxsus olan VAZ 21074 markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı minik avtomaşınına vurduğu zərərin və ailəsinin maddi təminatı üçün əldən çıxmış bəhərlə birlikdə 2290(iki min iki yüz doxsan) manat məbləğində maddi zərərin və 43 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən törədilmiş inzibati xəta hadisəsinə qədər onu tanımamış və əvvəllər də aralarında narazılıqları olmamışdır. Cavabdeh, özünə məxsus VAZ 21214 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı Niva avtomaşını ilə xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində X2 ilə hərəkətdə olarkən sərt döngədə əks istiqamətli hərəkət zolağına çıxaraq həmin anda Şəmkir Atabəy istiqamətdə ona məxsus olan VAZ 21074 markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı minik avtomaşını ilə toqquşaraq AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə onun barəsində xx.xx.2022-ci il tarixli AP ******* №-li inzibati xəta haqqınla protokolu tərtib edilərək əməlində həmin maddənin tərkibinin olmasına görə barəsində xx.xx.2022-ci il tarixli TP ******* №-li İnzibati Tənbeh vermə haqqında qərar tərtib edilirək 60 manat inzibati cərimə edilmişdir. Həmin inzibati xəta hadisəsi nəticəsində cavabdeh idarə etdiyi avtomaşınla avtomaşınının sol hissəsinə vurub Azərbaycan Respublikası Şəmkir rayonu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ziyan aktında qeyd olunan hissələri yararsız hala salmaqla ümumilikdə avtomaşınına yararlı hala salınması üçün tələb olunan 1060(bir min altmış) manat məbləğində maddi ziyan vurmuşdur. Yəni, avtomaşınının aşağıda sadaladığı hissələri zədələnmişdir: Ön şüşə-1 ədəd, qiyməti 80 manat, sol qabaq qapı 1 ədəd qiyməti 200 manat, sol dal qapı 1 ədəd, qiyməti 150 manat, orta stoyka 1 ədəd qiyməti 70 manat, sol qabaq krılo-qanad-1 ədəd 70 manat, arxa krılonun-qanadın ayağı-1 ədəd qiyməti 10 manat, sol karniz 1ədəd qiyməti 30 manat, dəmirçinin əmək haqqı 200 manat, rəngsazın əmək haqqı 200 manat, cəmisi 1060 manat. Cavabdeh hadisə zamanı avtomaşınının sığortalandığı Ata Sığorta Şirkətini hadisə yerinə çağırmış, Sığorta təşkilatı tərəfindən baxış keçirilərək avtomaşınına yetirdiyi maddi zərərin tam halda deyil, 545(beş yüz qırx beş) manatını ödəyəcəkləri ona təklif edilmişdir. Ancaq, qeyd etdiyi kimi avtomaşınına cavabdeh tərəfindən yetirilmiş maddi zərərin tam ödənilməməsinə görə həmin təklifi qəbul etməmiş, cavabdehin özü isə könüllü olaraq sığorta ödənişindən əlavə qalan zərəri ödəməkdən imtina etmişdir. Ona görə cavabdehə qarşı bu tələblə iddia qaldırmalı olmuşdur. Bundan əlavə qeyd etmişdir ki, o həmin avtomaşın ilə ailəsinin maddi təminatını təmin etmək üçün taksi kimi fərdi qaydada fəaliyyət göstərək gün ərzində ən azından 15 (on beş) manat məbləğində qazanc əldə edirdi. Ancaq, cavabdehin törətdiyi həmin inzibati xəta nəticəsində avtomaşınına yetirilmiş zərərə görə avtomaşını istifadə üçün yararsız hala düşməklə ailəsinin maddi təminatını da ödəyə bilməmişdir. Nəticədə hadisədən bu günə qədər və məhkəmənin qanuni qüvvəsini alacaq qətnaməsinin çıxarılmasınadək ən qısa müddət üçün 82 (səksən iki) gün müddətində bir gün üçün 15 manat olmaqla cəmi 1230(bir min iki yüz otuz) manat ona maddi zərər yetirilməkdədir. Ona görə cavabdehdən məhrum olduğu həmin bəhərin də ödənilməsini tələb edir. Nəticə etibarı ilə cavabdehdən 1060 manat avtomaşınına vurulmuş maddi zərəri və işləməməsi ilə ailəsinin məhrum olduğu 1230 manat maddi ziyanın, ümumilikdə 2290(iki min iki yüz doxsan) manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, sığorta şirkətinin ödəməyi təklif etdiyi 545 manat pul ilə razılaşmayaraq özü maşını servisə aparmış və orada ona maşına dəymiş ziyanın 1060 manat olduğu bildirilmişdir. Sığorta şirkəti tərəfindən ona maşını təmir etmək təklif edilməmişdir. İddia tələbini müdafiə etdiyini bildirərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini qeyd edərək izahatında bildirmişdir ki, hadisədən sonra “Ata” sığorta şirkətinin işçiləri maşına baxış keçirmiş və maşına dəyən ziyanın 545 manat olduğunu müəyyən etmişdir. Onlar iddiaçıya təklif etmişlər ki, avtomaşını özləri təmir etdirsinlər. Ancaq iddiaçı buna razı olmamışdır. Bu bir daha onu sübut edir ki, iddiaçı əsassız olaraq dəymiş ziyanı şişirdib ondan əlavə pul almaq istəyir. Ona görə belə vəziyyətdə maşına dəyən ziyanın məbləğini müəyyən etmək üçün ekspertiza keçirilməlidir. İddiaçının 82 gün müddətində hər günü 15 manat olmaqla cəmisi 1230 manat pul tələb etməsinə gəlincə bu tamamilə əsassız tələbdir. Belə ki, iddiaçı özünün taksi fəaliyyəti ilə məşğul olduğunu göstərsə də, iddia ərizəsinə əlavə edilən sənədlərin içərisində onun vergi ödəyicisi olması ilə bağlı heç bir sənəd əlavə edilməmişdir. Ona görə də iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Mülki iş materiallarında olan: - AC seriyalı, 926718 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21074 markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı minik avtomobil İddiaçı mülkiyyətindədir. - xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh həmin tarixdə baş vermiş yol – nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü və 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. - "xxxx" MMC tərəfindən 08 aprel 2022-ci il tarixdə tərtib olunmuş ziyan aktının surətindən görünür ki, VAZ 21074 markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə vurulmuş zərərin məbləği 1060 manat təşkil edir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 52–1.1-ci maddəsinə əsasən zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə və yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. Həmin qanunun 52–1.2-ci maddəsinə əsasən, zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. Həmin qanunun 52–1.3-cü maddəsinə əsasən, yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir: İş materiallarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri ucbatından törənmişdir. İddiaçı ona dəymiş ziyanın sığorta şirkəti tərəfindən 545 manat qiymətləndirildiyini, həmin məbləğlə razı olmadığını, əslində isə ona dəymiş ziyanın 1060 manat olduğunu qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, “İcbari sığortalar haqqında” Qanunun 52–1.1-ci maddəsinə əsasən zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə və yolnəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə yolnəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. Göründüyü kimi qanunvericilik zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydiyi və yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olduğu halda, əgər zərər sığorta məbləği həddindədirsə, zərərçəkənin zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb etməsini müəyyən etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı VAZ 21074 markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı minik avtomaşınına vurduğu 1060 manat zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 1230 manat ailəsinin maddi təminatı üçün əldən çıxmış bəhərlə bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı VAZ 21074 markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı minik avtomaşını ilə gün ərzində ən azından 15 (on beş) manat məbləğində qazanc əldə etdiyini və avtomaşını istifadə üçün yararsız hala düşməklə ailəsinin maddi təminatını da, ödəyə bilməməsini qeyd etsə də, həmin halları təsdiqləyəcək halları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı iddia verilən günədək iddiaçıya məxsus avtomaşının yarasız vəziyyətdə qalmasının cavabdehin təqsiri ucbastından baş verməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də, əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı VAZ 21074 markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı minik avtomaşınına vurduğu zərərin və ailəsinin maddi təminatı üçün əldən çıxmış bəhərlə birlikdə 2290(iki min iki yüz doxsan) manat məbləğində maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar