Məhkəmə qərarları › İş №2(125)-103/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-103/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-103/2025 29.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1350 manat pulun və 4800 manat ziyanın alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2023-cü ilin əvvəllərində tanışı Mahirənin vasitəsilə Cavabdeh diş həkimi-stomotoloq kimi tanımış və həmin vaxtdan sonra Gəncə şəhəri, Azərittifaq ərazisində yerləşən diş kabinetinə gedərək dişlərinin müalicəsi və tam olaraq bərpa edilməsi üçün onunla danışan zaman onun dişlərini müayinə edərək, üst dişlərinin hamısının, alt dişlərinin isə 4 ədədinin düzələcəyini ona bildirmiş və ondan hər dişin düzəldilməsi üçün 50 manat alacağını bildirmiş və onunla razılaşmışdır. Bundan sonra ilkin olaraq tanışı Aynurədən 400 manat borc alaraq dişlərinin ümumilikdə müalicəsi və ilkin başlanğıc üçün Cavabdeh vermişdir. Daha sonra Cavabdeh ona bildirmişdir ki, dişlərinin ölçüsünü götürərək zakaz vermək üçün qalan məbləği verməlidir və bundan sonra o "Lombardcini" kredit evindən, yəni lombarddan xx.xx.2023cü il tarixdə 810 manat kredit götürərək, həmin məbləğin 650 manatını sövdələşmələrinə əsasən, ümumilikdə 21 ədəd dişin (50 manatdan, 21 ədəd diş=1050 manat) düzəldilməsi qarşılığında Cavabdeh vermiş və ümumilikdə 1050 manat pul vermişdir. Bundan sonra Cavabdeh ona bildirmişdir ki, əlavə olaraq qabaq alt-dişlərinin 6 ədədi düzəlməlidir və 6 ədəd diş üçün də əlavə olaraq 300 manat pul verməlidir. Həmin vaxt o, "Lombardcini" kredit evindən, yəni lombarddan xx.xx.2023-cü il tarixdə götürdüyü krediti xx.xx.2023-cü ildə yeniləyərək, götürdüyü üçün məcbur olub həmin kreditin bitməsini gözləmiş və kredit bitdikdən sonra faizi aşağı olduğu üçün Gəncə şəhəri, Sabir küçəsində yerləşən "xxxx" MMC-dən 732 manat pul götürərək, əlavə olaraq 300 manatını Cavabdeh vermişdir. Sonuncu 300 manatı verəndən sonra Cavabdeh alt-qabaq 6 ədəd dişlərinin guya sinir deyilən damarlarını çıxarmış və ona bildirmişdir ki, dişin üst qapaqları hazır olanda ona məlumat verəcək, həmin ərəfədə üst dişinin qapağı qopduğu üçün Cavabdeh işlədiyi kabinetə getmiş və həmin vaxt kabinetin qapısına kirayə elanı vurulduğunu görmüş və yenidən Mahirəni yığaraq Akşinin işlətdiyi digər nömrəsini alaraq onunla əlaqə saxlayan zaman ona bildirmişdir ki, “Başqa yer götürəcəm, ora hazır olanda gələrsən.” Bir neçə müddət onu belə aldatmış, daha sonra ona öz evində işlədiyini demişdir. Evində işləyən zaman üst dişini yerinə taxmış, bundan sonra alt dişlərinin düzəldilməsi üçün Akşinlə əlaqə saxlamaq istəyəndə zənglərini açmadığı üçün onun evinə getmişdir. Evinə gedən zaman anası bildirmişdir ki, Akşin Rusiyaya getmişdir. O, həmin vaxt Akşinin anasına bildirəndə ki, onun dişlərini yarımçıq qoyub, anası Samirə ona demişdir ki, 1 aydan sonra verdiyi pulu qaytaracaqdır. Daha sonra Akşinin anası pulu qaytarmayacağını bildirərək onu şantaj etməyə başlamış, Gəncə şəhər Baş Polis İdarəsinə etdiyi şikayətdən sonra həqiqətən də onların hər yerdə adamlarının olduğunu görmüşdür. Cavabdeh səhlənkarlığının nəticəsində o, sözün əsl mənasında ölümdən dönmüş və 4 aydan çox həkim müalicələrində olmuşdur. İddia ərizəsinə əlavə etdiyi bütün həkim reseptlərini alaraq orada qeyd edilən bütün dərman vasitələrini istifadə etmişdir. Hətta reseptdə yazılan iynənin birini vurdurduqdan sonra şok keçirmiş və uzun müddət müalicə götürəsi olmuşdur. Cavabdeh səhlənkarlıq edərək dişinə zəruri metal əvəzinə dəmir qoyduğu üçün qanına keçmiş zəhərlənməyə görə ümumilikdə 4 ay ərzində 4800 manatdan çox ziyana düşmüşdür. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, əlavə olaraq göstərdi ki, üst dişlərinin düzəldilməsi üçün 1050 manat, alt dişləri üçün isə 300 manat cavabdehə verdiyi puldan başqa əlavə xərcləri də olmuşdur, ancaq həmin xərclərə görə sübutları yoxdur. Cavabdehdən polisə şikayət etdikdən sonra anası 1100 manat pul vermiş, ancaq az olduğu üçün qəbul etməmişdir. Heç olmasa çəkdiyi xərclərin yarısını ödəməlidir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı 1050 manat pul vermiş, oğlu, hazırki iş üzrə cavabdeh Akşin Yusubov isə iddiaçının dişlərini düzəltmişdir. Bundan sonra oğlu Rusiyaya getmiş, iddiaçı 1 ildən sonra müraciət etmişdir ki, dişləri düzgün düzəldilməyib, 1350 manat pul verməsinə baxmayaraq alt dişlərinin düzəldilmədiyini demişdir. Oğlundan soruşmuş, oğlu da iddiaçının dişlərini düzəltdiyini demişdir. İddiaçı onları polisə verəcəyini demiş, ona görə də borca 1300 manat tapıb təklif etmiş, ancaq iddiaçı qəbul etməmiş, lombarddan pul götürdüyünə görə əlavə olaraq da pul vermələrini istəmişdir. Həmin pulu götürmədiyinə görə polis pulu onlara geri qaytarmışdır. İnfeksiyanı oğlu salmamışdır. İddiaçının özünün də xəstəliyi olmuşdur. Hazırda bağçada dayə işləyir, həmin məbləği yenidən təklif etmək üçün maddi imkanları yoxdur. Hətta iddiaçıya təklif etmişdirlər ki, dişlərini başqa həkimdə müalicə etdirsin, xərclərini qarşılasınlar, ancaq iddiaçı qəbul etməmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- X1 tərəfindən göstərilən xidmətlərə dair verilmiş qəbzlərin surətlərindən görünür ki, iddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə aparılmış müayinələrə görə 125 manat, 22 manat və 84 manat olmaqla, cəmi 231 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20/KEŞ nömrəli ekspert rəyindən görünür ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda üst çənədə adentiyanın, alt çənədə hissəvi adentiyanın, rentgenoqrammada 32-ci dişdə radikulyar kistanın olduğu, kanalların doldurulmadığı müəyyən edilmişdir ki, bu da aparılmış stomatoloji prosedurların düzgün yerinə yetirilməməsi ilə əlaqədar olmuşdur. Hazırda aşağı çənədə qalmış dişlərdə endodontik müalicəyə ehtiyac vardır. İddiaçı mütəxəssis müayinəsi zamanı onda “Çox formalı eksudativ eritema”nın olduğu müəyyən edilmişdir ki, bunun da aparılmış stomatoloji prosedurlardan sonra yaranması və müalicələr zamanı xəstənin damağına mikrob düşməsi istisna edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının dişlərinin düzəldilməsi üçün xidmət haqqı olaraq iddiaçıdan 1350 manat pul almış, lakin işi qüsurlu yerinə yetirdiyi üçün iddiaçı ödədiyi xidmət haqqı olaraq 1350 manat pulun və dişlərinin yanlış müalicəsi nəticəsində sonradan çəkdiyi 4800 manat əlavə xərcin geri qaytarılmasını tələb etmişdir. Cavabdehin nümayəndəsi də iddiaçının dişlərinin düzəldilməsinə görə 1050 manat pul verdiyini, sonradan iddiaçı şikayət etdikdə 1300 manat pul verməyi təklif etdiklərini, hətta başqa həkimdə müalicə etdirməsini, xərclərini də qarşılayacaqlarını təklif etmələrinə baxmayaraq, iddiaçının qəbul etmədiyini göstərmişdir. Sonda iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 1129.2-ci maddəsinə əsasən işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. MM-in 1132-ci maddəsinə əsasən malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. MM-in 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində 4800 manat zərər dəydiyini iddia etsə də, öz tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmişdir. Bununla yanaşı Məhkəmə Tibbi Ekspertizasının rəyindən müəyyən olunur ki, iddiaçının mütəxəssis müayinəsi zamanı onda “Çox formalı eksudativ eritema”nın olduğu müəyyən edilmişdir ki, bunun da aparılmış stomatoloji prosedurlardan sonra yaranması və müalicələr zamanı xəstənin damağına mikrob düşməsi istisna edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 1350 manat xidmət haqqı, 231 manat zərər olmaqla, cəmi 1581 (bir min beş yüz səksən bir) manat pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə ödənilməmiş 35,81 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1350 manat xidmət haqqı, 231 manat zərər olmaqla, cəmi 1581 (bir min beş yüz səksən bir) manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 35,81 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar