Məhkəmə qərarları › İş №2(125)-1058/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1058/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1058/2022 31.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 və Cavabdehnın iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyin Cavabdeh qarşı “itirilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “itirilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 432 manat məbləğində borcun və 30,40 manat dövlət rüsumunun tutularaq “Azəriqaz” İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” X1 X3 İdarəsi ilə cavabdeh Cavabdeh (kod:**********00570) arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli FR-302 saylı müqavilə bağlanmışdır. Müqavilənin 2.2.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.). Belə ki, Gəncə X3 İdarəsinin əməkdaşları tərəfindən cavabdeh Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilərək dəyişdirilmiş və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının MSK 29/1710-04366-1 saylı rəyinə əsasən sayğaca ümumi baxış keçirilmişdir. Belə ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən Dövlət yoxlayıcısıın (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün tamamilə sınıq olduğu müəyyən edilmişdir. Bundan sonra həmin rəyin əsasında itirilmiş qazın hesablanması üçün xx.xx.2021-ci il tarixdə №0322515 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmışdır. Hesabatın nəticələrinə əsasən G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 4320 m3 hesabat aparılmaqla 432 manat dəyərində dəymiş ziyan hesablanmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, ona məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının istismar müddəti bitdiyindən sayğac sökülmüş və sayğac sökülən zaman birliyin əməkdaşına sayğacın zədələnməməsi üçün ehtiyatlı olmasını tapşırmış, əməkdaşlar isə ona narahat olmamasını, digər qonşuların da sayğaclarını söküb aparacaqlarını bildirmişlər. Onun evindəki quraşdırılmış sayğac özünün iştirakı ilə sökülmüş, lakin ona heç kim sayğacın ekranının sınıq vəziyyətdə olmasını irad bildirməmişdir. Ola bilsin ki, sayğac laboratoriyaya aparılan zaman sınmışdır. O, sayğaca heç bir müdaxilə etməmiş, ona əsassız olaraq borc hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan «Azəriqaz» X1 X5 İdarəsi ilə cavabdeh arasında bağlanmış 15 oktyabr 2021-ci il tarixli FR-302 saylı müqavilənin surətindən görünür ki, «Azəriqaz» X1 X5 İdarəsi istehlakçını keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini sayğacın göstəricisinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı kimi qeydə alınmış Cavabdeh yaşadığı ünvanda quraşdırılmış 09AZ**********6 nömrəli qaz sayğacı yeni sayğacla əvəz olunmuşdur. Əvəzləmənin səbəbi kimi sayğacın istismar müddətinin bitməsi göstərilmişdir. İş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktdan məlum olur ki, 09AZ********** nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyü tamamilə sınıqdır. Dəymiş ziyan 4320 m3 hesablanmışdır. Akta əlavə edilmiş laboratoriya müayinəsinin nəticələrinə dair çıxarışdan görünür ki, 09AZ********** nömrəli sayğaca baxış keçirilmiş, müəyyən edilmişdir ki, sayğacın klapanı işlək deyil, yivli birləşmələr korroziyaya uğrayıb, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü tamamilə sınıqdır, hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. İş materiallarına əlavə edilmiş 23 dekabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən məlum olur ki, itirilmiş qazın bərpası üçün tələblər müəyyən edilmiş və itirilmiş qazın həcmi 4320 m3 hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər 09AZ**********6 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. İddiaçı bilavasitə cavabdehin yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. İddiaçı bu hərəkətini cavabdeh tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Lakin, iş materiallarından göründüyü kimi 09AZ**********6 nömrəli qaz sayğacı çıxarılarkən aktda sayğacın hesablama ekranının sınıq olması ilə bağlı heç bir qeyd aparılmamışdır. İddiaçı tərəf istehlakçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğacın müdaxilə olunmadan zədələnməsinə görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. İddiaçı tərəf sayğacın hesablama mexanizminə maneə törədilməsinin mümkün olması barədə laboratoriya müayinəsinin nəticəsinə istinad etsə də, həmin müayinənin nəticəsində də bu hal yalnız ehtimal edilmiş, konkret olaraq sayğacın hesablama mexanizminə müdaxilənin olması təsdiq edilməmişdir. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcının üzərinə düşdüyündən məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən 4320 m3 itirilmiş təbii qaz üçün 432 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Buna görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar