Məhkəmə qərarları › İş №2(125)-107/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-107/2025

22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-107/2025 22.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (qızı) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə edilən qəsdə son qoyulması və vurulan ziyanın ödənilməsi tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun mülkiyyətinə edilən qəsdə son qoyulması, mənzilinin təmiri üçün 5000 manat pulun və onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, bina 147, 32 saylı mənzil ona məxsusdur. Cavabdeh məxsus mənzil onun mənzilindən bir mərtəbə yuxarıdadır. Onun mənzili binanın 2-ci mərtəbəsində, cavabdehin mənzili isə 3-cü mərtəbədə yerləşir. Onun uzun illər mütəmadi olaraq axıtdığı çirkab sularının təsirindən mənzilinin otaqlarının, mətbəxin, sanitar qovşağının və dəhlizinin divarlarında aşınma əmələ gəlmiş, suvaqları qopub tökülmüşdür. Mənzilində olan bütün paltarlar, yorğan-döşək və xalçalar, mətbəxdəki qab-qacaq su altında qalmışdır. Su o qədər axmışdır ki, mənzilin döşəməsi qalxmış, birinci mərtəbəyə də su sızmışdır. Mənzilinə axıdılan su evdə rütubət və pis qoxu yaratmışdır. Ona görə də mənzildə yaşamaq mümkün deyildir. Məcbur olub oğlu Anarın evinə yığışıb orada yaşayırlar. O, bu barədə cavabdehə iradını dəfələrlə bildirsə də heç bir nəticəsi olmamışdır. Bu barədə Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nə etdiyi müraciətlə əlaqədar oradan əməkdaşlar gəlib, yerində vəziyyətlə tanış olmuş, bu barədə xx.xx.2024-cü il tarixdə Akt tərtib etmişlər. Cavabdehin yaratdığı bu vəziyyət onların sağlamlıqlarına da mənfi təsir göstərir. Sanitariya və gigiyena nöqteyi nəzərdən də bu dözülməzdir. Cavabdeh onun mənzilinə vurduğu ziyanı aradan qaldırmalıdır. Mənzilə vurulan ziyanı usta 5000 manat qiymətləndirmişdir. Bundan başqa ev əşyalarına da ziyan dəymişdir. Beləliklə, o, dəfələrlə cavabdehə müraciət edərək onun mənzilinə edilən qəsdə son qoymasını xahiş etmiş, lakin o, bu barədə heç bir tədbir görməmişdir. O, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh sonradan öz evində təmir işləri aparmışdır, ona görə də hazırda onun mənzilinə su sızmır. Ancaq onun mənzilinə maddi ziyan dəymişdir, ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun yaşadığı mənzildən iddiaçının mənzilinə su axmır. İddianı əsassız hesab edir və qeyd edir ki, iddiaçının mənzili təmirsiz mənzildir, həmin mənzildə yaşayan yoxdur və o, həmin mənzili təmir etdirməyə borclu deyildir. Sonda cavabdeh ona qarşı irəli sürülən iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi-qızı Nümayəndə iştirak etmiş və iddianın əsassız olduğunu bildirib, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, ekspert ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu gündən 1 ay ərzində və yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə göndərir. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. İş materiallarına əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanlı mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5165 saylı 11 oktyabr 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı müılkiyyətində olan ünvan 1 ünvanlı mənzilə həmin mənzillə eyni proyeksiyada olan və binanın ikinci mərtəbəsində yerləşən 34 saylı mənzildən su axdığı və nəticədə 32 saylı mənzilin yaşayış otağı və mətbəx tikilisinə ziyan vurulduğu, həmin qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 3967 manat məbləğində müəyyən olunmuşdur. Həmin rəyə əlavə edilən ekspertiza tədqiqatlarına dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğini təşkil edir. Bundan başqa, iş məhkəmədə baxılarkən məhkəmə tərəflərin iştirakı ilə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanlı mənzilə yerində baxış keçirilmiş və baxış zamanı müşahidə edilmişdir ki, həmin mənzildə uzun illər heç bir təmir işləri aparılmamışdır, mənzil tam təmirsiz vəziyyətdədir və mənzildə yaşayış yoxdur. Həmçinin iddiaçı məhkəməyə bildirmişdir ki, cavabdeh sonradan öz evində təmir işləri aparmışdır, ona görə də hazırda onun mənzilinə su sızmır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanlı mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdeh isə həmin mənzillə eyni proyeksiyada olan və binanın ikinci mərtəbəsində yerləşən 34 saylı mənzildə yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5165 saylı 11 oktyabr 2024-cü il tarixli ekspert rəyi ilə İddiaçı müılkiyyətində olan ünvan 1 ünvanlı mənzilə həmin mənzillə eyni proyeksiyada olan və binanın ikinci mərtəbəsində yerləşən 34 saylı mənzildən su axdığı və nəticədə 32 saylı mənzilin yaşayış otağı və mətbəx tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Ekspert rəyində qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 3967 manat məbləğində olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 101-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan həmin mənzilin təmiri üçün ekspert rəyində müəyyən edilən 3967 manat məbləğində vəsaitin tam olaraq cavabdehdən tutulması üçün əsaslar yoxdur. Məhkəmə bu qənaətlərini onunla əsaslandırır ki, iş məhkəmədə baxılarkən məhkəmə tərəflərin iştirakı ilə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanlı mənzilə yerində baxış keçirilmiş və baxış zamanı müşahidə edilmişdir ki, həmin mənzildə uzun illər heç bir təmir işləri aparılmamışdır, mənzil tam təmirsiz vəziyyətdədir və mənzildə yaşayış yoxdur. Beləliklə, mənzilin müşahidə edilməsindən belə nəticə müəyyən olunur ki, mənzilin təmirzis vəziyyətdə olmasının cavabdehin yaşadığı mənzildən su sızması ilə qismən səbəbli əlaqəsi olsa da, təmirsizlik tam olaraq cavabdehin yaşadığı mənzildən su sızması nəticəsində əmələ gəlməmişdir. Mənzilin divarlarında uzun illər bundan əvvəl aparılmış təmir işləri mənzildə yaşayış olmadığından və vaxtaşırı cari təmir işləri aparılmaması nəticəsində belə vəziyyətə düşmüşdür. Bununla bərabər, məhkəmə hesab edir ki, cavabdeh mənzildə olan elektrik xətləri və parket döşəməsinin sıradan çıxmasına görə maddi məsuliyyətə cəlb oluna bilər. Belə ki, məhkəmə həmin hissədə ekspert rəyini işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edərək, hesab edir həmin qüsurlar məhz cavabdehin mənzilindən axan su sızması nəticəsində yaranmışdır. Ekspert rəyində isə mənzildə olan elektrik xətlərinin bərpası üçün 400 manat, yararsız hala düşmüş parket döşəməsinin yenilənməsi üçün isə ümumilikdə 1280 manat vəsaitin tələb olunduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu zərərin miqdarı (400+1280)=1680 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyinin maddi ziyanla bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edilən normaları baxımından iddia tələbi ilə bağlı qeyd edir ki, iddia qismən təmin edilməli, iddiaçının mənzilində olan elektrik xətlərinin bərpası üçün 400 manat, yararsız hala düşmüş parket döşəməsinin yenilənməsi üçün isə ümumilikdə 1280 manat olmaqla, cəmi 1680 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qərar qəbul edilməlidir. Qalan hissələrdə iddianın təmin edilməsi üçün əsas yoxdur. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərərfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5165 saylı 11 oktyabr 2024-cü il tarixli ekspert rəyinə əlavə edilən ekspertiza tədqiqatlarına dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğini təşkil edir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 33.6 manat hissəsi Cavabdeh alınıb,İddiaçı verilməlidir. Bundan başqa, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manatın 33,2 manat hissəsi İddiaçı, qalan 16,8 manat hissəsi isə Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı müılkiyyətində olan ünvan 1 ünvanlı mənzilə vurulan ziyana görə 1260 (bir min iki yüz altmış) manat məbləğində pul Cavabdeh alınaraq, İddiaçı verisin. Qalan hissədə iddia əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 33,6 (otuz üç) manat 60 qəpik məbləğində pul Cavabdeh alınaraq İddiaçı verisin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manatın 33,2 (otuz üç) manat 20 qəpik hissəsi İddiaçı, qalan 16,8 (on altı) manat 80 qəpik hissəsi isə Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar