Məhkəmə qərarları › İş №2(125)-1049/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1049/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1049/2024 05.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-in cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10352,65 manat əsas, 1516,27 manat faiz, 305,37 manat cərimə olmaqla, cəmi 12174,29 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 126,93 manat məbləğində vəsaitin xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı "xxxx" KB ASC-in nümayəndəsi Türkan Piriyeva məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 24 ay müddətinə illik 23% ödəmək şərtilə 12000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşdürlər. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdirlər. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixinə 10352,65 manat əsas, 1516,27 manat faiz, 305,37 manat cərimə olmaqla, cəmi 12174,29 manat kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli, 2568micGNDJ/22-EM nömrəli əsas kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 120 ay müddətinə, xx.xx.2022-ci il tarixinədək, illik maksimum 32% olmaqla, 300000 manat məbləğində kredit xətti ayrılmış, kreditin verilməsi həmin müqavilə çərçivəsində əlavə kredit müqaviləsi bağlanılması ilə şərtləndirilmişdir. xx.xx.2022-ci il tarixli, 2568micGNDJ/22 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında 24 ay müddətinə, xx.xx.2024-cü il tarixədək, illik 23% ödəmək şərtilə 12000 manat pulun verilməsi ilə bağlı müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli, 2568micGNDJ/22 nömrəli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixli, 2568micGNDJ/22-EM nömrəli əsas kredit müqaviləsi və onun çərçivəsində bağlanacaq əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi tərəflər arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdürlər. xx.xx.2023-cü il tarixli maliyyə arayışında Cavabdeh1 "xxxx" KB ASC-yə 10352,65 manat əsas, 1516,27 manat faiz, 305,37 manat cərimə olmaqla, cəmi 12174,29 manat borcu qaldığı göstərilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin anlayışından və formasından bəhs edən yuxarıda qeyd olunan qanunvericiliyin normasından görünür ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin iddiaçı cavabdehə 12000 manat məbləğində kertid verildiyini iddia etsə də, həmin məbləğdə pulun cavabdehə verilməsinə dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı öz tələbinin əsası kimi hesabdan çıxarış və maliyyə arayışını təqdim etmişdir. Həmin sübutlar birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan mötəbər sübutlar kimi qəbul edilə bilməz. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı "xxxx" KB ASC-in cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 10352,65 manat əsas, 1516,27 manat faiz, 305,37 manat cərimə olmaqla, cəmi 12174,29 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 126,93 manat məbləğində vəsaitin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı "xxxx" KB ASC-in cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 10352,65 manat əsas, 1516,27 manat faiz, 305,37 manat cərimə olmaqla, cəmi 12174,29 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 126,93 manat məbləğində vəsaitin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar