Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1042/2022 08.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin onu aldatması ilə bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsinə müraciət etmiş, iş üzrə təhqiqat orqanı tərəfindən iş başlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin istintaq idarəsinə gönədərlmişdir. İş üzrə istintaq aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmış və həmin qərardan şikayət verilmiş, müstəntiq Şahəddin Məmmədovun qərarı ləğv edilərək istintaqa qaytarılmış, hazırda iş üzrə yenə də cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu baxımdan cavabdehin onu aldadaraq aldığı qızıl əşyalarının dəyəri olan 15000 manat məbləğində pulun qaytarılmasına dair məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hazırda həmin qızıllar mövcud olmadığından və lombardda satıldığından onların dəyərini tələb etmək məcburiyyətindədir. Belə ki, cavabdeh onu aldadaraq alıb girov qoyaraq batırdığı qızıl ilə ona maddi ziyan vurmuş, həmin krediti götürməklə və qızıllarını batırmaqla əsassız olaraq varlanmışdır. Cavabdeh onun etibarından sui-istifadə etməklə aldadaraq pulunu mənimsəmişdir. Sonradan lombardla əlaqə saxladıqdan sonra cavabdehin ona məxsus girov qoyduğu qızıl-zinət əşyalarını 15000 manat dəyərində başqa şəxsə satdığı məlum olmuşdur. Həmin sübutlar hazırda lombarddadır və onların əldə olunması üçün məhkəməyə vəsatət təqdim edəcəkdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək İddiaçı məxsus dəyəri 3100 manat olan 583/585 əyar, 40 qram çəkidə 5 ədəd qolbaq, dəyəri 3380 manat olan 583/585 əyar, 55 qram çəkidə 6 ədəd boyunbağı, dəyəri 2800 manat, 583/585 əyar, 36 qram çəkidə 3 ədəd dəst (sırğa və üzük), dəyəri 2400 manat olan 583/585 əyar, 30 qram çəkidə 5 ədəd üzük, dəyəri 960 manat, 583 əyar, 12 qram çəkidə 3 ədəd kulon, dəyəri 960 manat 583/585 əyar, 12 qram çəkidə 2 cüt sırğa, dəyəri 800 manat 583 əyar, 15 qram çəkidə 1 ədəd saatdan ibarət qızıl-zinət əşyalarının naturada, bu mümkün olmadıqda isə həmin qızıl-zinət əşyalarının dəyəri olan 14400 manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil cavabdehin iştirakını təmin etmək üçün məhkəmə iclaslarının dəfələrlə təxirə salınmasına baxmayaraq cavabdehin məhkəmə iclaslarına gəlmədiyini bildirərək işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələblərinə əsasən iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçının mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib bildirdi ki, cavabdeh iddiaçının rəfiqəsi olmuşdur. 2019-cu ilin yay aylarında cavabdeh iddiaçıdan xahiş etmişdir ki, özünə məxsus olan qızılları ona versin, o lombarda qızıl-zinət əşyalarını girov qoyub borc götürəcək, iki aydan sonra isə borcu ödəyib onun qızıllarını qaytaracaqdır. Onlar birlikdə Gəncə mehmanxanasının yaxınlığında yerləşən lombarda getmiş və Gülnar ondan iddia ərizəsində qeyd edilmiş qızıl-zinət əşyalarını götürərək lombardda girov qoymuş, 6400 manat pul götürmüşdür. Üstündən bir müddət keçdikdən sonra iddiaçı Gülnardan qızıllarını nə vaxt qaytaracağını soruşmuş, cavabdeh isə qızılları yaxın vaxtlarda qaytaracağını bildirmişdir. Bundan sonra da cavabdeh iki dəfəyə iddiaçıdan əlavə olaraq bir qızıl saat, bir qızıl dəsti və bir qadın bilərziyi lombardda girov qoyub pul götürmək üçün almışdır. Lakin cavabdeh həmin qızılzinət əşyalarının heç birini qaytarmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin məhkəmənin sorğusuna verdiyi 25 oktyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmış, borclu müqavilədən irəli gələn öhdəlikləri icra etmiş və bu səbəbdən xx.xx.2020-ci il tarixli girov müqaviləsinə əsasən borcluya məxsus qızıl əşyaları xx.xx.2020-ci il tarixli aktla borcluya qaytarılmışdır. İş materiallarına əlavə edilmiş 13 iyul 2020-ci il tarixli, 1823 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 24 ay müddətinə 7512 manat məbləğində kredit verilmişdir. Müqavilədə vaxtı ötmüş kreditlər üzrə faiz aylıq 6 faiz dərəcəsi ilə ödənilməsi nəzərdə tutulmuşdur. Kredit müqaviləsinə əlavə edilmiş 13 iyul 2020-ci il tarixli, 1823 nömrəli aktın surətindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-yə girov qoyulmuş 5 ədəd qızıl qolbaq, 6 ədəd qızıl boyunbağı, 3 ədəd sadə kulon, 3 ədəd sadə dəst, 5 ədəd qızıl üzük və 2 cüt sadə qızıl sırğadan ibarət çəkisi 185 qram olan 32 ədəd qızıl əşyaları 8000 manat dəyərində qiymətləndirilmişdir. Aktda 09 dekabr tarixində girov qoyulmuş əşyaların Cavabdeh tərəfindən təhvil alınması barədə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş, Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X1 verdiyi izahatında cavabdeh bildirmişdir ki, Dilşad ilə rəfiqə olmuş, 2019-cu ilin yay aylarında ona pul lazım olduğu üçün Dilşaddan ona köməklik etməsini xahiş etmişdir. Dilşaddan xahiş etmişdir ki, özünə məxsus olan qızıl-zinət əşyalarını müvəqqəti olaraq lombarda girov qoyub pul götürmək üçün ona versin. Dilşad ilə aralarındakı səmimi münasibətə görə Dilşad ona etibar edib müxtəlif formalı qızıl-zinət əşyalarını ona vermiş və o da Dilşad ilə birlikdə gedib Gəncə mehmanxanasının yanındakı lombarda həmin qızılları girov qoyub 4400 manat pul götürmüşdür. Təxminən iki ay sonra Dilşadla birlikdə lombarda gedib təqribən 1000 manat pul ödəyərək qızılların az bir hissəsini çıxarıb ona qaytarmışdır. 2019-cu ilin payız aylarında ona yenə pul lazım olduğu üçün yenidən qızıl-zinət əşyalarını verməsi üçün Dilşada müraciət etmiş, Dilşad da ona etibar edərək daha əvvəl girovdan çıxardığı qızılları və başqa qızıl əşyaları da ona vermişdir. O da Dilşadla birlikdə lombarda gedib qızıl əşyaları girov qoyaraq 2000 manat da kredit götürmüşdür. 2020-ci ilin əvvəllərində Dilşaddan bir ədəd qızıl saat götürüb həmin saatı əvvəlki lombardın yanında başqa bir lombarda girov qoyub 500 manat pul götürmüşdür. Daha sonra pandemiya ilə əlaqədar olaraq işləyə bilmədiyi üçün həmin qızılları girovdan çıxara bilməmiş və ödənişlərdə gecikmələr olmuşdur. Dilşadgil həmin qızılları öz hesablarına ödəniş edərək girovdan azad etmişlər. O, Dilşaddan ümumilikdə 185 qram qızıl-zinət əşyalarını borc kimi alıb girov qoyub pul götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin 22 noyabr 2022-ci il tarixli 0265 nömrəli rəyindən görünür ki, 5 ədəd qolbaq 583/585 əyar, 40 qram-3100 ( üç min yüz) manat, 6 ədəd boyunbağı 583/585 əyar, 55 qram-3380 (dörd min üç yüz səksən) manat, 3 ədəd dəst (sırğa və üzük) 583/585 əyar, 36 qram-2800 (iki min səkkiz yüz səksən) manat, 5 ədəd üzük 583/585 əyar, 30 qram- 2400 (iki min dörd yüz) manat, 3 ədəd kulon 583 əyar 12 qram-960 (doqquz yüz altmış) manat, 2 cüt sırğa 583/585 əyar 12 qram-960 (doqquz yüz altmış) manat, 1 ədəd saat 583 əyar, 15 qram - 800 (səkkiz yüz) manat olmaqla, ümumilikdə həmin qızıl-zinət əşyalarının bazar qiyməti 14400 (on dörd min dörd yüz) manat təşkil edir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya məxsus olan qızılzinət əşyalarını ondan alaraq Kredo-2020 MMC-yə məxsus olan lombarda girov qoymuşdur. Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində verdiyi izahatında girov qoyulmuş qızıl-zinət əşyalarını iddiaçıdan aldığını və ona qaytarmadığını etiraf etmişdir. Bununla yanaşı, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etmiş və bu səbəbdən girov qoyulmuş qızıl əşyaları 09 dekabr 2020-ci il tarixdə özünə qaytarılmış, lakin cavabdeh həmin qızıl-zinət əşyalarını iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Göründüyü kimi, iddiaçının özünə məxsus olan və cavabdehə verdiyi qızıl-zinət əşyaları cavabdehin qanunsuz sahibliyindədir. Cavabdeh həmin qızıl-zinət əşyalarını iddiaçıya qaytarmalı olduğu halda öz vədinə əməl etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan qızıl-zinət əşyaları naturada, bu mümkün olmadıqda isə onların dəyəri cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 238-245, 357-360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan, dəyəri 3100 manat olan 583/585 əyar, 40 qram çəkidə 5 ədəd qolbaq; dəyəri 3380 manat olan 583/585 əyar, 55 qram çəkidə 6 ədəd boyunbağı; dəyəri 2800 manat, 583/585 əyar, 36 qram çəkidə 3 ədəd dəst (sırğa və üzük); dəyəri 2400 manat olan 583/585 əyar, 30 qram çəkidə 5 ədəd üzük; dəyəri 960 manat, 583 əyar, 12 qram çəkidə 3 ədəd kulon; dəyəri 960 manat, 583/585 əyar, 12 qram çəkidə 2 cüt sırğa; dəyəri 800 manat 583 əyar, 15 qram çəkidə 1 ədəd saatdan ibarət qızıl-zinət əşyaları naturada, bu mümkün olmadıqda isə onların dəyəri alınıb İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-1042/2022
Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-1042/2022
08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver